Dövlət Baxçalının seçki sürprizi – Türkiyə heyrətdə
28-06-2018, 19:28
Türkiyədə 24 iyun seçkilərinin nəticələri ətraflı şəkildə nəzərdən keçirildikdə əhəmiyyətli sürprizlər və statistikalar ortaya çıxıb. Bu sürprizlərin ən böyüyünü isə Cümhur İttifaqına daxil olan MHP edib.
Axar.az xəbər verir ki, seçkilərdə ən diqqətçəkən məqamlar məhz Şərqi və Cənub-Şərqi Anadolu bölgəsində qeydə alınıb.
24 iyun seçkiləri ərəfəsində AKP və MHP-nin yaratdığı ittifaqın Şərqi və Cənub-Şərqi Anadoluda Dövlət Baxçalının partiyasına görə səslərinin azalacağı proqnozlaşdırılırdı. Seçki nəticələrinin diqqətli şəkildə analizi isə onu göstərib ki, İYİ Partiyasının qurulmasından sonra səslərinin azalacağı qeyd olunan MHP nəinki səslərini azaldıb, əksinə, daha çox səs toplayıb, AKP isə səs faizlərini qorumağa nail olub.
MHP-dən böyük sürpriz
Harran bölgəsində 48.8 faiz səs toplayan MHP göstəricisini Hakkari, Şırnak və Tuncelidə də yaxşılaşdırmağı bacarıb. Burada MHP-nin səsləri 2-3 faiz həcmində artıb. Çukurcada 11.3 faiz səs toplayan MHP bu mahalda 3-cü sırada yer alaraq böyük təəccübə səbəb olub. Şanlıurfanın Harran mahalında 48.8 faiz səslə birinci olan Baxçalının partiyası Tuncelinin Pertek mahalında 8.5 faiz səs toplayıb.
MHP Şırnakda səs faizini 1.4 faizdən 4 faizə qədər yüksəldib.
Egey və Aralıq dənizi bölgəsində səs itirən partiya bunun əvəzində Hakkaridə 2.3 faiz, Şanlıurfada 6.6 faiz, Bingöldə 4.1 faiz, Tuncelidə 3.1 faiz, Vanda 2 faiz, Şırnakda 2.8 faiz, Adıyamanda 6.2 faiz, İqdırda isə 11.2 faiz səslərini artırıb.
Şırnakın Uludərə bölgəsində əvvəlki seçkilərdən təxminən 3 dəfə çox səs toplayan MHP 4.4 faiz səs yığıb. Beytüşşəbabda 2015-ci ildə 2 faizə bərabər olan MHP səsləri son seçkidə 3.5 dəfə artaraq 7.9 faiz kimi gözlənilməz göstəriciyə qalxıb.
P.S Amma nədənsə bu artmalar MHP-nin millət vəkil sayına heç təsir etməyib.Millət vəkili sayı azalıb!