Çavuşoğlu: "Türkiyənin Qətərdəki bazası bölgənin təhlükəsizliyinin təmin olunmasına xidmət edir
11-06-2017, 07:55
Türkiyənin Qətərdəki bazası Fars körfəzi bölgəsinin təhlükəsizliyinin təmin olunmasına xidmət edir və hər-hansı konkret ölkəyə qarşı yönəlməyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Türikiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bəhreynli həmkarı Xalid bin Əhmədlə görüşü zamanı bildirib.
Çavuşoğlu Ankaranın Qətər ətrafındakı vəziyyətin nizamlanması istiqamətində səyləri aktivləşdirəcəyini qeyd edib.
Onun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bundan əvvəl Bəhreyn XİN rəhbəri ilə görüşündə Qətərin qonşuları ilə gərginliyinin Ramazan ayının sonunadək nizamlanmasının vacib olduğunu qeyd edib.
Qeyd edək ki, iyunun 7-də Türkiyə parlamenti ölkənin hərbi bazasının Qətər ərazisində yerləşdirilməsini nəzərdə tutan razılaşmanı ratifikasiya edib.
Xatırladaq ki, bir müddət əvvəl Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətərlə diplomatik münasibətləri kəsdiklərini elan edib. Onlar rəsmi Dohanı terrorçu təşkilatları dəstəkləməkdə və Yaxın Şərqdə qeyri-sabitlik yaratmaqda ittiham edir.
Bunun ardınca Liviyanın sərgindəki hökumət, Yəmən, Maldiv adaları, Mavritaniya, Komor adaları da Qətərlə münasibətləri kəsdiyini bəyan edib. Cibuti Qətərlə diplomatik münasibətlərin səviyyəsini endirib. Seneqal, Çad və Niger isə bu ölkədəki səfirini geri çağırıb.