Pandemiyaya qarşı qonşulardan kim daha çox pul ayırıb? - ARAŞDIRMA

11-08-2020, 09:06           
Pandemiyaya qarşı qonşulardan kim daha çox pul ayırıb? - ARAŞDIRMA
Xeyli müddətdir ki, bəşəriyyətin yeni bəlasına çevirilən, insanları gündəlik məşğuliyyətlərindən uzaq salan koronavirus dünya üzərindəki hegemonluğunu davam etdirir.

Bu səbəbdəndir ki, bir çox iş yerləri bağlanıb, bəzi müəssisələr ixtisarlar həyata keçirib və bir çoxu əməkhaqqında azaltmaya gedib. Bu çərçivədə dünya iqtisadiyyatı, xüsusən də sənayesi böyük təhlükə altındadır. Artıq bir çox ölkələr iqtisadiyyatlarının 2020-ci ildə azalacağını gözlədiklərini açıqlayıb.

Yaranmış durumdan həm bütün kateqoriyalı sahibkarlar, həm işçi təbəqəsi böyük ziyan görüb və görməyə də davam edir. Bu tip halları yumşaltmaq məqsədilə ölkələr müəyyən tədbirlər planı hazırlamağı, xalq üçün sərfəli paketlər həyata keçirməyi gərəkli bildi.

Hazırda da dünyanın müxtəlif ölkələri iqtisadiyyat və məşğulluq bazarlarını koronavirus böhranı şəraitində saxlamaq, əhalinin durumunu yaxşılaşdırmaq üçün fərqli qərarlar qəbul edir və bunu həyata keçirirlər.

Xatırladaq ki, ötən yazımızda həmin ölkələrin bəziləri ilə sizi tanış etmişdik. Bu barədə daha ətraflı bu linkdə tanış ola bilərsiniz:

https://cebhe.info/tacli_virusla_mubarizde_guzest_paketi_hansi_dovlet_ne_qeder_ayirib_bizim_arasdirma-226014

Cebhe.info budəfəki araşdırmasında müxtəlif sahələrdə Azərbaycanla yaxın olan ölkələrdə qəbul edilən tədbirlər planını sizə təqdim edəcək:

Türkiyə

Hələ apreldə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan böhranla mübarizə üçün koronavirus həmrəyliyi kampaniyasının başladığını açıqlayıb. "Biz özümüzə yetərik, Türkiyəm" sloqanı ilə başladılan kampaniyaya Ərdoğan yeddi aylıq maaşını bağışladığını açıqlayıb. Ərdoğan bütün partiyaları, millət vəkillərini, bələdiyyələri, vətəndaşları kampaniyaya dəstək olmağa çağırıb.

Bundan əlavə, Türkiyə hökuməti, iqtisadiyyata 100 milyard TL məbləğində dəstəyini nəzərdə tutan "İqtisadi Sabitlik Qalxanı" adlı paket hazırlamışdı. Paket çərçivəsində pərakəndə satış, ticarət mərkəzləri, avtomobil və logistika kimi sektorların ixtisarı, ƏDV və SGK altı aya təxirə salınıb. Bundan əlavə, pul axını pozulan şirkətlərin banklara olan borcu üç aya təxirə salınıb. Firmaların vergisi noyabr ayınadək təxirə salınıb, daxili hava nəqliyyatında ƏDV dərəcəsi üç ay ərzində (aprel, may, iyun) 18 faizdən 1 faizə endirilib.

Ölkədə virusa yoluxan şəxslərin müalicəsi ilk aylarda ödənişsiz həyata keçirilib. Həmçinin tibb işçilərinin əməkhaqqı yüksəldilib.

Pandemiyadan əziyyət çəkən bütün şirkətlərə işçilərin sayını azaltmamaq şərti ilə 10 milyon lirədən 100 milyon lirəyə qədər "Biznesə davamlı kredit dəstəyi" verilib.

Aztəminatlı ailələrə 1000 lirə pul dəstəyi verilməsi planlaşdırılıb.

Gürcüstan

Gürcüstan hökumətinin aprelin 1-i verdiyi qərara əsasən, 200 kilovat elektrik enerjisi və 200 kubmetr təbii qazdan az istifadə edən abonentlərin kommunal xərcləri 3 ay müddətinə dövlət tərəfindən ödənilib.

Bura təmizlik və su üçün xidmət haqları da daxildir. Bu kömək isə hər bir vətəndaşa şamil olunub.

Həmçinin Gürcüstan hökuməti insanlara və müəssisələrə koronavirus pandemiyasının nəticələrini aradan qaldırmaqda kömək edəcək bir antiböhran planını təsdiqləyib. Müəyyən iş ilə məşğul olan vətəndaşlara 300 lari miqdarında birdəfəlik yardım olacaq (noyabradək). Bu məqsədlə büdcədən 75 milyon ayrılıb. İşlərini itirmiş və qeyri-müəyyən vaxt ərzində işsiz qalan vətəndaşlara 200 lari (63 dollar) miqdarında yardım veriləcək. Bu məqsədlə büdcədən 460 milyon lari (təxminən 145 milyon dollar) ayrılıb. Rifah şkalası üzrə 65 mindən 100 minə qədər bal toplayan ailələrə altı ay ərzində təxminən 600 lari (təxminən 188 dollar) yardım verilir. Eyni yardım üç və ya daha çox uşağı olan ailələrə və rifah şkalasında balları 100 minə qədər olanlara veriləcək. Büdcədə bu cür yardım üçün 83 milyon lari (26,1 milyon dollar) nəzərdə tutulur.

Gürcüstan hökuməti artıq biznesə olan mənfi təsiri azaltmaq üçün bir sıra tədbirlər hazırlayıb. Hazırda fəaliyyətləri otel və restoran sektoru ilə əlaqəli olan şirkətlər, turizm agentlikləri, nəqliyyat şirkətləri, tur şirkətləri və digərləri, hökumət gəlir vergisi və əmlak vergisinin ödənilməsini dörd ay müddətinə noyabrın 1-dək təxirə salacaq. Bu, bu gün Gürcüstanda fəaliyyət göstərən 18 min şirkətə və onlarda çalışan 50 min insana təsir edəcək. Bundan əlavə, Tiflisdəki bir sıra şirkətlər bir il müddətinə torpağın icarəsindən azad olunublar.

Rusiya

Rusiyada görülən ən vacib tədbirlərdən biri tibb işçilərinin maaşlarının artırılmasıdır.

Digər tərəfdən, karantində olan insanlar ölkədəki xəstəlik məzuniyyətindən faydalana bilər, federal büdcə işsizlik pullarını ödəyən yerli təşkilatlara dəstək verir. Həmçinin ölkədə koronavirus infeksiyasından zərər çəkmiş kiçik və orta sahibkarlar üçün qarşıdakı 6 ay ərzində illik vergi və rüsumların ödənilməsi təxirə salınacaq. Bundan əlavə, 12 min rubla qədər işsizlik müavinətnin indeksləşdirilməsi və 3 yaşınadək uşağı olan ailələrə 5 min rubl ödənilməsi nəzərdə tutulub.

İran

Koronavirusdan ən çox əziyyət çəkən ölkələrdən olan İranda görülən tədbirlərdən biri, 2020-ci ilin mart-iyun ayları arasında 1.5 milyon kasıb ailəyə 14-40 dollar məbləğində birbaşa pul yardımının edilməsidir.

İsrail

İsrailin Baş naziri Benyamin Netanyahu və Maliyyə naziri Moşe Kahlon iqtisadiyyatı ayaqda saxlamaq üçün təxminən 22 milyard dollar xərcləyəcəklərini açıqlayıblar. Yardım paketinə işsizlik maaşları və özəl sektora dəstək daxildir. Böhrandan əvvəl ölkədəki işsizlərin sayı 30 min olmasına baxmayaraq, son həftələrdə işsizliyə dəstək proqramlarından yararlanmaq istəyənlərin sayı 1 milyona çatıb.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.