Bölgəni silkələyəcək düyməyə basıldı - Kürdüstan dövləti üçün referendum

9-06-2017, 10:18           
Bölgəni silkələyəcək düyməyə basıldı - Kürdüstan dövləti üçün referendum
Məsud Bərzani ABŞ-ın və Avropanın bir sıra dövlətlərinin xeyir-duasını alıb


İraq Kürd Regional Hökumətinin başqanı Məsud Bərzani sentyabrın 25-də kürdlərin müstəqilliyi üçün referendum keçiriləcəyini bəyan edib. İraq Kürdüstan Regional Hökumətinin Məsut Bərzaninin rəhbərliyi ilə keçirilən iclasında kürd partiyaları referendumun 25 sentyabrda keçirilməsini qərarlaşdırıb. Referendumun keçirilmə gününü Məsut Bərzani özünün twitter hesabından elan edib.


Xatırladaq ki, İraq Kürdüstanı İraqın tərkibində muxtariyyətdir və onun bu statusu ölkə konstitusiyasında öz əksini tapıb.
Onu da qeyd edək ki, İraq Kürdüstanının başçısı Məsud Bərzani BMT-nin baş katibi Antonio Quterrişlə bu ilin martında görüşərkən müstəqilliklə bağlı referendumun yaxın vaxtlarda keçiriləcəyini bildirmişdi.


Az sonra isə Məsud Bərzani Almaniyanın xarici işlər naziri Ziqmar Qabriellə birgə keçirilən mətbuat konfransında Kürdüstanın müstəqilliyi üçün referendum keçirilməsinə qərar verdiklərini bəyan etmişdi. Kürd lider referendum tarixinin müəyyən edilməsi və müvafiq hazırlıqların aparılması üçün komissiya yaradılması işlərinə başlanıldığını bildirmişdi. O qeyd etmişdi ki, referendum prosesi zamanı Bağdad başda olmaqla, bütün lazımi tərəflərlə əlaqədə olacaqlar, zorakılığa meyl edilməyəcək.


Bərzaninin həmin bəyanatı verdiyi gün Vaşinqton bəyan etmişdi ki, ABŞ Şimali İraq Kürd Muxtariyyətinə 300 milyon dollar dəyərində silah, sursat yardım edəcək.


Kürdüstan dövlətinin elan edilməsi üçün referendum keçirilməsinin bölgəyə nə vəd etdiyi barədə suallarımıza cavabında politoloq Qabil Hüseynli bildirdi ki, Məsud Bərzani ABŞ-ın və Avropanın bir sıra dövlətlərinin xeyir-duasını alıb, ona görə də referenduma gedir. Bölgədə çox qorxulu hadisələrin yaşanması gözlənilir: “Hələ Barak Obama hakimiyyəti zamanında vitse-prezident Co Bayden Kürdüstanın müstəqilliyi barədə açıq şəkildə vəd vermişdi. Bu da mediada geniş əks-səda doğurmuşdu, Türkiyənin və rəsmi Bağdadın etirazına səbəb olmuşdu. Son proseslər isə onu göstərir ki, məsələ artıq həll olunma mərhələsinə qədəm qoyub. Artıq Məsud Bərzani şimali İraq ərazilərində müstəqilik referendumu keçirmək qərarını da verdi. Bu, məncə, ABŞ-la razılaşdırılıb. Üstəlik, bir sıra mühüm Avropa dövlətləri ilə də razılaşdırıldığını söyləmək olar. Almaniya ilə Türkiyə arasında münasibətlər son zamanlar xeyli pisləşib, hətta Almaniya İncirlikdəki NATO bazasından hərbi qüvvələrini çıxarır. Hollandiya və Avstriya ilə də hələ münasibətlər yaxşı deyil. ABŞ-la da AKP iqtidarı münasibətləri korlayıb. Münasibətlərin pisləşməsinə gediləndə sanki bunun aqibəti haqqında düşünülməyib. Nəzərə almaq lazım idi ki, bu bölgənin taleyində ruslardan çox rol oynayan dövlətlər var və bu dövlətlər Türkiyə üçün ciddi problemlər yarada bilər. İndi həmin problemlərin yaradılmasına başlayıblar.
Türkiyənin sərhədində müstəqil kürd dövlətinin yaradılmasının ən ciddi zərbəsi Türkiyəyə dəyə bilər. Türkiyənin şərq bölgələrində kompakt yaşayan kürdlər gələcəkdə həmin müstəqil kürd dövlətinə birləşmək üçün hərəkətə keçə bilərlər".


Politoloq vurğuladı ki, Kürdüstan dövlətinin yaradılması bölgəni çox ciddi təlatümlərə gətirəcək. Müstəqil kürd dövlətinin yaradılması Yaxın Şərqdə arzuolunan ideya deyil, bu, separatçılıq hərəkəti kimi qarşılanacaq. Çünki Yaxın Şərqdə ərazilərin yenidən düzənləndirilməsi prosesinə başlanması ərəb dövlətlərinin hamısının, o cümlədən də Türkiyənin, İranın ciddi etirazına səbəb olacaq: “Bu, bir barıt çəlləyinə bənzəyir və bu barıt çəlləyi ayrı-ayrı iri dövlətlərin əlində başqa dövlətlərə qarşı, o cümlədən Türkiyəyə qarşı istifadə olunacaq. Bu məsələyə ABŞ hə deyə bilər, amma 26 ərəb dövlətinin heç biri, Türkiyə, İran buna hə deməyəcək. Ona görə də bu məsələ ətrafında bölgədə böyük bir müharibə vəziyyəti yarana bilər. Bölgədə yeni bir dövlətin yaranması bütün dövlətləri çalxalayacaq, hətta dünya üçün yeni problemlər yaranacaq. Çox ciddi qorxulu tendensiyadır. Müstəqil kürd dövlətinin yaranması bölgədə yeni ittifaqların, məsələn, Türkiyə-Səudiyyə Ərəbistanı-İraq-Misir ittifaqının yaranmasına gətirib çıxara bilər. Böyük ehtimalla İraq hətta silahlı yolla müqavimət göstərəcək.


Kimlərsə düşünə bilər ki, prosesin arxasında ABŞ dayanıbsa, Vaşinqton İraqın və digər adını çəkdiyim dövlətlərin etirazını yatırdacaq. Ancaq bu, heç də asan məsələ deyil. ABŞ bölgədən xeyli uzaqda yerləşən bir dövlətdir. Bölgədəki sadaladığım dövlətlərə təzyiq yolu effektli yol olmaz. Təzyiqlə istənilən nəticəni almaq mümkün deyil. Təzyiq olsa bütün bölgədə Suriyadan betər bir vəziyyət yarana bilər".
musavat.com/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.