Məhkəmə türk dil haqları fəallarının sürgün cəzasının bir hissəsini pul cəriməsi ilə əvəzləyib
Bu gün, 16:18

İranda azərbaycanlı fəallar Behnam Şeyxi və Həmid Mənafi Nadarlının iki illik sürgün cəzasının bir hissəsi pul cəriməsi ilə əvəz edilib. Tehranın Baharistan rayonunun hökmlərin icra şöbəsi fəallara məhkəmə hökmünün 200 milyon rial məbləğində cərimə ilə dəyişdirildiyini bildirib.
Bu barədə HRA agentliyi və Günaz TV xəbər yayıb.
Behnam Şeyxi və Həmid Mənafi daha əvvəl məhkəmə qərarı ilə müvafiq olaraq Xuzistan vilayətinin Məscidi-Süleyman və Luristan vilayətinin Əznə şəhərlərinə sürgün edilmişdilər. Onlar 2021-ci ilin avqust və 2023-cü ilin iyun ayı tarixlərində sürgün yerlərinə göndərilmiş və cəzanın bir hissəsini çəkmişdilər.
2014-cü ildə türk dil haqları fəalları Behnam Şeyxi, Həmid Mənafi, Əkbər Azad və Əlirza Fərşi Beynəlxalq Ana Dili Gününü qeyd etdiklərinə görə həbs olunmuşdular.
2017-ci ildə Baharistan İnqilab Məhkəməsi onları “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə qrup yaratmaq” ittihamı ilə 10 il həbs və 2 il sürgün cəzasına məhkum etmişdi.
Apellyasiya məhkəməsi daha sonra hökmü yüngülləşdirərək cəzanı 2 il həbs və 2 il sürgün ilə məhdudlaşdırmışdı. Həbs müddətini başa vurduqdan sonra azadlığa buraxılan Behnam Şeyxi və Həmid Mənafinin sürgün cəzasının qalan hissəsi isə indi pul cəriməsi ilə əvəz edilib.