İYİ Partiyanın simvolları: Vatikan, yoxsa Oğuzlar?

27-10-2017, 10:35           
İYİ Partiyanın simvolları: Vatikan, yoxsa Oğuzlar?
Meral Akşenerin yeni partiyasının simvollarının arxasındakı “gizli mənalarla” bağlı müxtəlif versiyalar var

Oktyabrın 25-də yeni partiyasını elan edən Meral Akşener və partiyası Türkiyə gündəminin əsas mövzularından biri olaraq qalır. Yeni partiyanın adı, loqosu, təsisçiləri, rəhbərliyində təmsil olunan nüfuzlu şəxslər, eləcə də daxildə və xaricdə hansı dairələrə yaxın olması ilə bağlı bir çox yazılar, ekspert rəyləri, analizlər yayılıb.

Ancaq M.Akşenerin yeni partiyasının ən çox müzakirə olunan elementləri partiyanın adı, bayrağı, loqosu oldu. Qeyd edək ki, M.Akşenerin liderliyində qurulan yeni partiyanın adı İYİ Parti oldu. Azərbaycan türkcəsində yaxşı mənasında olan İYİ həm də simvol daşıyır. “İYİ” sözünün yazılışı qədim türklərin “Kayı” (Qayı) boyunun işarəsinin yazılışı ilə bənzərdir. Bu barədə ötən gün İYİ Partiyanın təsisçilərindən biri, uzun illər Türk Tarix Qurumunun rəhbəri olmuş Yusuf Halaçoğlu açıqlama verib. Twitter hesabından yazdığı açıqlamada Kayı boyunun məşhur simvolunun rəsmini paylaşan Halaçoğlu “İYİ Parti və emblemi ilə bağlı bir çox ipə-sapa yatmayan sözlər işlədirlər. Öz mədəniyyətlərindən xəbəri olmayanlara, bəs buna nə deyəcəksiniz?” deyə, qeyd edib.

İYİ Partiyanın loqosu da qədim türklərin simvollarından alınıb. Günəş formasında olan dairənin kənarlara saçılan sarı-lacivərd rəngli 8 xətti var. Bu 8 cizgi yeni partiyanın 8 prinsipini açıqlayır. Bunlar: ümid, qərarlılıq, ədalət, gələcək, bilgi, zənginlik, cəsarət və mədəniyyətdir. Yeni partiyanın şüarı isə “Türkiyə İYİ (yaxşı) olacaq”dır.

Ancaq bu açıqlamalar yetərli deyil. Türkiyədə bir sıra media orqanlarında, eləcə də sosial şəbəkələrdə M.Akşenerin yeni partiyasının simvollarının arxasındakı “gizli mənalarla” bağlı müxtəlif versiyalar yayılmaqdadır. Hətta 8 guşəli ulduzun Vatikanın mərkəzi Müqəddəs Pyotr meydanını əks etdirdiyini iddia edənlər də var.

Qeyd edək ki, Oğuz türklərinin Kayı boyları 11-ci əsrdə Anadoluya gəliblər. Osmanlı sülaləsi də Kayı boyundan olub. “Kayı” sözü özü də güc, qüvvə və qüdrət deməkdir.

Qeyd edək ki, yeni partiyanın şüar və simvolları ilə bağlı yaxın günlərdə Meral Akşenerin və ya təsisçilərdən birinin açıqlama verməsi gözlənilir. Ancaq aydın məsələdir ki, simvol və rəmzlərə çox ciddi önəm verən Türkiyə cəmiyyətində yeni partiyanın “Günəş” şəkilli emblemi hələ uzun müddət müzakirə olunacaq.
Əski Kayı boyunun simgəsi:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.