Məşhur “Tarixi-Nadir” neçə səhifədən ibarət olub?- TARİX
1-09-2017, 05:33
Redaksiyamız məşhur film qəhrəmanı olan Məşədi İbadın sayəsində dillərdə əzbər olan məşhur “Tarixi Nadir” kitabı barəsində tarixi faktları təqdim edir:
Məşədi İbadın “yarıya qədər oxuduğu” kitabın tapılan nüsxələrinin hamısını birləşdirən iki ortaq cəhət var: onun Mirzə Mehdi xan tərəfindən yazılması və dil üslubu, ibarələrin qəlizliyi. Təbii ki, müəllif eynidirsə, mətnlər də eyni olacaq. Amma “Tarixi Nadir”in elə mətnləri var ki, orada süjet xətti və tarixi hadisələrin göstəriciləri tam başqadır. 1737-47-ci illərdə hakimiyyətdə olan Nadir şah tarixin də ziddiyyətli şəxslərindən olub. Buna baxmayaraq, bu əsərin müəllifi Mirzə Mehdi xan Nadir şahın şəxsi tarixçisi kimi onun bütün döyüşlərini, islahatlarını, məktublarını və digər bu kimi nəsnələri tam dəqiqliyi ilə köçürüb. Lakin tarixin təhrifi yenə də öz işini görüb. Əsərdə bir sıra tarixlər dəyişdirilib, hadisələr təhrif olunub. Amma bunların özü belə “Tarixi Nadir”in çətin dil üslubuna xələl gətirməyib.
Kitabın nüsxələri çoxdur. Nəfisi xətti ilə yazılanı da var. Elə nüsxə var ki, onun içində miniatürlərdən də istifadə edilib. Bu əsər farscadır. Onu Azərbaycan dilinə çevirmək o qədər də asan deyil. Çünki “münşaat dili” deyilən bir anlayış var. Bu həm də orta əsrlər Şərq nəsrinin dili kimi də qəbul olunub. Əsər o üslubda yazılıb. Ona görə bunu tərcümə etmək həddindən artıq çətindir.
Cəmiyyətdə belə fikir var ki, “Tarixi Nadir” kitabı cəmi 4 səhifədən ibarət olub. Amma qətiyyən elə deyil.
Onun yarımçıq halda, yaxud bir neçə səhifəlik nüsxələri ələ keçə bilər. Amma əsl “Tarixi Nadir” kitabı kifayət qədər iri həcmli bir əsərdir. Onu oxumaq hər adamın işi deyil. Kitab çox çətin bir dildə, orta əsrlərin Şərq poetik üslubunda yazılıb.
Filmdə Məşədi İbadın “yarıya qədər oxumuşam” deməsi gülüş doğurur. Amma o əsəri yarıya qədər oxumağın özü belə böyük işdir. Çünki fars poetik dilinin bütün standartlarına cavab verən əsərdə cümlə səhifənin əvvəlində başlayıb axırında bitir.
Əsər elə bir üslubda yazılıb ki, onu nə indinin, nə də o vaxtın adamları asanlıqla oxuya bilərdilər. Üzeyir bəy orada tamam ayrı məsələlərə toxunub. Belə ki, o “Tarixi-Nadir”i yarıyacan oxumağı deyəndə heç də əsərin həcmini nəzərdə tutmurdu. O, bununla Məşədi İbadın köhnə təhsilin nümayəndəsi olduğunu göstərirdi. Çünki “Tarixi-Nadiri” oxumaq yalnız və yalnız köhnəliyin, köhnə təhsil və tədrisin işi sayılırdı. Həmin epizodda bildiyimiz kimi müasir təhsilin nümayəndələri oturub. Məşədi İbadın bunu deməsi onların arasında bir ziddiyyət yaradır. Mirzə Fətəli də bu kimi əsərlərə keçmişin qalıqları kimi baxırdı. Amma Üzeyir bəy obrazlılıqdan istifadə edərək fikrini ikinci mənada çatdırırdı. Axundov isə birbaşa mətləbi deyirdi. Üzeyir bəyin qəhrəmanının bu sözündəki gülüşün istiqaməti də tam fərqlidir. Bəlkə də Üzeyir bəy bir-iki səhifəni nəzərdə tutmayıb. O sırf bu məntiqdən məsələyə yanaşıb. Mirzə Mehdi xan elə-belə adam deyildi. Dövrün çox tanınmış alimlərindən biri, Nadir şahın tarixçisi idi.
Moderator.az