"Əfsuzlar olsun ki, sosial şəbəkələrdə və bəzi xəbər saytlarında..." - DİN-dən CAVAB

10-07-2020, 18:08           
"Əfsuzlar olsun ki, sosial şəbəkələrdə və bəzi xəbər saytlarında..." - DİN-dən CAVAB
Daxili İşlər Nazirliyi (DİN) Tovuz Rayon Polis Şöbəsinin rəis müavininin rayonda yas mərasiminin keçirilməsi üçün pul tələb etməsi barədə sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov “Report”a açıqlamasında deyib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində koronavirus pandemiyasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə karantin rejimi elan edilib. Hətta bəzi şəhər və rayonlarda xüsusi karantin rejimi tətbiq olunur. Karantin rejiminin əsas tələblərindən biri də ölkə ərazisində xeyir və yas mərasimlərinin təşkil edilməməsidir. Respublikanın digər şəhər və rayonlarında olduğu kimi Tovuz rayonunda da karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədi ilə Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır.

Əfsuzlar olsun ki, sosial şəbəkələrdə və bəzi xəbər saytlarında bu gün Tovuz Rayon Polis Şöbəsinin rəhbərliyinin adına həqiqəti əks etdirməyən, böhtan xarakterli yazı dərc edilib. Bildirmək istəyirəm ki, Tovuz rayonunda hər hansı bir şəxs vəfat etdikdə dərhal Tovuz Rayon Polis Şöbəsinin rəhbərliyi həmin şəxsin ailə üzvləri ilə əlaqə saxlayır, onunla profilaktik söhbət aparır, karantin rejiminin tələbləri bir daha həmin insanların nəzərinə çatdırılır və karantin rejimi pozulduqda məsuliyyət daşıyacaqlarını qeyd edilir. Hər hansı bir yas sahibindən pul istənilməsi tamamilə cəfəngiyyatdır, həqiqətə uyğun olmayan məlumatdır”, - E.Qasımov bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə Tovuz Rayon Polis Şöbəsinin rəis müavini İslam Əhmədovun mollaya zəng edərək “üç” və “yeddi” mərasimləri üçün 500 manat pul istəməsi ilə bağlı məlumatlar yayılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.