Əliyev onunla görüşmədi: Moskvadan gözlənilməz etiraf – 10 il əvvəl Putin…

Bu gün, 09:24           
Əliyev onunla görüşmədi:
Rusiyanın Fövqəladə Hallar naziri Aleksandr Kurenkovun Bakıya səfəri nəticəsiz başa çatıb. Rusiya teleqram kanallarının yazdığına görə, Kurenkov Kremlin gözləntilərini doğrultmadan Moskvaya “əliboş” qayıdıb.

Məlumata əsasən, Bakı dekabr ayında AZAL təyyarəsinin vurulması faktının Rusiya tərəfindən rəsmi şəkildə tanınmasında israrlıdır. Lakin Kreml bu tələbi qətiyyətlə rədd edib. Həmçinin Azərbaycan məhkəməsi rusiyalı jurnalistlərin həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətləri də təmin etməyib. Məlumata görə, rusiyalı naziririn Azərbaycan Prezidenti İlham Əliyevlə planlaşdırılan qeyri-rəsmi görüşü də baş tutmayıb.

Bundan sonra Kreml hansı yolu tutacaq? Bakının şərtləri nə zaman qəbul edilə bilər?

Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov deyib ki, Kurenkovun səfəri Rusiya tərəfinin gözləntilərini qarşılamadı:

“Bunun səbəbi Azərbaycan deyil. Problem ondadır ki, Moskva Bakının bir çox sorğularına indiyədək cavab verməyib. Xüsusilə AZAL təyyarəsinin vurulması

məsələsi hələ də tam aydınlaşdırılmayıb. Rusiyanın davranışından görünür ki, bu ölkə Azərbaycanı bərabərhüquqlu tərəfdaş kimi qəbul etməkdə ya tərəddüd edir, ya da bəzən düşmən mövqeyindən çıxış edir. Bu isə anlaşılmaz və qəbuledilməz yanaşmadır.

Bakı həmişə Moskva ilə münasibətlərə ciddi önəm verib. İki ölkə prezidentləri arasında şəxsi münasibətlər də hər zaman isti və etimadlı olub. Xüsusilə 2015-ci ildə Rusiya və Türkiyə arasında böhran yaşananda Prezident İlham Əliyev vasitəçilik təşəbbüsü ilə çıxış edərək, münasibətlərin normallaşmasına çalışdı. Həmin hadisədən sonra Rusiya Prezidenti Vladimir Putin Azərbaycan rəhbərinə təşəkkürünü də bildirmişdi”.

Politoloqun sözlərinə görə, son dövrlər iki ölkə münasibətlərinə kənar müdaxilələr olub və bu, artıq Moskva nümayəndələri tərəfindən də rəsmi şəkildə etiraf edilir.

“Belə müdaxilələr real olsa da, buna şərait yaradan elə Rusiyanın özüdür. Ona görə də mövcud vəziyyətdə Azərbaycanı günahlandırmaq doğru olmaz. Təyyarə qəzası sadə məsələ deyil. Orada ölən insanlar arasında Rusiya vətəndaşları da vardı. Azərbaycan bu məsələdə prinsipialdır və tələblərindən geri çəkilmir.

Kurenkovun Bakıya səfəri bir daha göstərdi ki, Azərbaycanın mövqeyi dəyişməyib, dialoqa açıqdır. Prezident İlham Əliyevin Kurenkovu qəbul etməməsi bunun əksi kimi başa düşülməməlidir. Böyük ehtimalla, nazirin gətirdiyi mesajlar dövlət rəhbərliyinə çatdırılıb. Sadəcə Azərbaycan diplomatik etiketlərə və dövlət məsuliyyətinə riayət olunmasını tələb edir. Rusiya tərəfi məsuliyyətdən yayınmamalı, Azərbaycanın müstəqil xarici siyasət yürüdən, özünə güvənən bir ölkə olduğunu qəbul etməlidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.