Zəncanda tibb bacıları maaş azlığına görə aksiya keçirib
Bu gün, 15:44

Zəncan vilayətinin bir qrup tibb bacısı və tibb işçiləri fevralın 22-də maaşlarının azlığı və ödənişlərin gecikdirilməsinə etiraz olaraq valilik binası qarşısında aksiya keçiriblər.
İLNA xəbər agentliyinin məlumatına görə, etirazçılar aşağı tariflərə, maaş və gecikmiş ödənişlərin verilməməsinə, eləcə də "ədalətsiz" adlandırdıqları əməkhaqqına etiraz edirlər.
Sosial mediada yayılan görüntülərdə etirazçıların kəskin soyuğa baxmayaraq, tələblərini ifadə etmək üçün toplaşdığı görünür.
Tibb bacıları və təcili yardım işçiləri maaş ödəniş sisteminin islah olunmasını və əməkhaqlarının ədalətli şəkildə artırılmasını tələb edirlər.
Son aylarda İranın müxtəlif şəhərlərində tibb işçilərinin dolanışıq problemlərinə və aşağı maaşlara etiraz olaraq oxşar aksiyalar keçirilib.
Bundan əvvəl də bu vilayətdə tibb bacılarının maaşlarının uzun müddət gecikməsi ilə bağlı xəbərlər yayımlanmışdı.
Ümumiyyətlə, İranda tibb bacılarının iş şəraitindən narazılığı geniş yayılıb. Bu narazılıq onların xaricə miqrasiyasının artması və mütəmadi etiraz aksiyaları ilə özünü göstərir.