Akşənər və İncə səsləri böldü: Ərdoğan önə çıxır

20-06-2018, 10:53           

Son 2 ay ərzində müəyyən sosial proqramların həyata keçirilməsi və aktiv xarici siyasət AKP-nin qələbəsini şərtləndirir.

Bu sözləri Axar.az-a açıqlamasında Vüqar Zifəroğlu deyib. O bildirib ki, Akşənər əvvəllər müxalifətin ən ümid bəslənilən namizədi idi:

“Onun iqtidar nümayəndəsinə qarşı ciddi problemlər yaradacağı düşünülürdü. Amma maraqlı bir məsələ var ki, İYİ Partiyası yaranandan sonra partiya daxilində müəyyən qopmalar baş verdi. Hətta qurucu üzvlərin partiyadan istefa verməsi sonradan İYİ Partiyası ətrafında müəyyən söz-söhbətlərin yaranmasına gətirib çıxardı. Buna paralel olaraq, CHP-nin də İYİ Partiyası ilə münasibətlərində suallar doğuran məqamlar yaşandı. Əvvəldən də CHP-nin İYİ Partiyasını tam anlamıyla dəstəkləməyəcəyi məlum idi. Bununla belə, onların Akşənərə alternativ namizəd irəli sürməyəcəkləri də düşünülürdü. Amma maraqlısı budur ki, Məhərrəm İncənin namizədliyinin irəli sürülməsi CHP-nin müəyyən mənada səs yığmaqda iddialı olduğunu göstərdi. Bu da şübhəsiz ki, müxalifətdə səslərin parçalanmasına gətirib çıxardı”.

Analitik vurğulayıb ki, İncənin son 10 gün ərzində daha önə çıxması, CHP-nin müəyyən mənada reytinq yüksəlişi yaşaması İYİ Partiyasının xeyrinə deyil:

“Sol seçmənin əsasən mərkəz-sağ auditoriyaya xitabən yaradılmış İYİ Partiyasına əvvəldən də tam dəstək verməyəcəyi ortada idi. Amma sol mərkəzçi qüvvələrin İYİ Partiyasının yanında durma ehtimalı böyük idi".

Analitik bütün bu proseslərin AKP-yə necə təsir göstərməsinə də münasibət bildirib:

“Müxalifət düşərgəsində səslərin parçalanması əslində müəyyən mənada AKP-nin xeyrinədir. Amma ümumilikdə Ərdoğanın birinci turdan keçəcəyi və ümumiyyətlə, prezident seçkilərinin taleyinin birinci turda həll olunması məsələsi hələ də mübahisəlidir. Əsasən bu gün seçkidə mübarizə üç namizədin arasında gedir. İstər sol mərkəz, istərsə də sağ mərkəz qüvvələrin parçalanmasını biz müşahidə edirik. Əgər İYİ Partiyası AKP-dən müəyyən səslər əldə edə bilirsə, CHP də sol mərkəzdə İYİ Partiyasından müəyyən səslər alır. Nəticədə bu gün çox qarışıq mənzərə yaranıb. Bu mənada analitiklərin əksəriyyəti seçkinin ikinci tura qalacağını ehtimal edirlər. Ərdoğanın ikinci turun nəticələrinə görə qalib gəlmə ehtimalı isə çox yüksəkdir. İndiki dönəmdə nə İYİ Partiyasının, nə də CHP namizədinin iqtidar koalisiyasının namizədinə qalib gəlmə imkanı yoxdur. Çünki AKP əlində olan resurslardan faydalı şəkildə istifadə edir”.

Analitik vurğulayıb ki, xüsusilə Yaxın Şərqdə İraqın şimalı ilə bağlı müəyyən mesajların verilməsi, Suriyanın şimalında Menbiçlə bağlı qərarın qəbul edilməsi, ondan əvvəl 2 uğurlu hərbi əməliyyatın keçirilməsi AKP-nin reytinqini kifayət qədər qaldıra bilib:

“Digər tərəfdən, müxalifət partiyası olan MHP-nin AKP-yə tam açıq şəkildə dəstək verməsi və milliyyətçi düşərgədə müəyyən bir hissənin AKP-yə yönəlməsi iqtidar partiyasının mövqelərini kifayət qədər gücləndirə bildi. Əslində, İYİ Partiyasının yaranması əsasən təkcə sağ mərkəz deyil, eyni zamanda, sağ düşərgənin özünün də səslərinin qarşısını almaq məqsədi daşıyırdı. Çünki qurucu üzvlər arasında MHP-dən olan liderlər çoxluq təşkil edirdi. Amma İYİ Partiyası buna nail ola bilmədi”.

Qeyd edək ki, Türkiyədə 24 iyunda növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.