Avropadan qayıdan miqrant dalğası sosial gərginlik yarada bilərmi? - GƏLİŞMƏ

22-11-2019, 10:50           
Avropadan qayıdan miqrant dalğası sosial gərginlik yarada bilərmi? - GƏLİŞMƏ
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov ölkəyə qaytarılan miqrantlarla bağlı REAL TV-yə eksklüziv müsahibə verib və bildirib ki, Avropa Birliyi ilə readmissiya sazişi imzalanandan sonra 1385 nəfər geri qaytarılıb və hələ daha bu qədərinin qaytarılacağı da gözlənilir.

Qaytarılan şəxslərin sonrakı taleyi ilə bağlı prosedurlara toxunan Vüsal Hüseynov deyib ki, onlarla söhbət aparılır, ehtiyacları öyrənilir, bundan sonra isə sərbəst buraxılırlar. Onların 33 faizi ilə bağlı müvafiq dəstək tədbirləri də görülüb - yəni ailələrin təhsil, səhiyyə kimi ehtiyaclarının ödənilməsi təmin olunub.

Xarici dövlətdən sığınacaq almaq prosedurunun detallarını izah edən xidmət rəisi göstərib ki, bu, heç də “miqrasiya dəllalları”nın insanlara təsvir etdiyi qədər asan və sadə deyil: “Buna görə də onların şirnikləndirici təkliflərinə və vədlərinə inanmaq olmaz. Qaytarılan şəxsləri müxtəlif növ etirazlara həvəsləndirən də elə həmin ”miqrasiya dəllalları" olur. Çünki onlar düşünürlər ki, bu yolla xarici dövlətin müvafiq qurumunun öz qərarını dəyişdirməsinə nail olmaq mümkündür. Amma bu, çox ciddi səhvdir".

“Heç bir dövlət öz miqrasiya qanunvericiliyini əcnəbilərin marağına uyğunlaşdırmır. Onlar üçün əsas öz vətəndaşlarının maraqlarıdır” deməklə bu haqdakı yanlış təsəvvürləri dağıdan Vüsal Hüseynov əlavə edib ki, Azərbaycan tərəfi də öz növbəsində, bizim vətəndaşların saxta sənədlər və uydurma əsaslarla xarici dövlətlərdən sığınacaq almasında maraqlı deyil.

Sonda vətəndaşların “miqrant dəllalları”nın toruna düşməməsi üçün Vüsal Hüseynov bəzi vacib məsələlərə də aydınlıq gətirərək, tövsiyə edib ki, əgər kimsə hansısa Avropa dövlətinə getmək istəyirsə, bunun leqal yollarından istifadə etsin. Çünki saxta yollarla sığınacaq almaq yaxşı sonluğa gətirməyəcək. Miqrasiya Xidmətinin rəisi həmçinin xatırladıb ki, bu gün qonşu dövlətlərdən - Ermənistan və Gürcüstandan Avropaya miqrasiya etmək istəyənlər Azərbaycanla müqayisədə 4-5 dəfə çoxdur. Ölkələrin əhalisinin sayını da nəzərə alanda, bu, üç ölkədəki vəziyyətlə bağlı çox ciddi mənzərə yaradır.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun açıqlamasından da göründüyü kimi, ölkəyə geri qaytarılan miqrantların sayı arta bilər. Almaniyadan sonra Fransa və digər ölkələr də bənzər addım atacaqlar. Bəs görəsən, bu, ölkəmizdə sosial gərginliyə səbəb ola bilərmi? Onlar Azərbaycan dövləti tərəfindən qəbul ediləcəkmi? Həmin şəxslərin psixoloji durumu ilə bağlı da iş aparılmalıdır. Çünki artıq miqrantlar arasında intihara cəhd edənlər də olub. Əksəriyyəti Azərbaycandakı bütün mal varlığını sataraq getmişdi. O insanların normal yaşam səviyyəsinə qayıtması da uzun zaman alacaq.



İqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov da mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, istənilən halda bu, çox problemli bir məsələdir: “Bu qədər miqrantın eyni anda bir ölkədən qaytarılması yaxşı hal deyil. Bütün parametrləri ilə, hansı prizmadan yanaşsaq pis haldır. Onların həmin ölkəyə gedişində hansısa qayda pozuntuları olub ki, ölkəyə geri qaytarılıb. Bu insanlar yəqin ki, Azərbaycanın bir bölgəsindən olan insanlar deyil. Ayrı-ayrı bölgələrdən gedənlərdir, onlar qayıdıblar, əksəriyyətinin yaşam şəraiti burada saxlanılıbsa, yaşayacaqlar. İş yeri axtaracaqlar. Onların problemləri adi bir vətəndaşın qayğılarından qat-qat çox olacaq. O insanlar ki, vətəndaşlıqlarını qoruyub saxlayıblar, vətəndaş olaraq burada imtiyazlardan istifadə edə bilərlər. Dövlətin müəyyən katerqoriyalarına düşənlər müəyyən imtiyazlardan istifadə edəcəklər. Vətəndaşlıqdan imtina edənlər isə daha çox çətinliklə üzləşəcəklər, onlar vətəndaşlıqlarını bərpa etmiş olacaqlar. Bunun özü də bir prosesdir”.

İqtisadçı alimin sözlərinə görə, dövlət yardım etməsə, insanlar ciddi yaşam problemləri ilə üz-üzə qalmalı olacaqlar: “Bu insanların problemləri kifayət qədər olacaq, yəqin ki, gedişatın özündə müəyyən səhvlər olub. Getdikləri ölkənin miqrant qəbulu qaydalarına riayət etməyiblər, onu öncədən öyrənməli və bilməli idilər. İndi onlar Azərbaycan vətəndaşı olaraq və ya vətəndaşlıqdan çıxmış azərbaycanlı olaraq geri qaytarılıblarsa, hansısa formada öz yerlərini tapmalıdırlar. 1300 nəfərdən çox adam qaytarılıb və bir o qədər də qayıdacaq, buna görə dövlət müəyyən addımlar atmalıdırlar. Əks halda, insanlar ciddi yaşam problemləri ilə üz-üzə qalmalı olacaqlar. Ancaq bu, dövlətin öhdəliyi deyil, onları dövlət göndərməyib. Sosial gərginlik yaranmaması və vətəndaşın problemlərinin çözülməsi prizmasından yanaşaraq, yəqin ki, onlara maksimum kömək olunacaq. Onlar diqqətsiz və qayğısız bir kənarda saxlanılmayacaq”.

Psixoloq Azad İsazadə isə “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, insanlar böyük ümidlə gedib, lakin geri qaytarılıblarsa, bu onlar üçün böyük psixoloji sarsıntıdır: “Bu insanlar böyük bir problemlə rastlaşıblar. Mindən çox insanın geri qayıtması cəmiyyət üçün də böyük sosial və psixoloji problemdir. İnsanlar oraya böyük ümidlə gediblər və onların 80 faizi praktiki olaraq gedərkən hər şeyi, həyat şəraitlərini qırıb gediblər. Evlərini və maşınlarını satıblar, işdən çıxıblar. İndi faktiki olaraq boş yerə qayıdırlar. Burada təkcə psixoloji yardımdan deyil, sosial yardımdan da söhbət getməlidir. 1000 nəfər az adam deyil və bu dalğa davam edə bilər. Bu qaçqın dalğasıdır - oraya axın da, geri qayıtma da. Onlara sosial təminat və iş təminatı lazımdır. Bu problemi həmin şəxslərin qohumlarının üzərinə atmaq doğru deyil. Miqrantların qayıtması böyük bir problemdir. Dövlət orqanları, QHT-lər, cəmiyyətlər onları burada hansısa formada qəbul edib yerləşdirməlidirlər. Onların psixoloji durumu da nəzarətdə saxlanılmalıdır. Çünki sarsıntı keçiriblər, istədiklərinə nail ola bilməyiblər”.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.