Təhlükə: Türkiyəni buna məcbur edəcəklər – Sensasiya

10-04-2018, 09:05           

Rusiya və İranla həddindən artıq yaxınlıq Qərbin Türkiyəyə qarşı təzyiqlərini artıracaq.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq Ankara-Moskva-Tehran yaxınlığının birinci üçün riskli olduğunu hesab edir:

“Açığı, Türkiyənin Rusiya və İranla həddindən artıq yaxınlaşması Ankaraya müəyyən problemlər yarada bilər. Çünki hazırda Qərb dairələrində Türkiyənin NATO-dan çıxarılması haqqında fikirlər səsləndirilir. Hətta Türkiyəyə NATO xətti ilə ABŞ tərəfindən yardımın dayandırılmasına da qərar verilib. Bu məsələlər reallaşarsa, Ankara bundan nəticə çıxarmalı olacaq. Bu fonda Türkiyədə yeni terror olayları genişlənə bilər. Ən təhükəlisi isə ABŞ-ın artıq İncirlikdən müəyyən daşınan silahlarını çıxarmağa başlamasıdır. Bu, NATO-nun ən mühüm bazalarından biri kimi İncirliyin tamamilə İordaniya və İraqa daşına biləcəyi anlamına gəlir. ABŞ İncirliyi Türkiyədən çıxararsa, bu, Türkiyə üçün ciddi maliyyə itkiləri demək olacaq”.

Politoloq başqa önəmli bir məqama da diqqət çəkərək, Türkiyə daxilində qarışıqlıq yaratmaq cəhdlərinin yenidən baş qaldıra biləcəyini deyib:

“Bu, Türkiyəyə qarşı kampaniyada Qərb dövlətlərinin gizli kəşfiyyat idarələrinin planına daxil olan məsələlərdən sadəcə biridir”.

Q.Hüseynlinin sözlərinə görə, Türkiyə üçün hazırda ən təhlükəli məsələ kürdlərin ABŞ tərəfindən dəstəklənməsidir:

“ABŞ İraqın şimalındakı kürdləri açıq surətdə dəstəkləyir, burada hərbi aerodromlar tikir. Bütün bunlar ABŞ-ın kürdlərə verdiyi dövlət vədlərinin tərkib hissəsidir. Türkiyə lazımlı addımları atmasa, yeni yaranmış kürd dövləti Yaxın Şərqdə Türkiyənin yerinə yetirdiyi missiyanı tamamilə öz üzərinə götürə və nəticədə Türkiyənin bölgədəki strateji əhəmiyyəti aşağı düşə bilər”.

Politoloq silah məsələsində Türkiyənin Rusiyadan umduqlarını ala biləcəyəni də düşünmür: “Söhbət S-400 və digər silah növlərindən gedir”.

Q.Hüseynli onu da əlavə edib ki, NATO və Avropa Birliyini itirmək, eyni zamanda da Qərb dünyasından aralı düşmək Türkiyənin gələcək inkişafı üçün müsbət proseslər vəd etmir:

“Bu da nəinki Türkiyə üçün, həmçinin Azərbaycan üçün də arzuolunan deyil. Doğrudur, bu gün Türkiyə öz ayaqları üzərində möhkəm dayanır. Ancaq nəzərə almaq lazmdır ki, Türkiyəyə qarşı kampaniyaya hələ start verilməyib. Düyməyə basıldıqdan sonra Türkiyə ciddi çətinliklər qarşısında qala bilər. Hesab edirəm ki, Türkiyə çox gec olmadan öz siyasətində müəyyən korrektələrə getməlidir. Çünki artıq çətinliklər üzə çıxmağa başlayıb. Məsələn, Avropa Birliyi ilə bağlı müzakirələr dayandırılsa da, Türkiyənin daxilində hələ də polemikalar gedir. Ancaq inanmıram ki, türk xalqı Atatürkün bünövrəsini qoyduğu xarici siyasət xəttindən kənara çıxsın”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.