Lirə sürətlə ucuzlaşır: Türkiyə islahatlara gedəcək?

8-04-2018, 11:21           

Türkiyədə dollara tələb getikdcə daha da yüksəlir.

Bu sözləri Axar.az-a Türkiyədə dolların sürətlə bahalaşması haqda danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, Türkiyədə dolların rekord səviyyəyə qalxaraq 4 lirəni keçməsi çox ciddi bir göstəricidir:

“Bu, iqtisadi səbəblərdən daha çox, siyasi amillərlə bağlıdır. Türkiyənin Suriyada apardığı əməliyyatlar, Qərblə münasibətlərin gərginləşməsi və bu fonda kapitalın, əsasən də Avropa və ABŞ kapitalının Türkiyədən çıxarılması və bu ölkələrin Türkiyəni tərk etməzdən öncə türk lirəsində olan aktivlərini dollara çevirməsi qardaş ölkədə ABŞ valyutasına təlabatı getdikcə artırır. Bundan başqa, Mərkəzi Bankın müstəqil olmaması da investorlar üçün çox pis bir siqnaldır. Bütün bu proseslərə siyasi səbəblər daha ağır təsir edir. Çünki Türkiyənin iqtisadi vəziyyəti yaxşıdır. Hətta keçən il dünyada ÜDM-si ən çox artan ölkə olub. Bu ilin ilk aylarında da Türkiyə ÜDM-də ciddi artım əldə edib. Ancaq siyasi gərginlik lirəyə mənfi təsir göstərir. Bazarlar Türkiyənin Qərblə münasibətlərinin normallaşmasının siqnallarını almağa və Mərkəzi Bankın müstəqil fəaliyyətinə inanmağa başlayana qədər bu tendensiya davam edəcək”.

Ekspert bildirib ki, yaxın aylarda türk lirəsi maksimal həddə qədər ucuzlaşacaq:

“Belə ki, 1 dolların 4 lirə 20 quruş olması ehtimalı yüksəkdir”.

İqtisadçı Türkiyə hökumətinin bu fonda reformlara gedəcəyini də istisna etməyib:

“Artıq iki ildir ki, Türkiyədə fövqəladə vəziyyətdir. Bu, ləğv olunmalı və Mərkəzi Bankın müstəqilliyinə hökumət tərəfindən zəmanət verilməlidir. Qərblə münasibətlərin düzəlməsi isə ən vacib amillərdən biridir. Çünki Türkiyənin ticarət dövriyyəsinin yarıdan çoxu, yəni xarici ixracatının 55 faizi Avropa Birliyinin payına düşür. Orada gərginlik yaranan kimi türk lirəsinə ciddi basqı başlayır”.

Qeyd edək ki, Türkiyədə ABŞ dollarının məzənnəsi yenidən rekord vurub.

Hazırda qardaş ölkədə ABŞ valyutasının məzənnəsi 4,05 lirə ətrafında dəyişir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.