Deputatların yay istirahəti planı - Şəki, Bakı, Naxçıvan...

16-07-2019, 09:05           
Deputatların yay istirahəti planı - Şəki, Bakı, Naxçıvan...
Milli Məclis üzvləri istirahəti harada və necə keçirməyi düşünür?
İyul ayının 15-dən etibarən Milli Məclisin deputatları tətilə çıxır. Nizamnaməyə əsasən, deputatların tətil müddəti avqustun 30-dək davam edəcək. Bəs deputatlar bu yay istirahətini harada və necə keçirməyi düşünür?

Mövzu ilə bağlı “Yeni Müsavat” bir neçə deputat arasında sorğu keçirib.

Millət vəkili Fazil Mustafa bu yayı da Bakıda keçirəcəyini deyib: “Həmişə olduğu kimi, bu yay istirahətini də əsasən Bakıda, dəniz kənarında keçirəcəm. Bir-iki gün hansısa tədbirlə bağlı kənara çıxara bilərəm, amma qeyd etdiyim kimi, əsasən paytaxtda olacam”. Deputat onu da qeyd etdi ki, parlamentin Həmkarlar İttifaqı da deputatların yay istirahəti üçün güzəştli dəstəklər verir: “Parlamentin də Həmkarlar İttifaqı var və qurum fəaliyyət göstərir. Bəzən qurum deputatların prestijli məkanlara getmək məsələsinə köməklik göstərir, müəyyən güzəştlərlə dəstək verir”.

Deputat Araz Əlizadə isə yay istirahətini ancaq öz evində keçirəcəyini açıqladı.

Deputat Aydın Mirzəzadə də digər həmkarları kimi yay istirahətini ölkədə keçirəcəyini dedi: “Adətən yay istirahətimi Azərbaycanda keçirirəm. Olur ki, bəzən istirahətdə Mingəçevirə də gedirəm. Dəvət olanda ailəmlə birlikdə bölgələrə də çıxıram”.


Deputat Asim Mollazadə də yayı Bakıda keçirəcəyini bildirib.

Deputat Elman Nəsirov isə yay istirahəti zamanı Şəkidə olacağını açıqladı: “Bildiyiniz kimi, bu günlərdə Şəkidəki Xan Sarayı UNESCO Ümumdünya İrs Siyahısına əlavə edildi və Şəkinin əzəməti daha da böyüdü. Bu yaxınlarda mənim də yolum Şəkidən düşdü və onun təbiəti çox xoşuma gəldi. Doğrudur, bundan əvvəl də Şəkidə olmuşdum. Amma bu dəfə bu şəhər məni daha da valeh etdi. Buna görə düşünürəm ki, yay istirahətimdə ailəmlə birgə Şəkiyə gedim”.

Deputat qeyd etdi ki, yay istirahətini adətən bölgələrimizdə keçirir: “Çünki adətən il boyu xarici ölkələrdə səfərlərdə, tədbirlərdə oluruq. Buna görə də istirahəti bölgələrimizdə keçirməyə üstünlük verirəm”.

Deputat Fəzail Ağamalı isə artıq Naxçıvana istirahətə yollandığını açıqlayıb. Deputat bu barədə öz facebook səhifəsində məlumat paylaşıb: "Hər il artıq ənənə şəklini alan Naxçıvan səfərimdə muxtar respublikanın yüksək peşəkarlıqla restavrasiya edilən təkrarsız tarixi abidələrini - Nuh, Möminə Xatun və Yusif İbn Quseyr türbələrini, Xan Sarayını, Əlincə qalası və Əlincəçay xanəgahını, Qarabağlar türbəsini ziyarət etməklə yanaşı, mütləq mənada muxtar respublikanın incisi olan və dəniz səviyyəsindən 2200-2500 metr hündürlükdə yerləşən Batabata getməyi vacib sayıram. Bura getməklə təkcə bu əsrarəngiz və təkrarsız təbiət möcüzəsinin gözəlliklərindən zövq almaq, buz kimi sərin “Zor” bulağından doyunca su içməklə kifayətlənmirəm, həm də doğulub böyüdüyüm tarixi Azərbaycan yurdu olan Zəngəzur mahalının, onun bir parçası kimi Sisian və doğma kəndim Şıxların sərin mehlə Batabata doğru axıb gələn havasını acgözlüklə udmaq istəyirəm.

Bu səfərimdə də Batabata getdim və qərara aldım ki, onun uca yerlərindən birindən doğma türk yurduna göz gəzdirim, havasını ciyərim dolusu udum və onunla təmasda olum..."

Xalidə GƏRAY,
“Yeni Müsavat”шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.