"Hakimiyyətdə olduğu neçə illər ərzində ilk dəfə olaraq sükan Ərdoğanın əlində deyil..."

23-06-2018, 22:08           
"Hakimiyyətdə olduğu neçə illər ərzində ilk dəfə olaraq sükan Ərdoğanın əlində deyil..."
Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri, Türkiyənin gələcək müqəddəratı
İyunun 24-də Türkiyədə vaxtından öncə baş tutacaq prezident və Türkiyə Böyük Millət Məclisinə (TBMM) seçkilər nəinki Türkiyəni və onun qonşuları, hətta Xəzər dənizi və Yaxın Şərq kimi strateji regionların gələcəyi üçün də çox böyük əhəmiyyət kəsb edir. Çünki bu seçkilərin gələcəkdə Türkiyənin həm daxili, həm də xarici siyasiətinin formalaşmasında çox ciddi rol oynayacağı danılmazdır. Ancaq şübhəsizdir ki, əsas mübarizə prezidentlik uğrunda gedir. Bazar günü baş tutacaq prezident seçkilərində iştirak edəcək namizədlərin siyahısı belədir:

Muharrəm İncə (CHP)
Meral Akşener (İYİ)
Rəcəp Tayyip Ərdoğan (AKP)
Səlahəddin Dəmirtaş (HDP)
Təməl Karamollaoğlu (SP)
Doğu Perinçek(VP)

Namizədlərin sayının 6 olmasına baxmayaraq, artıq seçkilərə xeyli müddətt qalmış 3 əsas namizədin – Muharrəm İncə, Maral Akşənər və Rəcəp Tayyip Ərdoğanın daha çox şansı olduğu aydındır. Lakin hal-hazırda, seçkilərdən çox qısa zaman öncə, AKP-nin namizədi, hazırkı prezident Rəcəp Tayyip Ərdoğanın və CHP-in namizədi olan Muharrem İncənin prezidentliyə daha yaxın olduğunu söyləsək, zənnimcə yanılmarıq.

AKP və seçki öncəsi yaşanan ciddi böhran

R.T.Ərdoğan prezidentliyə əsas namizədlərdən biridir. Lakin bu seçkilərin AKP və prezident Ərdoğan üçün öncəkilərdən daha fərqli olduğu danılmazdır. Bu dəfə AKP hökuməti və onun lideri Ərdoğan hakimiyyətdə olduqları 15 il ərzində heç vaxt üzləşmədikləri böhranla qarşı-qarşıyadır. Belə ki, əllərində cəmlənən maddi, siyasi və media resurslarına baxmayaraq AKP və onun lideri Ərdoğanın prezident seçkiləri ərəfəsində apardığı kampaniya əvvəlki seçkilərlə müqayisədə yumşaq desək, effektiv deyil və artıq mitinqlərdə əvvəlki izdihamdan əsər-əlamət yoxdur. Ərdoğan bu seçkilərdə “qalib gəlsək birlikdə qalib gələcəyik, məğlub olsaq isə birlikdə məğlub olacağıq” deməklə ilk dəfə olaraq məğlubiyyət ehtimalının olduğunu dilə gətirir ki, bu da AKP-nin düşdüyü dərin böhranı çox aydın şəkildə ifadə edir. AKP hökumətinin ciddi böhran içində olduğunu təsdiq edən başqa məsələ isə Ərdoğanın seçki kampaniyası zamanı heç bir ciddi iqtisadi, sosial inkişaf vədi verməməsidir. Halbuki bundan öncəki seçkilərdə gələcəyə yönəlmiş siyasi, iqtisadi, sosial rifah vədləri ilə yanaşı, cəmiyyətə verilən sülh, “kürd problemi” nin çözülməsi mesajları partiyanın uğur qazanmasında müstəsna rol oynayırdı. Lakin “böhran” və hakimiyyətin “özünün özünü tükətməsi” elə bir həddə gəlib çatıb və problem o qədər dərindir ki, öncəki illərdən fərqli olaraq əhalinin problemləri görməzlikdən gəlinir, sözdə belə heç bir ciddi vəd verilmir və bir an öncə seçkilərin bitməsi gözlənilir.
AKP hökuməti üçün başqa bir maneə isə hazırda yüksəlişdə olan, ancaq seçki kampaniyası başlamazdan öncə hakim partiya tərəfindən, belə demək mümkünsə, ciddi rəqib kimi qəbul olunmayan “İYİ” və “Səadət” partiyalarının CHP ilə ittifaqa daxil olmalarıdır. Bu məqamda, yüksəlişdə olan İYİ partiyasının yerinə, nüfuzdan düşmüş və özü ciddi böhran yaşayan MHP ilə koalisiya yaratması AKP-nin strateji səhvi kimi dəyərləndirilə bilər. AKP üçün başqa bir arzuolunmaz məsələ isə “Səadət” partiyasının öz namizədini irəli sürməsi və seçki kampaniyasını müstəqil şəkildə aparmasıdır ki, bu amilin mühafizəkarların səslərinin bölünməsinə gətirib çıxaracağı danılmaz faktdır.
Beləliklə, AKP-nin siyasi səhnədə bir növ tək qalması və cəmiyyətin yalnız mühafizəkar təbəqəsi tərəfindən dəstəklənməsi hakim partiyanı və onun liderini o qədər ciddi narahat edir ki, son mitinqlərinin birində Türkiyənin keçmi baş naziri, eləcə də Türkiyə tarixinin ən zəif idarəçilik dönəmlərindən birinə imza atmış, siyasi səhnədə heç bir iddiası və proseslərə heç bir təsir gücü qalmayan və bu səbəbdən illərdir hər kəsin gözündən uzaq yaşayan Tansu Çillər səhnəyə dəvət olunaraq Ərdoğana dəstək kampanyasında iştiraka cəlb edildi. Bu, Türkiyənin hazırki prezidentinin bir növ “saman çöpündən yapışmaq” istəyi kimi qiymətləndirilə bilər.
Bütün bu faktorları nəzərə alaraq iddia etmək olar ki, hakimiyyətdə olduğu neçə illər ərzində ilk dəfə olaraq sükan Ərdoğanın əlində deyil. Ölkədəki böhran isə getdikcə böyüyür və maraqlısı da odur ki, AKP-nin qalib gələcəyi halda belə, bu “xroniki böhranın” yaxın gələcəkdə həllini tapması real deyil. Normal şərtlər daxilində Ərdoğan bütün hallarda uduzulan bir seçkinin astanasındadır və AKP tarixinin ən çətin və sancılı dönəminə qədəm qoyur.

Muharrəm İncə müxalifətin əsas namizədi rolunda

Bir çoxlarının düşüncəsinə görə CHP-nin namizədi olan İncə çox uğurlu siyasi kampaniya yürüdür. Bəli, bu fikirlə qismən razılaşmaq olar. Hər şeydən öncə, AKP-nin həmişəki kimi 3 əsas mübarizənin “sağ” və “sol” qüvvələr arasında gedəcəyini göstərmək strategiyası fiaskoya uğradı. İncənin uğurlu siyasi kampaniyası ərzində “mən hər kəsin prezindenti olacam”, “kürd məsələsini çözəcəm” deməsi ilə yanaşı, iqtisadi və sosial rifah vədlərinin də çox yerində olduğu qədər, çox da inandırıcı səsləndiyini etiraf etmək lazımdır. CNN Türk, Fox kanallarında canlı yayımlanan tele-debatlarda İncənin çıxışları əsas rəqibi olan Ərdoğanla müqayisədə daha uğurlu kampaniya keçirdiyinin başqa bir sübutudur. İncənin özünü xalqın içindən biri kimi təqdim etməsi, Ərdoğanı isə “saraylı” adlandırması “solçu”, liberal və hətta “mühafizəkar” kütləni ələ almağa hesablanmış strateji addımdır. Düşünürəm ki, bu siyasi gediş İncə tərəfindən yetərincə uğurla həyata keçirilir.
Seçki kampaniyasında tərəflərin tutduqları strategiyanı və etdikləri siyasi gedişləri, eləcə də, digər faktorları nəzərə alaraq qətiyyətlə demək olar ki, İncənin bu qədər parlaq siyasi kampaniya həyata keçirəcəyi və cəmiyyətdə CHP-nin məhz İncənin simasında baş verməkdə olan “siyasi dirilişi” AKP tərəfindən əvvəlcədən heç cür hesablanmamışdı. Odur ki, bu siyasi canlanma Ərdoğan və onun yandaşlarını seçkilər bitənə qədər çox ciddi narahat edəcək.

İncənin Ərdoğanla söz savaşı

Bütün uğurlu addımları nəzərə alsaq belə, İncənin seçki kampaniyasını qüsursuz adlandırmaq olmaz. Çünki zənnimcə çox ciddi strateji və normalda edilməməli səhvlərə yol verilir. Məsələn, əgər seçki kampaniyasının ilk zamanlarında İncə öz çıxışlarını AKP hökümətinin idarəçiliyi dövründə iqtisadiyyatda, daxili və xarici siyasətdə, “kürt probleminin” həlli ilə bağlı meyadana çıxan problmlərin tənqidi üzərində qururdusa, son zamanlar Əroğanla siyasi polemikaya girərərək, kampaniyasını daha çox Ərdoğanın şəxsi üzərindən aparır ki, bu, ciddi strateji səhvdir. Məsələn, “prompter”, Ərdoğanın illəri səhv salması, müəyyən məlumatları yanlış verməsi, məlum “diplom” polemikaları yerinə, İncə kampaniyası boyu Türkiyəni düşdüyü bu ağır böhrandan necə çıxaracağını, hansı iqtisadi-siyasi islalahatların həyata keçiriləcəyini açıqlasaydı, daha uğurlu strategiya seçmiş olacaqdı ki, bu da öz növbəsində seçkini qazanmaq imkanlarını daha da artıracaqdı. Çünki daxili və xarici siyasətin, iqtisadiyyatın bu qədər AKP hökümətinin nəzarətindən çıxdıqı və bütün “kartlar” Incənin əlində olduqu bir vaxtda, gələcəyə yönəlmiş iqtisadi, sosial və siyasi vədlər yerinə Əroğanla girilən siyasi polemikayla əldəki “güclü kartlardan” çox yalnış istifadə edilir.
Hazırkı gedişi ilə İncə illərdir Ərdoğanın mahircə həyata keçirdiyi “şəxslər üzərindən oynanan siyasi polemika tələsinə” düşməkdədir. Bu “tələnin” qurbanı təkcə İncə deyil. Ərdoğanın bu “siyasi tələsinə” ondan öncəki siyasi liderlər Dövlət Baxçalı, Dəniz Baykal, Kamal Kılıçdaroğlu da düşüblər. Məsələnin qəribəliyi isə odur ki, bununla bağlı İncənin siyasi məsləhətçiləri ona xəbərdarlıq etmir. Əksinə, aydın görünür, Ərdoğanla bu cür “polemikaların” İncəyə daha çox uğur gətirə biləcəyi tövsiyyə edilir ki, o da mitinqlərdə tez-tez Ərdoğanla “söz yarışına” girir.

Nəticə

Böyük ehtimalla İncə və Ərdoğan ikinci tura qalacaqlar və ikinci turda prezidentlik uğrunda mübarizəni davam etdirəcəklər. Zənnimcə, seçkilərin ən maraqlı və əvvəlcədən təxmin edilməsi çətin olan hissəsi də bundan sonra başlayacaq. Belə bir proqnoz vermək çox riskli olsa da, bütün riskləri göz önünə alaraq iddia etmək olar ki, ilk turkda Ərdoğan 44-45 % və daha aşağı səs faiz səs toplasa, İncə isə öz növbəsində 30 % bariyerini keçə bilsə, ikinci turda CHP psixoloji üstünlüyu ələ keçirə bilər. CHP və İncənin ikinci turda “İYİ”, “Səadət” və Xalq Demokrat Partiyasının (HDP) seçicilərinin də səsini almaq ehtimalının böyük olduğunu nəzərə alsaq, bu turda qeyri-adi və əvvəlcədən proqnozlaşdırılmayan nəticə ilə qarşılaşa bilərik.
Yox əgər bütün bu çətinliklərə, böhran içində olmağına baxmayaraq, AKP yenidən qalib gələrsə, bu, hakim partiyanın və onun liderinin uğurundan daha çox müxalif düşərgənin uğursuzluğu sayılacaq. Bu durum müxalifətin AKP tarixinin hazırkı ən “dişsiz” dönəmini öz lehinə istifadə edə bilməməsi kimi qiymətləndirilməlidir və belə də tarixə düşəcək. Hər cür nəticəni gözə alaraq onu deyə bilərəm ki, istər İncə, istərsə də, Ərdoğan qalib gəlsin, Türkiyəni çox çətin və xeyli qarışıq bir dönəm gözləyir və yaxın zamanda illərlə dərinləşmiş siyasi və iqtisadi böhrana tezliklə çözüm tapmaq müşkül olacaq.

Yunis Gurbanov,
Almaniyanın Köln Universiteinin Beynəlxalq və Xarici Siyasət Kafedrasının aspirantı və elmi işçisi, hal-hazırda Amerikanın Kolumbiya Universitetinin Harriman İnstitutunda elmi tədqiqatçı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.