İstanbul-San-Fransisko aviareysində ölən sərnişinin meyiti müəmmalı şəkildə yoxa çıxıb
Dünən, 15:58
Təyyarə ilə İstanbuldan San-Fransiskoya uçarkən ölən sərnişinin meyiti müəmmalı şəkildə yoxa çıxıb.
Oxu.Az bu barədə KTLA portalına istinadla xəbər verir.
Məlumata görə, iyulun 13-də Qrenlandiya üzərində uçuş zamanı sərnişinlərdən birinin halı pisləşib. Göyərtədəki həkimlər kişiyə kömək etməyə çalışsalar da, onu xilas edə bilməyiblər. Təyyarənin kapitanı Çikaqo hava limanında təcili eniş etmək qərarına gəlib.
Qaydalara görə, meyit yerli morqa təhvil verilməli idi. Amma morq nümayəndələri heç bir meyitin daxil olmadığını deyiblər. Eyni zamanda, "Turkish Airlines" şirkəti mərhumun yaxınları da daxil olmaqla bütün sərnişinlərin digər reyslərlə San Fransiskoya çatdıqlarını təsdiqləyib.
Sərnişinin meyitinin yoxa çıxması ilə bağlı araşdırmalara davam edir.