Rusiyada konstitusiya dəyişiklikləri, Putinin imperiya arzuları və Ramzi Mehdiyev- Elmar Məmmədyarov tandemini....

5-07-2020, 09:22           
Rusiyada konstitusiya dəyişiklikləri, Putinin imperiya arzuları və Ramzi Mehdiyev- Elmar Məmmədyarov tandemini....
Son günlər çox maraqlı hadisələri izləməli oluruq. Rusiyada referendum keçirildi, konstitusiyaya 206 dəyişiklik edildi. Rusiyanın dərin dövləti və Putin illərlə düşündükləri şovinist, demokratiyaya zidd, diktaturaya uyğun düşüncələrini nəhayət aşkara çıxarıb reallaşdıra bildilər. Yeni konstitusiyada Rusiya SSRİ-nin varisi olduğu yazılacaq. Bunun arxasında keçmiş sovet respublikaları üçün hansı təhlükəli meyllərin gizləndiyini sezməmək mümkün deyil. Putin 2024-cü ildən hər dəfəsi 6 il olmaqla daha iki dəfə prezident seçilmək imkanı qazanır. Yeni konstitusiyaya görə prezident faktiki Putin uzun müddətli çar səlahiyyətlərin sahibi olacaq. Prezidentə Konstitusiya məhkəməsini sədrini və müavinlərini, Federasiya Şurasına 30 üzvü təyin etmə səlahiyyəti verilir. Hökumətin siyasətini prezident həyata keçirir, güc qurumların rəhbərlərini prezident təyin edir. Baş Prokuroru Federasiya Şurasının razılığı ilə, bölgə prokurorlarını birbaşa təyin edir, Dövlət Şurasını formalaşdırır. Bir sözlə fövqəladə səlahiyyətlər. Yeni konstitusiyaya görə beynəlxalq qurumların qərarları, müqavilələri Rusiyanın qanunları ilə ziddiyyət təşkil etsə onlar qəbul olunmaz sayılacaq. Rusiya dünya üçün daha müəmmalı, bölgə dövlətləri üçün daha təhlükəli duruma gəldi-deyə bilərik .

Belə bir vəziyyətdə ölkə mətbuatda iki ismin Ramiz Mehdiyev və Elmar Məmmədyarovun adlarının hallandırılması təsadüf sayıla bilməz. Sirr deyil ki, Ramiz Mehdiyevi ictimaiyyət Rusiyaın Azərbaycanda əsas etibar etdiyi nümayəndə kimi qəbul edir. İndiyədək də Ramiz Mehdiyev məhz Rusiyapərəst mövqeyi ilə seçilib. İstər parlamentdə, istər də idarəetmənin diğər sahələrində məhz Rusiyapərəstlərin təmsil olunması onun adı ilə bağlandırılır. Ölkənin milli-demokratik qüvvələrinə düşmən münasibət bəsləyib, demokratikləşməyə, azad-ədalətli seçkilərə mane olan, ölkəni illərlə inkişafdan saxlayan şəxs kimi tanınıb.

Görəvdən alınsa da, yenə Rusiyanın dəstəyi ilə 80 yaşında yenidən görəvə gətirilib. İdarəetmənin bütün sahələrində, parlamentdə, biznes strukturlarında, elm-təhsil bölməsində, bir sözlə, hər yerdə onun nəfəsi hiss olunur. Hakimiyyətə yaxın mətbuatdə onun adının açıq-aşkar hallandırılması çox ciddi təhlükənin olmasına işarədir. Müəyyən siyasi qüvvələrin də şərait yaranan təqdirdə Boz kardinalın müttəfiqinə çevriləcəyini düşünmək olar. Azərbaycanda belə təcrübələr az deyil. Amma hiss olunur ki, iqtidarın da artıq ona güzəştə getmək yeri və limiti yoxdur. Yaxınlarda bu istiqamətdə ciddi addım atılsa təəccüblü olmaz.

O ki, qaldı Elmar Məmmədyarova-bu istiqamətdə də maraqlı gəlişmələr var. Artıq XİN sistemində ciddi yoxlamalar həyata keçirilir. Bu nazirliyin xarici ölkələrdəki strukturları da korrupsiya ilə bağlı yoxlamalardan kənarda deyil. Fəzail Ağamalının Elmar Məmmədyarovun ermənilərlə işbirliyində ola biləcəyi ilə bağlı şübhələrinin olduğunu söyləməsi də təsadüf sayıla bilməz. F.Ağamalının bunu özbaşına dilə gətirəcəyi inandırıcı deyil. Bu istiqamətdə də ciddi araşdırmaların və həbslərin olacağını, ölkəmizi xarici ölkələrdə təmsil edən səfirlik, konsulliq nümayəndələri ilə bağlı da müəyyən proseslərin gedəcəyini gözləmək olar..
Elşad Musayev
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.