Ənvər və Nuru paşanın atası Şəkidə - Nadir foto

7-06-2017, 20:07           

TEREF.İNFO yazır ki, İstanbulun Bəyazid Dövlət kitabxanasında mühacirət tariximizlə bağlı araşdırma apararkən “Mücahit” jurnalında maraqlı bir fotoya rast gəldim.
Azərbaycanlı mühacirlərin çap etdiyi jurnalda Bakının qurtuluşu ilə bağlı çap olunmuş bir məqalədə Ənvər paşa və Nuru paşanın atası Hacı Əhməd paşanın 1919-cu ildə Şəkini ziyarət edərkən çəkilən fotosu da yayımlanıb.

Fotonun altında şəkildəki şəxslərin kimliyi bu cür təqdim edilib:

"Türk Ordusunun qardaş Azərbaycanın yardımına qoşması olayına dair dəyərli bir xatirə: Ənvər və Nuru paşaların ataları Hacı Əhməd paşanın 1919-da Nuxanı ziyarəti sırasında çəkilən bu rəsmdəkilər şunlardır: (soldan sağa) 1. Fabrikatör (fabrikant) Yaqub bəy (İstilaçı bolşeviklər tərəfindən qurşuna dizilmək surətiylə şəhid edilmişdir). 2. Fabrikatör kiçik Yaqub bəy. 3. Nuxa Bölgə Komutanı yarbay (podpolkovnik) Nəcib bəy. 4. Tüccar (tacir) ........... (adı təsbit ediləməmişdir). 5. Hacı Əhməd paşa. 6. Nuxa Bələdiyyə başqanı Azaq bəy (bolşeviklər tərəfindən qurşuna dizilmək surətiylə məhv edilmişdir). 7. Hacı Əhməd paşanın yavəri (adı təsbit ediləməmişdir). 8. Komissar Mehmet (Məmi) bəy Əhmədoğlu. (Rəsm haqqındakı bilgi ozamankı Nuxa kaymakamı E.S.-dən alınmışdır)".

Şəkil haqqında əlavə bilgi almaq üçün professor Ədalət Tahirzadəyə müraciət etdik.
Professor aşağıdakı əlavəni təqdim etdi:

"Adları çəkilən fabrikant Yaqub bəylər Şəkidə "Yapon Yaqublar" kimi tanınırdı. Yazıda adı keçən "Azaq bəy" əslində həm də "Azaqbəyli" kimi tanınmış Abdulla bəy Əfəndizadədir. O, görkəmli yazıçı Rəşid bəy Əfəndizadənin kiçik qardaşı idi. Onu kommunistlər güllələməmişdi və 1928-də xəstəlikdən dünyasını dəyişmişdi".
Müəllif: Dilqəm Əhməd

Mənbə: teleqraf.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.