Kərkükdə “bayraq böhranı” dərinləşir

6-04-2017, 10:34           
Kərkükdə “bayraq böhranı” dərinləşir
Artıq bir neçə gündür ki, İraqın Kərkük şəhərində regional Kürd Rəhbərliyinin bayrağının dövlət idarələrinə asılması ilə bağlı böhran yaşanır. İraq Kürd Muxtar Vilayətinin bayrağı Kərkükdəki rəsmi təşkilat binalarından asılmaqla yanaşı, Kərkük Məclisi şəhərin İraq Kürd Muxtar Vilayətinin tərkibinə daxil edilməsi haqda səsvermə keçirilməsinə qərar verib. Kərkük Vilayət Məclisinin sədri Rebivar Tələbani İraq Məclisinin şəhərdəki dövlət orqanlarına yalnız İraq bayrağı asılması qərarının tətbiq edilməyəcəyini bildirib. O, buna əsas olaraq İraq Federal Məhkəməsi tərəfindən Məclisdən alınan hər bir qərarın tətbiq olunma şərtinin qoyulmadığını göstərib. Qərar Kərkükdəki türkmanlar tərəfindən etirazla qarşılanıb. Məsələyə ən sərt reaksiya isə rəsmi Ankaradan daxil olub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Kərkükdə milli bayraqdan başqa bir bayrağın asılmasını yanlış hesab edir: "Oradakı bayrağın sahibləri bilsinlər ki, separatçılıq edirlər. Mən İraq Kürd Muxtar Vilayətinin (İKMV) rəhbərliyinə səslənirəm: Bu, yanlış addımı atmayın! Hətta İraq hökuməti də bunun doğru olmadığını açıqladı. Biz də eyni şəkildə buradan xəbərdarlıq edirik! Çünki biz "Kərkük kürdlərindir” cəfəngiyatına inanmırıq. Kərkük türkman, ərəb və kürdlərindir. "Bizimdir” deyib hansısa iddiada olmağın cəzası çox ağır olar: Türkiyə ilə münasibətləriniz pozular. Dərhal bayraqlarınızı endirib, İraqın milli bayrağı ilə yola davam edin. Yoxsa gəldiyimiz nöqtədən geri addım atmaq məcburiyyətində qalarsınız. Kərkükün bir türkmən şəhəri olduğunu bilirik. Kürdlərin orada gördüyü iş bir işğal hərəkətidir. Şimali İraq rəhbərliyinə "səhv edirsiniz” çağırışı etdim”.

Türkiyə XİN də aprelin 5-də müvafiq bəyanat yayıb: "Kərkük Vilayət Məclisinin Kərkükün statusuna dair referendum keçirilməsi məsələsini gündəmdə saxlamağa cəhd edən qərarı, ictimai əmin-amanlığı təhdid edən son dərəcə təhlükəli bir addımdır. Kərkükün əsas əhalisi olan türkmən və ərəblərin iştirak etmədiyi toplantıda qəbul olunan bu qərarın legitimliyi yoxdur”.

Ardınca Türkiyənin İraqdakı səfiri Fatih Yıldız da bayraq olayı ilə bağlı İraq Nümayəndələr Məclisində görüş keçirib. Səfir ictimai media üzərindən paylaşdığı şərhdə bildirib: "İraq Türkmən Cəbhəsilə yanaşı, kərküklü ərəb və kürd millət vəkillərilə də görüşdüm. Kərkükdə rəsmi binalara İraq Kürd Regional Rəhbərliyi bayrağının məcburi şəkildə asılmasından duyduğumuz narahatlığı dilə gətirdim. Türkiyə İraqın daxili işlərinə hörmət edir, amma bu vəziyyətə səssiz qala bilməz. Bu addım İraq Konstitusiyasına da zidd olduğu üçün Türkiyə bu məsələni yaxından təqib edəcək”.

Qeyd edək ki, İraq prezidentinin müavini Nuri Maliki də İraq Kürd Regional Rəhbərliyinin bayrağının tək tərəfli təsdiqlə Kərkükdə dövlət binalarına asılmasını "Konstitusiyadan kənar hərəkət” adlandırıb. və deyib: "Kürd bayrağının asılmasıyla İraq Konstitusiyasının xaricinə çıxmaq Kərkükdə milli həyat prinsipini aşır, şəhər əhalisi arasında riski artırır və qarşıdurmaya səbəb olur. Özündən sərhəd müəyyən etmə, şəhərin statusuyla əlaqədar qanun çıxarma və bu cür hərəkətlərə yol verilə bilməz”.

Əksəriyyəti hazırda belə bir sual düşündürür: bu böhranın mümkün nəticələri nə ola bilər?

Qərb nəşrləri diqqəti Kərkükün əhəmiyyətinə yönəldirlər. "Məsələ onun neft şəhəri olması, 8,7 milyard barrel həcmində neft ehtiyatlarıdır. Beynəlxalq Enerji Agentliyinin rəyinə görə, İraq neftinin mövcud istehsalının 40 faizi Kərkükün payına düşür. Ölkənin sabit neft ehtiyatlarının 6 faizi də Kərkükdə cəmləşib. Bundan əlavə, Kərkük türkmən, ərəb və kürd əhalinin birlikdə yaşadığı şəhərdir. Ancaq kürdlər Kərkükün sırf kürd şəhəri olduğunu iddia edirlər. Hətta İraq Kürdüstan Regional Rəhbərliyinin (İKRR) başçısı Məsud Bərzani Kərkükü "kürdlərin Qüdsü” adlandırır.

Bu məsələdə ABŞ-ın mövqeyi isə qərəzlidir. ABŞ-ın təşəbbüsü ilə hazırlanan İraq Konstitusiyasının 140-cı maddəsi Kərkükün statusu ilə bağlı referendum keçirilməsini tələb edir. Bu maddəyə əsasən, Səddam Hüseyn dövründə Kərkükdən zorla çıxarılanlar ocaqlarına dönməli, sonra siyahıyaalınma keçirilməli və bu istiqamət əsas alınaraq Kərkükün statusunu müəyyən etmək üçün 2007-ci ilin dekabr ayında referendum keçirilməli idi. Ancaq bu plan reallaşmadı və Kərkükün statusu müəmmalı qaldı. Kürdlər şəhərin onların nəzarətinə verilməsini istəyir. Türkmənlər isə buna qarşı çıxır, Kərkükün xüsusi bir statusa sahib olmasını istəyirlər.

O ki qaldı Türkiyənin Kərkük siyasətinə - Ankara çoxetnikli quruluşu əsas gətirərək, Kərkükdə bir ünsürün üstün olmaması fikrini müdafiə edir, bölgədəki fərqli etnik qrupların rəhbərliklə əlaqədar razılaşma əldə etməsini istəyir. Kərkükdəki kompakt türkmən əhali də Türkiyənin əhəmiyyət verdiyi məsələlər siyahısının başında durur. Türkmənlər Türkiyənin bölgəyə yönəlik xarici siyasətinin əhəmiyyətli bir hissəsini təşkil edir. Ankara türkmənlərin təhlükəsizliyi və türkmən əhalinin yaşadığı bölgələrdə sabitliyin təmin edilməsinə böyük əhəmiyyət verir. Türkiyə üçün həyati əhəmiyyətə malik digər məsələ Kərkük-Ceyhan neft boru kəməridir. 1977-ci ildə ilk nəqlin reallaşdığı və illik nəql həcmi ümumən 70,9 milyon ton olan boru xətti İraq neftini Türkiyəyə çatdırır.

Beləliklə, regionda mürəkkəb durum yaranıb və onun tez bir zamanda həllini tapmaması bölgəni yeni gərginliyə yuvarlaya bilər. \\kaspi.az\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.