Azərbaycanlı siyasi məhbus Səyyad Məhəmmədian məzuniyyətə buraxılıb

14-02-2025, 15:24           
Azərbaycanlı siyasi məhbus Səyyad Məhəmmədian məzuniyyətə buraxılıb
İranın Kərəc şəhərinin Fərdis (Kəçuyi) həbsxanasında 6 aylıq həbs cəzası çəkən azərbaycanlı siyasi məhbus Səyyad (Ovçu) Məhəmmədian ikinci dəfə məzuniyyətə buraxılıb.

Demokratlar, Araz News və AZOH media orqanlarının yaydığı məlumata görə, türk fəal Səyyad Məhəmmədian 12 fevral tarixində üç günlük məzuniyyətə buraxılıb və 15 fevralda yenidən həbsxanaya qayıdacaq.

İranda məhbuslara məzuniyyət adətən girov qarşılığında və cəza müddətinin bir hissəsini çəkdikdən sonra verilir.

O bundan öncə, 13 yanvar tarixində də üç günlük məzuniyyətə buraxılmışdı.

Səyyad Məhəmmədian ötən ilin sentyabr ayında Kərəc İnqilab Məhkəməsi tərəfindən "rejimə qarşı təbliğat fəaliyyəti göstərmək" ittihamı ilə 6 ay həbs cəzasına məhkum edilmiş və 25 noyabrda hökmün icrası üçün Kərəc Fərdis (Kəçuyi) həbsxanasına köçürülmüşdü.

O, ötən ilin may ayında Kərəcin Yengi İmam kəndində təhlükəsizlik qüvvələri tərəfindən həbs olunmuşdu. Təhlükəsizlik qüvvələrinin təcridxanasında dindirilmə prosesi başa çatdıqdan sonra Kərəc Mərkəzi Həbsxanasına köçürülüb və sonra isə iyun ayında 700 milyon tümən mülki zəmanət qarşılığında müvəqqəti azadlığa buraxılmışdı.

Daha sonra o, Kərəc şəhərinin 1 saylı Ümumi və İnqilab Məhkəməsi tərəfindən həbs cəzasına məhkum edilib.

Səyyad Məhəmmədian uzun illərdir azərbaycanlıların hüquqlarını müdafiə etmək məqsədilə dinc fəaliyyətlərini davam etdirir. O, dəfələrlə həmin fəaliyyətlərinə görə təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub, təzyiq və təqiblərə məruz qalıb. O, əslən Qərbi Azərbaycanın Qoşaçay (Miyandab) şəhərindəndir və hazırda Tehranın yaxınlığında yerləşən Əlburz vilayətində yaşayır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.