Dünya ölkələrinin xarici borc bəlası - Azərbaycan şükür içində

11-12-2019, 08:49           
Dünya ölkələrinin xarici borc bəlası - Azərbaycan şükür içində
Prezidentin “sabah 10 milyard dollar lazım olsa alarıq. Almırıq, qoymuram” sözlərinin söykəndiyi həqiqətlər...
İlin sonuna yaxınlaşdığımız bu günlərdə əksər ölkələrdə gələn ilin dövlət büdcəsi layihəsi müzakirə olunur. Azərbaycan Milli Məclisi büdcə layihəsinin müzakirəsini ötən həftə başa çatdırıb, amma, məsələn, qonşu Türkiyə Böyük Millət Məclisində bu müzakirələr hələ davam edir. Türk millət vəkilləri hökuməti xarici dövlət borcunun yüksək həddinə görə kəskin tənqid edir, bunu ölkənin maliyyə təhlükəsizliyinə təhdid kimi qiymətləndirirlər. Belə ki, bu ilin birinci yarısında Türkiyənin ümumi xarici dövlət borcu 446,9 milyard dollar, xalis (xərclənmiş) xarici borcu isə 268,3 milyard dollara çatıb. xarici borcun ümumi daxili məhsula nisbəti müvafiq olaraq 61,9 faiz və 37,2 faiz təşkil edib.

Ümumiyyətlə, 2019-cu il ərzində dünya üzrə xarici borclanma rekord həddə çatıb. Belə ki, bu il dünya dövlətlərinin xarici borcları ticarət müharibələrinin artması və qlobal iqtisadi artım tempinin yavaşlaması fonunda bir qədər də artaraq yeni rekord həddə - 69,3 trilyon ABŞ dollarına çatıb. Beynəlxalq Valyuta Fondunun yaydığı məlumata görə, hazırda ən çox borcu olan dövlət ABŞ-dır. Bu ölkə 22 trilyon dollar borcla öndə gedir. Növbəti yerlərdə 11,8 trilyon dollar borcla Yaponiya və 6,8 trilyon dollar borcla Çin qərarlaşıb.

Hazırda qlobal borcun dünya üzrə ümumi daxili məhsulun dəyərinə nisbəti 82 faiz (bu nisbət 30 faizi keçdikdə təhlükəli hədd hesab olunur) təşkil edir ki, bu da bəşər tarixində rekord göstəricidir. Sözügedən nisbətin ən yüksək hədləri Yaponiya (238 faiz), Sudan (207 faiz) və Yunanıstandadır (177 faiz).

Azərbaycan Maliyyə Nazirliyinin məlumatına görə, ölkəmizin xarici dövlət borcu 01 iyul 2019-cu il tarixinə 8 milyard 920 milyon ABŞ dolları (15 milyard 164,1 milyon manat), xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) olan nisbəti 19 faiz (2019-cu il üçün proqnozlaşdırılan 79 milyard 649 milyon manat ÜDM-ə nisbətdə) təşkil edib. Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə keçirilən tədbirdə bildirdiyinə görə, müstəqilliyin ilk illərində Azərbaycana kredit verilmirdi: “O vaxt xəzinə boş olanda, biz kreditlər üçün müraciət edəndə heç kim bizə kredit vermirdi. Yaxşı, əgər siz Azərbaycanı bu qədər sevirsinizsə, nə üçün o vaxt bizə kömək etməmisiniz?! Nə üçün ağır vəziyyətdə olan ölkəyə kömək etməmisiniz?! İndi sıra ilə düzülüblər bizə kredit vermək istəyənlər. Biz almırıq. Biz özümüz kredit veririk. Bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünyada doqquzuncu yerdəyik. İndi istənilən məbləğdə - bax, sabah 10 milyard dollar lazım olsa, alarıq. Almırıq, qoymuram. Borcu yenə də endirirəm”. Rəqəmlər də göstərir ki, bir çox ölkələrlə müqayisədə Azərbaycan şükür içindədir...

Qeyd edək ki, ötən il avqustun 24-də prezidentin sərəncamı ilə “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” təsdiqlənib. Strategiyanın əsas məqsədi qlobal iqtisadiyyatda, habelə maliyyə bazarında baş verən proseslər fonunda ölkənin maliyyə dayanıqlılığının daha da gücləndirilməsinə, dövlət borcalmalarında səmərəliyin artırılmasına, qarşıda duran yeni çağırışlar və imkanlar nəzərə alınmaqla bu sahədə risklərin səmərəli idarə edilməsi, eyni zamanda, nəzarət mexanizminin təkmilləşdirilməsinə nail olmaqdır.

Strategiyada əsas məqsəd kimi həm ortamüddətli, həm də uzunmüddətli dövrdə ölkə iqtisadiyyatının ehtiyaclarını nəzərə almaqla dövlət borcunun dayanıqlılığını təmin etmək planlaşdırılır. Bunun üçün 2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 30 faizdən çox olmaması və 2025-ci ilədək 20 faizdən aşağı salınması hədəfi qərarlaşdırılıb.

Ekspertlər hesab edirlər ki, Azərbaycanda xarici dövlət borcunun hesablanması mexanizmi real vəziyyəti tam əks etdirməyə imkan vermir. Belə ki, Azərbaycan hökuməti bağlanmış kredit müqavilələri üzrə faktiki xərclənmiş vəsaitləri borc kimi qeydə alır. Halbuki bütün dünyada borc müqaviləsində nəzərdə tutulan bütün məbləğ borc kimi uçota alınır. Hesablama Palatasının məlumatına görə, 1 yanvar 2019-cu il tarixə kredit sazişləri ilə cəlb olunması nəzərdə tutulan vəsait 12 milyard 297,3 milyon ABŞ dolları, istifadə olunmuş və dövlət borcu hesab edilən kreditlər üzrə 8 milyard 927,1 milyon ABŞ dolları təşkil edib. 2018-ci il ərzində kredit sazişləri üzrə cəlb olunması nəzərdə tutulan vəsaitlin məbləği 1 milyard 474,0 milyon dollar və ya 10,7 faiz azalaraq 12 milyard 297,3 milyon dollar və istifadə olunmuş və dövlət borcu hesab edilən kreditlərin məbləği isə 471,2 milyon dollar və ya 5 faiz azalaraq 8 milyard 927,1 milyon dollar təşkil edib. 2018-ci il üzrə həmin məbləğlərin ÜDM-ə faiz nisbəti müvafiq olaraq 7,2 faiz azalaraq 26,2 faiz və 3,8 faiz azalaraq 19,0 faiz olub. Kredit sazişləri üzrə cəlb olunması nəzərdə tutulan və istifadə olunaraq dövlət borcu hesab edilən kreditlərin ABŞ dolları ifadəsində adambaşına düşən məbləği müvafiq olaraq 157,9 dollar və ya 11,3 faiz azalaraq 233,4 dollar və 54,5 ABŞ dollar və ya 5,7 faiz azalaraq 895,0 dollar təşkil edib.

Xarici borcların qaytarılması büdcə üçün ağır yükə çevrilir

Xarici borcların həcmi çox olduqca, büdcədən onların ödənməsinə yönəldilən vəsaitlər də artır. Ötən il ərzində xarici dövlət borcuna xidmətlə əlaqədar dövlət büdcəsindən xərclər 362,9 milyon dollar və ya 42,4 faiz artaraq 1 milyard 218,8 milyon dollar olub. Bu zaman əsas borcun ödənməsinə yönəldilən vəsaitlər 251,4 milyon dollar və ya 37,6 faiz artaraq 920,1 milyon dollar, faizlərin ödənməsinə yönəldilən vəsaitlər isə 111,5 milyon dollar və ya 59,6 faiz artaraq 298,7 milyon dollar təşkil edib.

Hesablama Palatası bildirir ki, dövlət zəmanətli borc öhdəliklərinin həcminin kifayət qədər irihəcmli olması, xarici dövlət borcu hesab edilən şərti öhdəliklərin ilbəil artımı və bu tendensiyanın davam etməsi dövlət büdcəsi üçün ağır yükə keçmə ehtimalını artırır ki, bu da borca xidmət xərclərinin artımı ilə yanaşı, büdcənin digər mənbələri hesabına həyata keçirilməsilə müşahidə edilir: “Eyni zamanda icraçı təşkilatlar tərəfindən ödənilməli olan borc öhdəliklərinin 60-70 faizi, bəzi hallarda isə 100 faizinin ödənilməməsi, müvafiq illər üzrə bu göstəricinin artımla müşahidə edilməsi, ödənilməyən borc öhdəliklərinin dövlət büdcəsindən və Təminat Fondundan qaytarılması növbəti illərdə dövlət üzərinə düşən borc yükünün artımla müşahidə olunması ehtimalını yüksəltmişdir”.

Maliyyə Nazirliyi tərəfindən təqdim olunmuş məlumata əsasən, 2018-ci il ərzində ümumilikdə 400 milyon dollar məbləğində iki yeni layihə imzalanıb. Bunlardan biri “Azərbaycan Dəmir Yollları QSC-nin ”Dəmir yolu sektorunun inkişafı proqramı"dır: 150 milyon dollar, digəri isə Maliyyə Nazirliyinin “İdarəetmə və dövlət sektorunun səmərəliliyinin təkmilləşdirilməsi Proqramı - Subproqram 1"dir: 250 milyon dollar).

Gələn ilin dövlət büdcəsi zərfinə ötən 2 il üçün faktiki, 2020-ci il və sonrakı 3 il üçün xarici dövlət borcu üzrə proqnozlar da daxil edilib. Maliyyə Nazirliyinin hazırladığı həmin sənəddən aydın olur ki, bu ilin sonunadək Azərbaycanın xaricdən 1 milyard 441,4 milyon manat borc alması nəzərdə tutulur. Gələn il yeni alınacaq borcun məbləği 1 milayrd 512 milyon manat təşkil edəcək. Bu ilin sonuna faktiki xərclənmiş xarici dövlət borcunun məbləği 16 milyard 545,9 milyon manat, gələn il isə 16 milyard 441,5 milyon manat olacaq. Bu il xarici borclar üzrə faiz xərcləri 754,5 milyon manat, gələn il isə 637,4 milyon manat təşkil edəcək.

Yeri gəlmişkən, indiyədək dövlət zəmanəti ilə xarici kredit almış dövlət qurumları arasında ən çox borclanan Avtomobil Yolları Dövlət Agentliyidir - bu qurumun müqavilələr üzrə kredit borcu 2019-cu ilin 1 yanvarına 3 milyard 800 milyon dollar, faktiki xərclənmiş borcu isə 1 milyard 875,7 milyon dollardır. Ondan sonra gələn “Azərsu” ASC-nin müqavilələr üzrə xarici borcu 1 milyard 267,9 milyon dollar, faktiki xərclədiyi isə 912 milyon dollardır. Xarici borcun həcminə görə üçüncü yerdə “Azərbaycan Dəmir Yolları” QSC gəlir - müqavilələr üzrə 1 milyard 196,9 milyon dollar, faktiki xərclənmiş 838 milyon dollar.

Daha bir məqamı da qeyd edək ki, müstəqil ekspertlər SOCAR-ın dövlət zəmanəti ilə aldığı xarici kreditləri də Azərbaycanın dövlət borcu hesab edilməsini təklif edirlər. Onların fikrincə, bir vaxtlar Beynəlxalq Bankın borcları da dövlət borcu hesab edilmirdi, lakin problem yaranan kimi bütün borcları dövlət üzərinə götürdü. Bu təcrübəyə əsaslanan ekspertlər SOCAR-ın 9 milyard dollardan yuxarı olan və dövlət zəmanəti ilə alınmış borcunun da ümumi dövlət borcuna daxil edilməsini zəruri sayırlar.

Dünya SAKİT,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.