Türkiyədə seçkilərin taleyinə bu fakt təsir edəcək - Rəy
14-06-2018, 09:02
Türkiyədəki prezident seçkilərinin nəticələrinin nə olacağını söyləmək çətindir. Ancaq şəxsi qənaətim budur ki, Məhərrəm İncənin uğurlu sayıla biləcək performansına baxmayaraq, Türkiyədəki seçicilərin sağ qanadının əsas kütləsi hələ də CHP-yə səs vermək düşüncəsini daşımır.
Bu sözləri Axar.az-a açıqlamasında QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy Türkiyədə keçiriləcək seçkilərin nəticələrinə münasibət bildirərkən deyib. O bildirib ki, həmçinin cənub-şərqdə də seçicilərin əsas kütləsi seçimini HDP və AKP arasında formalaşdırmağa davam edir:
“Bu mənada Cümhur İttifaqının prezidentlik mübarizəsini Ərdoğan-İncə müstəvisinə çıxarması yuxarıda qeyd etdiyim vəziyyətə hesablanmışdır. İqtidar bu müstəvini seçicinin beynində hörməyə davam edir. Artıq əhəmiyyətli bir uğur da əldə edilib. Bu proses davam etsə və seçici Ərdoğan-CHP arasında sıxışdırılsa, cənab Ərdoğan seçkiləri rahat halda qazanar. Bu arada CHP-nin bir sonrakı sədri, hətta bəlkə növbədənkənar qurultayla, Məhərrəm İncə olar”.
N.Cəfərsoyun sözlərinə görə, bu paradiqmanı poza biləcək əsas fiqur Maral Akşənər ola bilər:
“Seçkinin həm birinci, həm də ikinci turdakı taleyini onun 24 iyunda alacağı dəstək müəyyən edəcək. Akşənərin seçkidə performansı isə hələlik bilinmir. Məncə, bu barədə keçirilən yüksək və ya aşağı faizli anketlər isə müxtəlif obyektiv və subyektiv səbəblərə görə əsl vəziyyəti göstərməkdən uzadır. Ancaq mən “yeni olma”, gəncliyin mövqeyi və xüsusən də “qadın həmrəyliyi” faktorlarını da nəzərə almağı məsləhət görürəm”.
Qeyd edək ki, Türkiyədə 24 iyunda növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.