‘’Burda jurnalistlərə bunu yazma, onu çəkmə demək mümkünsüzdür’’ – Türkiyənin media məmuru ilə müsahibə

15-07-2018, 12:55           
‘’Burda jurnalistlərə bunu yazma, onu çəkmə demək mümkünsüzdür’’ – Türkiyənin media məmuru ilə müsahibə
Türkiyə dövlətinin media sorumlusu Mehmet Akarca: “Bizdə həbsdə olan jurnalistlərin sayı 3-4 nəfərdir”
Türkiyə Mətbuat və İnformasiya Baş İdarəsi Müdirliyi (Basın Yayın İnfarmasion Genel Müdirliyi) rəhbəri, tanınmış qazetçi-yazar Mehmet Akarca hazırda İstanbulda səfərdə olan “Yeni Müsavat” əməkdaşının suallarını cavablandırıb. Musavat.com həmin müsahibəni təqdim edir.

- Türkiyə mediası 2 il öncəki 15 iyul sınağından necə çıxdı?

-O imtahandan yaxşı çıxdı deyə bilərik. Bəzilərini çıxmaq şərtilə ümumi mənzərə çox yaxşı idi. Təbii ki, ölkədə müxalif və tənqidi media var. Bu da normaldır. Onlar da, hökmətin yaxınında olan media orqanları bu məsələdə yetkil davrandılar. Hadisələri obyektiv şəkildə cəmiyyətə çatdırdılar, heç kimdən qorxmadan növbətçiliklərini etdilər, hadisə yerlərinə getdilər.Olduqca uğurlu bir imtahandan çıxdılar.

-Fetocu adlandırılan media orqanlarının hamısını aşkarlaya bilmisizmi? Aşkarlananlarla bağlı hansı tədbirlər görülüb?

-FETO terror təşkilatına yardım edən, onları təbliğ edən media qurumları müəyyənləşdirilib, onlarla bağlı məhkəmələr keçirilib. Bəziləri həbsdə, bəziləri isə ölkə xaricindədir. Fərqli ölkələrdə yaşamağa davam edirlər. Yaxalandıqca cəzalarını çəkəcəklər. Keçdiyimiz günlərdə bir məhkəmə yekunlaşdı. Bu hadisələrlə bağlı günahı olanlar cəzalandırıldı, ömürlük həbs cəzası alanlar oldu.



-Mehmet bəy, Türkiyədə FETO olayları ilə bağlı həbslər serial xarakter almağa başlayıb. Hadisələrin üstündən 2 il keçsə də, zaman-zaman yeni məhkəmə prosesləri keçirilir, yeni suçlular üzə çıxır. Bu, illərlə davam edəcəkmi? Günahkarların sayı həddən artıq çoxdur, ya istintaq mərhələli çalışır?

-Bu hadisənin masştabı çox böyükdür. Saxlanılanlar, cəza alanlar var. Hər biri istintaq zamanı müəyyən faktlar açıqlayır, ifadələr verir. Bu zaman da olayla bağlı yeni şəxslərin əməlləri üzə çıxır, onlar istintaqa cəlb edilir. Baylok deyə gizli telefon proqramından istifadə edənlər vardı. Onlar bu proqram vasitəsilə bir-birilə xəbərləşirdilər. O proqramdan istifadə edənlərin istintaqı bitdi. Amma ‘’Baylok’’ proqramı ilə hər şey bitmir. Belə gizli xəbərləşmə proqramlarından istifadə edənlərin sayı çoxdur. Bunlar ortaya çıxdıqca istintaq da öz işini davam etdirir. Mafiya, terror təşkilatları ilə bağlı aparılan istintaqlarda hər zaman bu mənzərə yaşanır. Yeni faktlar, elementlər həbslərin də, suçluların da sayını artırır.

-Siz ölkənin mediaya cavabdeh olan rəhbər vəzifəli şəxslərindənsiz. Türkiyədə azad media varmı, fikrinizcə?

-Tiraj etibarilə baxası olsaq, AKP-in etdiyi bir çox icraatı tənqid edənlər üstünlük təşkil edir. Türkiyədə kiməsə “bunu yazma, onu yaz, bu tipli görüntü alma” demək mümkün deyil. Təzyiq tətbiq olunmadığı, hər kəsin azad şəkildə öz fikrini ifadə etdiyi, xəbər yazdığı bir ölkədə də təbii ki, müstəqil medianın olduğunu deyə bilərik.



-Bəs Türkiyədə həbsdə olan jurnalistlər barədə nə deyə bilərsiz?

-FETO olayları ilə bağlı istintaqa cəlb edilən, həbs olunan jurnalistləri bir kənara qoyaq. Çünki onlar çevriliş cəhdində iştirak edənlərdir. Bu olay çox ciddidir, bu çevriliş nəticəsində həyatını itirən insanlar var. Onları ayrı tutmalıyıq. Amma bəzi fərqli cinayətlərə – təcavüz, oğurluğa görə həbs olunan jurnalistləri çıxmaq şərtilə, həbsdə olan jurnalistlərin sayı 3-4 nəfərdir. Baxmayaraq ki, onlar sarı media kartına (Türkiyədə jurnalistlərə verilən ən ciddi press -kartdır) sahib şəxslərdir, xalqı yanıldıcı xəbərlər yayan şəxslərdir. Söhbət sıradan yanıldıcı xəbərlər yazanlardan getmir, təbii ki. Bu jurnalistlər Türkiyənin beynəlxalq nüfuzuna zərbə vuracaq, onu yalandan İŞİD-lə əlaqələndirəcək bəzi xəbərləri yayanlardır. Bununla bağlı cəzalar da ağırdır.

-Nə dərəcədə ağırdır? Neçə il müddətinə cəza verilir?

-Mən ötən gün Almaniyanın ölkəmizdəki səfirindən soruşdum ki, sizdə nasizmi təbliğ edən qruplara dəstək verən jurnalistlərə nə kimi cəza verilir. O da dedi ki, ömürlük cəza. Bizə gəlincə, yalan xəbərçilik yayıb, terrora dəstək verənlərlə bağlı cəzanı məhkəmələr müəyyənləşdirir. Biz deyə bilmərik ki, filan qədər cəza verilsin və ya verilməlidir. Amma cəzasız da qala bilməz. Hazırladığın yalan xəbərlərlə böyük bir dövlətin beynəlxalq nüfuzuna xələl gətirirsən. Dünyada da Türkiyəni sevməyənlər bu xəbərləri göydə tutur və bunu tirajlayırlar. Bizim imicimizi zədələməyə çalışırlar. Dövlət sirlərini ifşa etməkdən tutmuş, sirləri yalan şəkildə yaymağa qədər, bir çox cinayətin elementi sayılır bunlar.

-İmici zədələməyə nail oldular bu jurnalistlər?

-Bir müddət buna nail oldular. Bəzi dövlətlərdə Türkiyənin İŞİD-ə dəstək verməsi ilə bağlı yanlış fikir formalaşdı. Halbuki İŞİD-lə mübarizədə ən aktiv olan Türkiyə idi. Amma buna baxmayaraq, hələ də bəzi dünya ölkələrində bizi İŞİD-ə dəstək verən ölkə kimi görürlər. Buna səbəb həmin əxlaqsızların, xainlərin hazırladığı bu sayaq xəbərlərdir. Onlara qarşı heç bir cəza olmamalıdır, sizcə?

-Yalan xəbər hazırlayıb, ölkənin imicinə zərbə vuran jurnalistlərdən danışdız. Bəs Türkiyə mediasında rüşvətxorluq, pul qarşılığında yalan xəbərçiliklə məşğul olanlar varmı?

-Başqa bir dövlətdən pul alıb, belə yalan xəbərçiliklə məşğul olanlar cəsusluq fəaliyyəti ilə məşğuldular. Belələri vardı, onların istintaqı gedib. Ola bilər ki, indinin özündə də var. Bunu da xüsusi xidmət orqanları müəyyənləşdirməlidir. Amma bunlar böyük əksəriyyəti təşkil etmir.



-Mehmet bəy, Azərbaycanda hökumət evsiz jurnalistlərə ev verir, mükafatlar təqdim edir. Türkiyədə bu təcrübənin olmasını istəyərsizmi? Mövqeyiniz necədir bununla bağlı?

-Hər ölkənin fərqli siyasəti, məsələlərə yanaşması var. Türkiyədə jurnalistlər öz aralarında təşkilatlanıb kooperativ şirkətlər qururlar. Bələdiyyələr də jurnalistlərə müəyyən güzəştlər edirlər. İstanbulda, Ankarada bir çox jurnalist binaları var. Amma onlar bunu öz cəhdləri, zəhmətləri ilə ediblər. Bununla paralel dövlətdən də bu formada dəstək görməklə ev sahibi olanlar var. Amma dövlətin jurnalistlərə ev verməsi kimi bir hallar yoxdur. Mənim fikrimcə, olmamalıdır əslində. Çünki media azaddır, belə bir təcrübə olsa, bu, Türkiyədə xeyli söz-söhbətə səbəb ola bilər. “Əhmədə verdin, niyə Mehmedə vermədin” deyə səs-küy, sual, şübhələr yarana bilər. Ona görə də bunu çətin görürəm.

-Türkiyə qəzetləri ilə ilk tanışlıqda insanın diqqətini daha çox çəkən onların maqazin, şou biznes xəbərlərinə üstünlük verməsidir. Birinci səhifədə belə şou biznes nümayəndələrinin böyük şəkilləri siyasi xəbərlərin anonsunu kölgədə qoyur. Televiziyalarda da bu, belədir. Səbəbi nədir, fikrinizcə?

-Bu fikrinizə qatılmıram. Xəbərlərin faiz göstəricilərinə baxsaq, hər birinə eyni ölçüdə yer verilir. Amma maqazin, şou biznes xəbərləri də önəmlidir. Hər kəsin tanıdığı müğənninin ayağının qırılması da önəmli xəbərdir. Bu baxımdan Türkiyədə balansın qorunmadığı qənaətində deyiləm. İqtisadi, sosial, siyasət xəbərləri də geniş yer alır. İnsanlar maraqlanırsa, bu, xəbərdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.