Əşyaların ruhunu görən adam – İradə Musayeva yazır...
2-07-2018, 09:33
Kulis.az tənqidçi İradə Musayevanın “Ədəbi tənqidimizin Rüstəm Kamal obrazı” yazısını təqdim edir.
Günümüzün ədəbiyyatı və ədəbiyyatşünaslığının yeni bədii-estetik, eləcə də, modern dünya elmi ilə səsləşən ədəbi-nəzəri görüşlərə ehtiyacı var. Bu məqalənin mövzusu professor, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü Rüstəm Kamalın “Güzgü günü” esselər kitabı (Bakı, Çaşıoğlu, 2017.) ilə bağlı olduğu üçün, daha çox ədəbiyyatşünaslığın problemləri kontekstində yanaşmaq istərdim məsələyə. Artıq neçə on illərdir ki, ədəbiyyatşünaslarımız, xüsusən də nəzəriyyəçilərimiz və tənqidçilərimiz çox hallarda bədii mətnə, eləcə də ədəbi şəxsiyyətlərin yaradıcı obrazlarına, metod və üslubuna standart təhlil-tənqid qəlibləri çərçivəsində yanaşmaqda davam edir...
Rüstəm Kamal tam fərqli bir üslub, özünəməxsus baxış nəzəriyyəsi ilə gəldi sənətə. İntellektuallıq, mövzuya konseptual, erudik informasiya əsasında yanaşma potensialı, dünya nəzəri - estetik baxışlarına bələdlik və bütün bu mürəkkəblikləri sadə, poetik dillə oxucuya çatdırmaq məharəti onu hamıdan fərqləndirdi. Bir də tədqiqat predmetini tanıtım qəribəlikləri...
“Güzgü günü” kitabının adı kimi, içərisindəki esselerin başlığı da ilk baxışdan təəccüblü gəlir adama. Məsələn: “Molla Pənah Vaqif: Gözün tarixi”, “Molla Pənah Vaqif və Səməd Vurğun: felin karması”, “Mirzə Cəlilin hesab dəftəri”, “Ç-C-Ş: ömür səslərin ilgəyində”, “Akuşkadan görünən dünya”, “Mirzə Cəlilin teleqraf poetikası”, “Əbdürrəhim bəyin stomatoloji fantaziyası”, “Yusif Vəzirin vida dəftəri”, “Uca dağ başında”: Şuşanın landşaftı bədii mətn kimi”, “Qəbirüstü yazı: Səməd Vurğun məqamı”, “Səmədoğlular, saat neçədir?”, “Vaqif Səmədoğlunun yuxuları”, “Fonoqraf: Mikayıl Müşfiq və Asəf Zeynallı”, “Nitqi tərk etmək cəsarəti: Maqsud Şeyxzadə”, “Əli Kərim təbəssümü haqqında ballada”, “Məmməd Arazın qılınc və qələmi”, “Ailəmiz və romanımız”, “Bir əfsanə söylə, yaxud yaddaşın ekologiyası”, “Şairi gözlərindən tanımaq” və s.
Amma kitabı oxuduqca adların simvolikası, məna qatları açılır... Assosiasiya təfəkkürü R.Kamalın elmi yaradıcılığının məğzidir. R.Kamal bu təxəyyüllə hər şeydə, hətta adi məişət əşyalarında belə ruh, can, məna, məzmun görə bilir. Və bizi də buna inandırır. Ədəbi, tarixi şəxsiyyətlərin obrazı onun baxış bucağında bir başqa izahla ifadəsini tapır. Və bu “bir başqa izah” üslubunu, tərzini, tendensiyasını sözsüz qəbul etməli oluruq. Mən onun mətnə və müəllifə yanaşma metodikasında rus ədəbiyyatşünaslarının (Rüstəm Kamal Y.Lotmanın tələbəsi olub) və hətta dilçilərinin (xüsusən Balmontun səslərin anatomiyası ilə bağlı nəzəriyyəsinin və s.) çox zərif, incə, miniatür obrazlar qalereyası yaratma sənətkarlığını gördüm. Dünya nəzəri-estetik baxışlarının obrazyaratma texnikasında bizim öyrəşmədiyimiz, mücərrəd, abstrakt hesab etdiyimiz praktikanı məhz Rüstəm Kamal gətirdi ədəbiyyatşünaslığımıza. Məsələn, hərflərin rəngini, səslərin ölçüsünü, musiqisini, xarakterini, hətta “xasiyyətini” və s. tədqiq edən xarici dilşünas mütəxəssislərin yazıları ilə tanış olan adam R.Kamalın “yaddaşın ekologiyası” ifadəsinə şübhə ilə yanaşa bilməz...
“M.Baxtin Rable haqqında kitabının bir fəslində (“Rable gülüş tarixində”) A.Gertsenin sözlərini epiqraf kimi verir: “Gülüşün tarixini yazmaq hədsiz dərəcədə maraqlı olardı”.
Şairlərin gülüşünü yazmaq bir çox sirli, gizli mətləbləri duymağımıza imkan verərdi və maraqlı, mistik mənalar tarixi alınardı. Onlardan biri də “gülməyən” dahi şairimiz Səməd Vurğundur”.
Daha sonra müəllif gülüş, gülməklə bağlı S.Vurğunun həyatı və əsərlərindəki bəzi məqamları misal gətirir. Onun hətta repressiya illərində iclaslarda, tədbirlərdə min-bir yerə yozula, siyasi don geyindirilə biləcək mənalı zarafatlarını misal çəkir. Və göstərir ki, S.Vurğunun haqqında saysız-hesabsız yazılar toplanıb. Onun yerişindən, duruşundan, baxışından, yazı, yemək, danışıq tərzindən - hər şeydən danışıblar bu xatirələrdə. Amma gülüşündən heç kim...
Əlbəttə, söhbət bir mimik jestdən, təbəssümdən, ya qəhqəhədən getmir. Söhbət S.Vurğun xarakterindən, xasiyyətindən də getmir, söhbət acı uşaqlıq həyatı görmüş Vurğunun əsrin ən tragik dövrünə düşmüş cavanlığının tar-mar olmasından gedir... İctimai-siyasi dramatizm ağrılarının talelərdən keçən zamanlarından gedir...
“Nədənsə həmişə düşünmüşəm və inanmışam ki, müdriklər, filosoflar dünyadan köçəndə onların üzündə mütləq bu dünyaya kinayəli gülüşün ifadəsi olur. Tələbəlik illərində, Tartu Universitetinin tarix muzeyində böyük alman filosofu İ.Kantın ölüm maskasını görmüşdüm. Keniqsberqli müdrikin üzündə donub qalmış sarkastik gülüşü hələ də yadımdadır.
Çox güman ki, Səməd Vurğun da bu dünya ilə gülüşlə vidalaşıbdır”.
Ümumiyyətlə, R.Kamalın məqalələrində işlətdiyi ifadələri, xarakterizələri də çox zaman qəribə görünür. Və həmin bircə ifadədən hansısa böyük mənalar, “sirlər mağarasına” yol tapa bilirsən. Məsələn, N.Nərimanov haqqında yazdığı Doktor N. Bir metaforanın qurbanı” essesini belə başlayırdı: “Nəriman Nərimanovun XX əsr Azərbaycan tarixinin maraqlı simvollarından biri olması qətiyyən şübhə doğurmur”.
“Simalarından biri” yox, məhz “simvollarından biri”... Doğrudan da, XX əsrin əvvəlləri siyasi baxışlar, ədəbi cərəyanlar, ictimai təlatümlər baxımından müxtəlifliklər, antiliklər zamanı idi. Və bu xaotik zamanın lider şəxsiyyətləri artıq simvollaşmışdı. Nərimanov özü isə nəinki ziddiyyətli zamanın tarixi şəxsiyyəti, həm də ziddiyyətli tarixi epoxanın ziddiyyətli tarixi şəxsiyyəti idi. Ziddiyyət içində ziddiyyət müəmmasına dönmüşdü Nərimanov. Hələ də bu ziddiyyətin düyünü, kilidi açılmır... Və R. Kamal çox doğru olaraq onu zamanın faciə məzmunlu “simvollarından biri” - deyə adlandırır. Metafora isə “uçurum” adlı kodun içərisində gizlənən tale ilə bağlı obrazlılıqdır. N.Nərimanovun həyatı uçurum üstündə tikilmiş ev assosiasiyası yaradır. Özü də nə vaxtsa bu evin dərəyə yuvarlanacaq aqibətini anlayır və daima bu hissin həyəcanı ilə yaşayır. Bu “Simvol”un bədii, eləcə də siyasi fəaliyyətində uçuruma doğru gediş süjeti onun xəbəri belə olmadan cızılmışdı artıq... R.Kamal həm də ədəbiyyatşünaslıq dilinə bədii ifadə və təsvir vasitələrindən məharətlə istifadə edərək bir məcazlılıq, obrazlılıq, poetik ahəng çaları gətirdi. Ona görə də onun məqalələri oxunaqlı, yadda qalan, təsirli və ideyaverici mətn kimi dəyərləndirilməlidir. Onun essesində Nəriman Nərimanov millətin maariflənməsi, inkişafı, azadlığı uğrunda mücadilə edən, amma praktik olaraq bolşeviklərin yanında olan minlərin ümumiləşmiş obrazı, simvolu kimi səciyyələndirilir.
“Məndən ötrü Nəriman Nərimanovun ömür və yazı təcrübəsi bir konseptual metaforanın gerçəkləşməsi kimi maraqlıdı. C.Lakoffun nəzəriyyəsinə görə, metafora konseptual sistem sferalardan (sfera-mənbə) birinin başqa sferaya (sfera-məqsəd) proeksiyasıdır. C.Lakoff və M.Conson "Biz yaşadığımız metaforalar" əsərində hesab edirlər ki, konseptual metaforalar sadəcə bir xəyal uçuşu deyil, onun əsasında cismani (hissi) təcrübə durur. Bu “uçurum” metaforasıdır ki, Nərimanovun təhtəlşüurunda çox fəaldır, bütövlükdə onun ideoloji düşüncəsini, əsərlərin süjet strukturunu və ideyasını müəyyənləşdirir”.
Rüstəm Kamal məqalələrini sadəcə ideya və fəlsəfi düşüncələri, nəzəri bilgisi, təxəyyül bazası hesabına yazmır. Onun kiçik həcmli esselərində bəzən 4-5 kitabdan, bədii mətn parçalarından konkret sitatlar olur. Yəni, kiçik bir yazının orijinallığı üçün müəllifin nə qədər əziyyət çəkdiyinin şahidi olur, zəngin mütaliə potensialına malik olduğunu görürük.
İsmayıl bəy Qutqaşenlidən bəhs edən “Generalın xarabat mistikası” essesində də bir ifadənin izi ilə taleyə gedib çıxırıq: Xaraba! İ.Qutqaşenlinin ətrafında və daxili aləmində olan və həm də daxili aləmi olan(!) “xaraba” obrazı yenə mistik duyumla çözülür. Səyahətlər zamanı yazdığı yol qeydlərində, tarixi abidələr haqqında xatirə cümlələrində, bədii detallarda Qutqaşenlinin şüuraltı yaşantılarının bir boşluq, yalnız izi qalan məkan, ağrı abidəsinə çevrilmiş xaraba dünyası göz önünə gətirilir, göstərilir ki, Qutqaşenli seyr etdiyi xarabalıqlar məkanında özü də itir tədricən, çünki, “xarabanı seyr edən insan psixoloji-mistik mənada ölüm məkanına daxil olur”.
R.Kamal adı ədəbiyyat tarixində çox az çəkilən bu ədəbi portretə elə tale obrazı cızır ki (özü də real faktlar əsasında) bizim İ.Qutqşenli ilə aramızdakı uzaqlığı yox edir, maarifçi, modern estetikanın ilk qığılcımlarını düşüncəmizə səpən İ.Qutqaşınlı haqqında uzun-uzadı düşünməli oluruq. Qəribədir, söhbət sadəcə bir “xarabat” kəlməsinin açılışından gedir. R.Kamal, bu kəlmənin enerjisini, qaranlıq dalanlara aparıb çıxaran işığını belə tuta bilir və nəticədə fantastik, illüziya təsəvvürlü macəra yox, real faktlara dayanan tədqiqat, araşdırma qoyur ortaya…
“Səfərnamə”də “xaraba” sözünün leksik-semantik təhlili və mətndə yayılma tezliyi, təkrarlanma dərəcəsi yazıçının tale mətninin bir məqamını oxumaq imkanı verir. Bildiyimiz kimi, xarabat Şərq poeziyasının sevimli xronotoplarından biridir. Xarabat mifoloji mətnlərdə ruhların yaşadığı və məskunlaşdığı məkandır. Orta əsrlərdə aşağı, sosial statuslu insanların yığışdığı yerdir. Aşiqlərin, rindlərin üz tutduğu, şairlərin, ariflərin vəsf etdiyi yerdir. Şeyx Mahmud Şəbüstəri deyirdi: “Xarabati olmaq özündən qurtuluşdur”. İ.B.Qutqaşınlının məkan qavrayışı üç gerçəkliyin təqdimatını və təsvirini mümkün edir. Seyr olunan məkan obyektlərinin gerçəkliyi; ikincisi, ətraf mühitlə bağlı düşüncələr, üçüncüsü, müəyyən məkanlarda İsmayıl bəyin davranışı”.
R.Kamal təkcə yazıçıların həyatı ilə yaradıcılığını bu cür mistik və məntiqi-fəlsəfi nöqtələrdə birləşdirərək əlaqələndirmir, həm də öz zəngin nəzəri-tarixi bilgiləri əsasında uyğun müqayisələr aparır. Məsələn, Hegelin, İ.Qutqaşenlinin və tədqiqatçı alim S.Mümtazın – müxtəlif zaman intuitizminin eyni məsələ haqqında ortaq nöqtə bitkinliyini net olaraq ortaya qoya bilir. “Xaraba”, “sirli obyekt” artıq bizim təsəvvürümüzdə tarixi-fəlsəfi cizgiləri ilə birlikdə məcazlaşdı, obrazlaşdı. Və ən azından üç tarixi şəxsin (Hegel, Qutqaşenli, S.Mümtaz) düşüncə formatında: “İsmayılbəy Qutqaşınlı üçün xaraba yerlər, tikililər sirli, mistik obyektlərdir, yoxluğun, heçliyin ruhunu ifadə etdiyinə görə “obyektiv sirrdir”. (Hegel) “Xaraba” sözünün mistik məna enerjisi sonda onun taleyinin proeksiyasına çevrilir. “İsmayıl bəyin Şamaxı şəhərinin gözəl bir yerində böyük bir evi vardır ki, bu gün belə xərabəsi mövcuddur” (S.Mümtaz)”.
Image result for rüstəm kamal güzgü
R.Kamalın yazıya başlaması jesti də maraqlıdır. Məsələn, “Molla Pənah Vaqifin güzgüsü” essesinin adı bir başqa təsəvvür yaradır. Adama elə gəlir ki, haqqında bəhs ediləcək güzgü şairin şəxsi əşyası olub. Amma məqalə belə başlayır: “Görəsən, XVIII əsrdə Qarabağda güzgülər necə və harda hazırlanırdı, Şuşaya hardan gətirilirdi? Xan sarayını hansı sənətkarın bağladığı güzgülər bəzəyib?”
Artıq fikrimizin yönü dəyişir, mövzu daha geniş xarakter alır. Bu gün erməni caynağında olan Qarabağa, Şuşaya, Xan sarayına, M.Vaqifin şeirlərindəki “güzgü” təsvirlərinə, Ağa bəyim Ağanın adı dillərdə gəzən, İran şahının onun üçün düzəltdirdiyi və daha sonra qardaşı qızı X.Natavana bağışladığı ləl-cəvahiratla bəzədilmiş güzgüsünün tarixi və taleyi rəvayət dili ilə, amma çox qısa şəkildə nəql edilir. Bu cür qiymətli güzgünün hətta hər iki şair qadına bədbəxtlik gətirməsi ehtimalı da vurğulanır və s. Mətləb isə başqadır. Bu tarixi şəxsiyyətlərin həyat hekayəsindən bir mistik xəyali obraz kimi keçən və qorunan, əzizlənən, sonra sökülüb dağıdılan əşya-“güzgü” Vaqifin şeirlərində şux və xoş ovqat, oynaq intonasiya ilə yeni obraz qazanır:
Ayna tutar, zənəxdana gül düzər.
…
Əldə ayna gözə sürmə çəkəndə
…
Könlümü aynatək eyləyəydi pak və s.
Və sonra ideya miqyasını bir az da genişləndirir. “Güzgü Qarabağ insanının, indiki dillə desək, gündəlik aksesuarı deyildi, həm də “həyat aynası” idi, yəni aynaya baxan şəxs öz yaşamını, taleyini anlamağa çalışırdı… Güzgü daosizmdə, budfdizmdə “dünyanın ikinci əksini” bildirir.
“Dao bütün varlığın güzgüsüdür: soyuqdur. Sakitdir, boşdur (heçlikdir), güzgü hər şeyi əks etdirir, axı özü hər şeydir və heç nədir: ikinci əks olunan həyatdır. Bu ölü həyatdır? Yox! Çünki güzgüdə əks olunan nə varsa, nə ölü, nə də diridir. Bu,- “ikinci həyat”dır. Kabuslara və qalüsinasiyalara bənzər “ (Xuan fan-ço. “Saflaşmış ruhun güzgüsü”. Rus dilində)”
“Güzgü günü” esselər kitabı bir həmkar olaraq etiraf edim ki, qibtə ediləcək dərəcədə rahat oxu kitabıdır. Bu qədər uzaq, geniş, müxtəlif zaman və məkanlara bu qədər dogma sənət adamı intuisiyası ilə səyahəti R.Kamalın əsil ədəbiyyat ruhu ilə yazıb-yaratdığını göstərir.
Bu məqamda bir nüansı qeyd etmək istərdim ki, bizim ədəbi tənqid mətnləri uzun onilliklər boyunca ancaq eyni dairənin adamları-ədəbiyyatçılar üçün oxunaqlı olub. Amma R.Kamalın özünün də dediyi kimi, “biz öz yeni ədəbiyyatşünas üslubumuzla ədəbi tənqidi daha geniş auditoriya üçün oxunaqlı və anlaşılan etdik”. Doğrudan da bu, əslində böyük uğurdur…
Kitabda A.S.Puşkinin dayəsi Arina Radionovnadan tutmuş M.Cəlil, F.Kafka, U.Eko, Y.Çəmənzəminli, M.Müşfiq, Ə.Kərim, M.Araz, İ.Muğanna, Anar, N.Cəfərov və onlarla müxtəlif ədəbi şəxsiyyətlərdən bəhs edən çox maraqlı və yeni informasiyalar verən materiallar yer alıb. Amma məni bu kitab bir başqa özəlliyi ilə də özünə bağlayır. “Səmədoğlular”, xüsusən. Vaqif Səmədoğlu mövzusundakı fərqli yanaşma maneralı yazılara görə…
Mən V.Səmədoğlu haqqında ilk monoqrafiyanın, kitabın müəllifiyəm. Və V.Səmədoğlu yaradıcılığına bələd adam kimi, R.Kamalın bu mövzuda yazdığı esseləri xüsusilə diqqətimi çəkdi.
R.Kamalın, bayaq da qeyd etdiyim kimi, çoxyönlü baxış prizması mövzunu sanki bir az da canlandirır, dirildir. Və çox maraqlı ümumiləşdirmələri var. Məsələn, “Vəkilovlarda ölüm mövzusu” ideya olaraq tədqiqatçılara neçə elmi araşdırma mövzusu verir. Amma R.Kamal bu genişlikdə mövzunu öz məqaləsində tezislər vasitəsilə konkretləşdirir. Yəni o həm də həmkarlara N qədər yeni mövzu ideyası təklif etmiş olur …
“Səmədoğlular, saat neçədir?” R.Kamal belə başlayır: “Ənənəvi ədəbiyyatşünaslıqda olduğu kimi, biz də bu mövzunu “vaqif Səmədoğlu poeziyasında zaman mövzusu”, yaxud “Y.Səmədoğlu nəsrində saat obrazı” kimi yaza bilərdik. Nə qədər gülməli və kədərli vəziyyət alınardı! Etiraf edim ki, məni bir az bu “tema. mövzu” sözü çəkindirir. Axı sevgi, savaş, təbiət kimi substansiyalar bədii sənətin mövzusu ola bilməz. Axı bu substansiyalar hər yerdədir və həmişə mövcuddur. Yəni bütün mövzuların fövqündə və cövhərindədir. xüsusən. zaman substansiyası – bu qəbildəndir.
Zaman –tale, zaman –ölüm poeziyada ən sirli substansiyalardır. Vaqif Səmədoğlunun yaradıcılığında bu substansiya ilə sürrealist obrazların təkrarlanması və sabitliyi də bu üzdəndir”.
Daha sonra Y.Səmədoğlunun “Qətl günü”, “Qalaktika”, “İncə dərəsində yaz çağı”, “220 N-li otaq” əsərlərindəki saat, vaxt, qoşalaşan, ayrılan əqrəblər mistikasını V.Səmədoğlu şeirlərində axtarır və tapır. “Vaqif Səmədoğlu üçün də satin səsi ölümə çağırış kimi qəbul olunur. Kəfkirin səsi axirət dünyasının “bu dünyaya replikasıdır. Tale işarətləridir. Saatın səsi artdıqca insanda tənhalıq duyğusu güclənər.
Yorğunluq axşamıdır,
Böyüyüb saat səsi,
Evdə təkcə özüməm,
Gözləmirəm heç kəsi”.
Bir dəfə Səməd Vurğunun ev muzeyində keçirilən tədbirlərdən birində R.Kamal çox duyğulu-duyğulu böyük saata baxdı və dedi ki, “bu həmin saatdır…” Təbii ki mən söhbətin nədən getdiyini bilirdim və o anda S.Vurğun muzeyindəki yox, məhz S.Vurğunun evindəki saatı, Yusifin, Vaqifin səsi, çaqqıltısı ilə ruhi təmasda olduğu saatı göstərirdi… Saat bu gün də mənim düşüncəmdə “səmədoğlular” nisgilli bir interyerdir… Səməd Vurğun dünyasını dəyişdiyi vaxt (1956-cı il, 27 may. Axşam saat 8-30) əqrəbləri kilidlənən, səsi kəsilən, donuq saat… Bu saatın obrazını R.Kamal şəxsləndirdi, canlandırdı düşüncələrimizdə. Q.Q.Markes əbəs yerə demirdi ki, əşyaların da ruhu var, onları sadəcə oyatmaq lazımdır… Hərdən mənə elə gəlir ki, R.Kamal ədəbiyyatşünaslıqda çərçivələri, şablonları öz yeni baxış manifestosu ilə dağıtdığı kimi, donuq, sönük, sükutlu atributlara, əşyalara, detallara həm də bax bu şəkildə can verməklə də məşğuldur…
Sizdə saat neçədir?
Bizdə elə köhnə vaxt.
Köhnə hamam, köhnə taz,
Həmən tale, həmən baxt.
(V.Səmədoğlu)
Və R.Kamal yazır: “Köhnə saat, qədimi saat Səmədoğluların sevdiyi obrazdır. Köhnə saat itirilmiş. Su kimi axıb getmiş günlərin simvoludur. Köhnə saat dəyişməzliyin, hərəkətsizliyin və donuqluğun ifadəsidir…”
“Vaqif Səmədoğlunun yuxuları”, “Vaqif Səmədoğlunun bulud hekayəti” esseləri də qarşımıza tanış və bəlkə də tanımadığımız bir şairin yuxulurını, bulud hekayələrini anlatdı… “Yuri Lotman deyirdi ki, “yuxular semiotik güzgüdür”. Vaqif Səmədoğlunun təhtəlşüuru bu güzgüdə axirətin işarələrini görürdü”.
R.Kamalın “Güzgü günü” kitabına 2015-2017-ci illər ərzində “Ədəbiyyat qəzeti”ndə çap olunmuş esselər toplanıb və kitaba ədəbiyyatşünas alim Məti Osmanoğlu maraqlı bir “ön söz” yazıb. R.Kamalı yaxından tanıyan dost kimi yox, duyan, hiss edən və layiqincə qiymətləndirən həmkar kimi. “ Rüstəm Kamal söhbəti mətnin həm hesablanması asan olan rasional, həm də hesaba-kitaba sığmayan mistik-magik effektləri üzərində qurur. Bu kitaba toplanmış filoloji esselərdə ayrı-ayrı obraz və motivlər mətnin şüuraltı fonundan , leksik-semantik strukturundan çıxarılıb əyaniləşdirilir, yenidən mənalandırılır. Esselərdə bədii mətni “söküb yenidən yığmaqdan”, ənənəvi təhlildən imtina edilir, daha çox mətnin fəlsəfi-estetik enerjisinin gözə görünməyən yönləri canlandırılır, hərəkətə gətirilərək görüntüyə, təsvirə çevrilir”.
Və nəhayət bir vacib məqama diqqəti də yönəltmək istəyirəm… R.Kamalın yeni kitabı haqqındakı bu məqaləmi heç bitirmək istəmirəm, bəlkə də onun bütün esselərini sizə sevdirmək həvəsim var. Lakin hər şeyin sonu olmalıdır… Mən də bu yazımın sonunda Rüstəm Kamal kimi, onun tərzinə, üslubuna uyğun bir mistik eksperiment aparmaq istədim. “Kitabının ilk cümləsi və son cümləsi arasındakı Rüstəm Kamal kimdir?” - deyə…
İlk cümlə: “XVIII əsr Azərbaycan mədəniyyətini əslində “göz mədəniyyəti” adlandırmaq olar”.
Son cümlə: “Umberto Eko ölsə də, Ekonun düşüncə sistemi tamamlanmır…”
Bəli, təbii ki, XXI əsr Azərbaycan mədəniyyəti “göz mədəniyyəti” deyil, qloballaşma xaosunda özünü israrla qoruyan, özünü axtaran, axtarışda olan, var olmağa, yaşamağa cəhd edən bir mücadilə çeşididir… Bu mücadilə meydanında ədəbiyyatımızın, ədəbi-estetik düşüncə obrazımızın memarlarından biri də R.Kamaldır. Və son cümlənin mistikasını da yozmaq istəsək, gərək belə deyək: Rüstəm Kamal 40-50 il bundan sonra dünyadan köçərsə də, onun düşüncə sistemi tamamlanmayacaq…
Həqiqətən də, R.Kamal ədəbiyyatşünaslığımıza və xüsusən esseistikamıza yeni, orijinal düşüncə sistemi ilə daxil olub.