Regionda yeni ərəb siyasi ittifaqı formalaşır
7-04-2018, 09:36
“Serial müharibəsi” və ya Yaxın Şərqin yeni siyasi güc mənzərəsi; Türkiyə və Qətər “istənməyən”, İran isə düşmən elan olunur
Körfəz ərəb ölkələrində Türkiyə seriallarına qadağalara Misir də qoşulub. Misirin dini, ictimai və sosial həyatında böyük təsiri olan və müsəlman aləminin əsas dini mərkəzi hesab olunan “Əl-Əzhər” Universiteti Türkiyə seriallarını “cəmiyyət üçün təhdid” adlandırıb.
İsgəndəriyyə şəhərində kitab sərgisində çıxış edən “Əl-Əzhər” Universitetinin rektor müavini Yusif Amer deyib ki, türk və hind serialları Misirin istiqrarını təhdid edir. Onun fikrincə, ərəb dili də bundan zərər görür. O, daha çox ərəb kimliyi və mədəniyyətinin zərbə aldığını bildirib.
Qeyd edək ki, bundan əvvəl martın 2-də mərkəzi ofisi BƏƏ-də yerləşən və ərəb dünyasında ən çox baxılan televiziya şəbəkəsi olan MBC şirkətinə daxil olan 11 telekanaldan Türkiyə seriallarının yığışdırılması barədə qərar qəbul olunub. Şirkət etiraf edib ki, Türkiyə və bəzi ərəb dövlətləri arasında yaranan gərginlikdən sonra serialların yığışdırılması ilə bağlı təlimat verilib.
Türk serialları ərəb aləmini 2000-ci illərin əvvəllərindən fəth edib. İlk dəfə 2008-ci ildə “Gümüş” (Ərəbcə dublyajdakı adı “Nur” - K.R.) serialı rekord həddə izləyici toplayıb. MBC kanalında verilən serialın son iki bölümünü 85 milyon insan izləyib. Bundan sonra türk serialları ərəb kanallarının diqqətini cəlb edib. Əksər ərəb telekanalları türk seriallarını dublyaj edərək yayınlayıb. O dövrdə onlar türk serialları yayımlanıb. Son olaraq MBC-nin türk seriallarını yasaqlama qərarı verilən zaman 6 türk serialı yayında olub.
Ərəb kanallarında türk seriallarının verilməsi Türkiyə film sənayesinə böyük pullar qazandırmaqla yanaşı, ticarət, xüsusən də turizm sektoruna böyük təsir edib. Ərəb ölkələrindən İstanbula axışan turistlər filmlərin çəkildiyi bölgələri, məkanları gəzib görmək istəyiblər. Türkiyəyə ərəb turist axınında türk seriallarının əvəzedilməs rolu oldu. Türk seriallarının ikinci mühüm təsiri isə siyasi-ideolojidir. Keyfiyyətli və daha ucuz başa gələn türk serialları ərəb kanallarını zəbt etdikdən sonra həm də türk mədəniyyəti, tarixi, siyasətini təbliğ edir və ərəblər üzərində Türkiyə cazibəsini gücləndirirdi. Bunu son illərdə bu mövzu ilə bağlı aparılan bütün sorğu və araşdırmalar da təsdiqləyir.
Ancaq indi vəziyyət dəyişib. Son bir neçə ildə Türkiyə ilə Səudiyyə Ərəbistanı, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri və Misir kimi ölkələr arasında münasibətlər soyuqlaşıb. Xüsusən də BƏƏ və Misirlə Türkiyə arasında ciddi siyasi gərginliklər mövcuddur. Bu isə istər-istəməz digər sahələrə, o cümlədən, nəhayət, kino sektoruna da sirayət etdi.
Əlbəttə, seriallarla bağlı tənqidlərin hamısını “siyasiləşdirmək” də doğru olmazdı. Ciddi sənət əsəri hesab olunmayan, “çəhrayı” seriallar bütün cəmiyyətlərdə əsasən də mühafizəkar dairələrin tənqidlərinə məruz qalır. Ailə dəyərləri, əxlaq normalarını zədələyən bu cür seriallara münasibət Türkiyənin özündə də birmənalı deyil. Ərəb aləmində də zaman-zaman bu serialları hədəfə alan çıxışlar, çağırışlar olub. Ancaq qərarın indi verilməsi sırf siyasi səbəblərlə bağlıdır, necə ki, artıq MBC şəbəkəsinin nümayəndələri də bunu etiraf ediblər.
Ərəb dünyasının liderliyinə iddialı olan Səudiyyə Ərəbistanı, Misir və BƏƏ indi hər vəchlə “əks təsirləri” zəiflətməyə çalışır. Türkiyənin son illərdə hər sahədə, cümlədən mədəniyyət və kino sahəsində də təsirini artırmasına laqeyd qala bilməzdilər. Yəni qısa desək, seriallar Yaxın Şərqdə siyasi mübarizənin qurbanlarıdır. Bu, təxminən “soyuq müharibə” illərindəki vəziyyəti xatırladır. Türkiyə ərəb dünyasından qopur. Bu həm də Yaxın Şərqdə liderliyə iddia edən dövlətlərin maraqlarına cavab verir. Qətər-Türkiyə ittifaqını sıxışdıran Səudiyyə-BƏƏ-Misir “üçlüyü” Qərbdən də dəstək almaqla regionda güc mərkəzi formalaşdırmağa çalışırlar. Səudiyyə liderlərinin islam terrorçuluğu məfhumunu Qətər və Türkiyənin üzərinə yükləməyə çalışması bu prosesin tərkib hissəsidir. Məsələn, Səudiyyə şahzadəsi bin Salman bildirib ki, «əl-Qaidə» və İŞİD kimi qruplaşmalar “İxvan” hərəkatından yaranıb. “İxvan” isə Qətər və Türkiyə tərəfindən dəstəklənir. Krallığın sərt İslam xəttindən imtina etmək cəhdləri və İsraillə yaxlınlaşması yeni ərəb siyasi blokunun kontrlarını göstərir. Bu bir mənada Tramp admnistrasiyasının inşa etməyə çalışdığı yeni Yaxın Şərqdir.
Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”