Belarus: İstefa vermiş polis kapitanı saxlanılıb, amma məhkəmə ona bəraət verib

13-08-2020, 23:49           
Belarus: İstefa vermiş polis kapitanı saxlanılıb, amma məhkəmə ona bəraət verib
Prezident seçkilərindən sonra Belarusda başlayan kütləvi etiraz aksiyaları davam edir. Aksiyaların ilk günlərində ölkənin güc strukturlarının əhaliyə qarşı sərt rəftarı cəmiyyətin müxtəlif sosial təbəqələrində, o cümlədən güc orqanlarının təmsilçiləri arasında da etirazla qarşılanıb.

Hərbiçilərin və polisin silahsız aksiya iştirakçılarına qarşı zorakı rəftarına etiraz əlaməti olaraq hərbi və polis orqanlarında vəzifərindən istefa verənlər var.

İstefa verənlərdən biri polis kapitanı Yeqor Yemelyanov olub.

“Наша Нiва” onun həyat yoldaşı Marina Yemelyanovaya istinadən polis kapitanının saxlanıldığı barədə xəbər yayıb. Qadın ərinin təhvil-təslim üçün iş yerinə çağırıldığını, bir müddət orada olduğunu söyləyib. Xanım bir neçə saatdan sonra ərinə zəng vurub və onun saxlanıldığını öyrənib. Polis kapitanına qarşı təşkilatın qaydalarını pozma və kütləvi aksiya həyata keçirmə maddəsi ilə ittiham irəli sürülüb.

Əri haqqında danışan qadın bunarı deyib: "Bu adam kəskin ədalət hissinə malikdir. Ölkədə xoşagəlməz vəziyyətdir. O, bunda iştirak etmək istəməyib. Fövqəladə vəziyyət təhlükəsi yarananda biz danışdıq və qərara gəldik ki, istefa vermək vaxtıdır. O, dərhal getdi”.

Daha sonra bəlli olub ki, məhkəmə artıq keçmiş polis kapitanına bəraət verib.

Yemelyanov sosial şəbəkədə istefa qərarı haqqında məlumat yayıb, vəsiqə və poqonlarının şəklini, "17 il xidmət etdim. Mənim vicdanım təmizdir. Polis xalqladır”, - sözləri ilə paylaşandan bir neçə saat sonra “Говорит Москва”ya bu barədə bunları deyib:

"Mən nəinki bu qanunsuzluqlarda daha iştirak edə bilmirəm, mənim xalqımı necə öldürmələrini, döymələrini, ələ salmalarını daha seyr etməyi də bacarmıram. Mən and içmişdim ki, onları müdafiə edəcəyəm və bu vaxta qədər də bunu dürüst və səmimi edirdim – hakimiyyətin, pulun xətrinə deyil”.

Onun həyat yoldaşı Marina Yemelyanova Tut.By-a bildirib ki, bu qərarı vermək onlar üçün çətin olub:

"İşdən çıxacağı təqdirdə ərim ona müqavilənin uzadılmasına görə 2016-ci ildən bəri ödənilən 5 min belorus rublu (red: təxminən 3 min 500 AZN) dövlətə geri qaytarmalıdır. İki uşağımız var. Mənzilimiz kreditə tikilib. Bizim üçün 5 min rubl böyük puldur. Amma biz indi düşündük ki, bu məbləğ ona dəyməz”.

Belarus DİN Mühafizə Departamentinin nümayəndəsi Yelena Bilaya Yeqor Yemalyanovun təşkilatda işlədiyini təsdiqləyib. Amma onun istefa vermədiyini, guya işə gəlmədiyinə görə azad edildiyini açıqlayıb.

Lakin bundan sonrakı proseslərdə, qeyd etdiyimiz kimi, məhkəmə polisə bəraət verib. Bir başqa sözlə, onun orqanlardan xaric olunması haqqında qərar ləğv olunub və o, ərizəsi, istefası əsasında işdən gedib. (7-gün.com)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.