İran Azərbaycanının Sayınqala şəhərində 70 qız şagird qaz sızmasından zəhərlənib

18-02-2025, 17:24           
İran Azərbaycanının Sayınqala şəhərində 70 qız şagird qaz sızmasından zəhərlənib
Fevralın 17-də Qərbi Azərbaycanın Sayınqala şəhərində yerləşən bir məktəbdə təbii qazın istilik sistemindən sızması nəticəsində 70 qız şagird zəhərlənib.

Məhr xəbər agentliyinin məlumatına görə, hadisədən bir gün keçməsinə baxmayaraq, 21 şagird hələ də xəstəxanada müalicə alır.

Qərbi Azərbaycan Təcili Tibbi Yardım Xidmətinin rəhbəri Fərzin Rizazadə bildirib ki, 49 şagird xəstəxanadan evə buraxılıb, lakin 21 nəfər hələ də xəstəxanadadır. Onun sözlərinə görə, xəstə şagirdlərin vəziyyəti yaxşılaşır.

Sayınqala (Şahindej) şəhərində yerləşən Pərvin Etisami məktəbində zəhərlənənlər arasında bir müəllimin də olduğu və onun hələ də xəstəxanada müalicə aldığı bildirilir.

İranda məktəblərin vəziyyəti ciddi narahatlıq doğurur. Hər il istilik sistemlərinin qeyri-standart olması və ümumiyyətlə məktəb binalarının köhnəlməsi səbəbindən qaz sızması və digər fəlakətli hadisələrlə bağlı xəbərlər yayılır.
Bundan əvvəl 2012-ci il Qərbi Azərbaycan vilayəyində yerləşən Şinabad kəndinin məktəbində baş verən yanğın nəticəsində 29 şagird yanıq xəsarətləri almış, onlardan ikisi həyatını itirmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.