"Deyirik də, indidən 6 aylıq bütün kredit faizlərinə tətil elan edin,.."- İqtisadçı ekspertdən çağırış

8-07-2020, 00:07           
"Deyirik də, indidən 6 aylıq bütün kredit faizlərinə tətil elan edin,.."- İqtisadçı ekspertdən çağırış
Karantin başlayandan deməkdən yorulduq ki, həm əhali, həm də biznes üçün kredit güşəztləri olmasa, sonradan daha ciddi problemlər üzə çıxacaq, aprel ayının 10-u, Yeni Müsavat qəzetinə müsahibəm: "Yaxşı olar ki, bu iş həm vətəndaş, həm də banklar üçün minimum itkilərlə həll olunsun. İlkin etapda mart, aprel və may ayları daxil olmaqla 3 aylıq müddətə bütün kredit faizlərinin hesablanması dondurula bilər. Yəni dövlətin qərarı ilə bu, mümkündür.
Teref.az yazır ki, iqtisadçı ekspert Natiq Cəfərli yeni analitik yazısını belə başlayır.
Mərkəzi Bank və dövlətin bunun üçün sazişi olmalıdır. 3 ay müddətində də banklar bütün vergilər azad edilsin. Düzdür, bu, kreditlərdən gələn faiz gəlirlərini əvəz etməyəcək. Ancaq Mərkəzi Bank daha başqa bir güzəştlə bankları stimullaşdıra bilər. Məsələn, çox aşağı faizlə - ilk 6 ayı 0 faiz, növbəti 6 ayı isə 2-3 faizlə banklara manat cinsindən kredit verə bilər. Önləyici tədbirlər alınmasa, problemli kreditlərin həcmi artacaq. Bir müddətdən sonra isə dövlət yenidən müdaxilə etməyə məcbur qalacaq. Gecikən müdaxilə isə daha baha başa gələcək. Ondansa indidən yuxarıda qeyd etdiyimiz kimi addımlar atmaq daha məntiqli olar. İlk 3 ayda faizlər hesablanmır, may ayının sonunda məsələyə bir də baxılır və vəziyyət ürəkaçan deyilsə, uzadılır. Çox güman ki, uzatmaq lazım gələcək. Çünki ən optimist ssenari ilə belə, əgər may ayında bu proses səngiyib iqtisadiyyatın çarxları dönməyə başlasa belə, özünə gəlməsi üçün ən azı 6 ay zaman lazım olacaq. Ona görə də birdəfəlik 6 aylıq da qərar vermək olar ki, faizlər hesablanmır, kreditlərlə bağlı ancaq əsas borc yerində qalır. Həmin 6 ay müddətində vergilərdən azad olunan banklar yuxarıda da göstərdiyimiz hallarla zərər görmədən fəaliyyətlərinə davam edirlər”.

Prezidentin köməkçisi, İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov görün dünən nə deyib: “Kredit güzəştlərinə baxılması hazırda müzakirə olunmur. Bu güzəştlərin biznes və banklar arası razılaşmalar əsasında həyata keçirilməsi daha məqsədəuyğun hesab olunub. Gələcəkdə dövlətin bu paketlərə baxmasına, ola bilsin, ehtiyac yaransın”.

Hələ aprel ayında xəbərdarlıq etmişdik ki, önləyici tədbirlər alınmasa, problemli kreditlərin həcmi payızda kəskin artacaq. Bundan sonra isə dövlət yenidən müdaxilə etməyə məcbur qalacaq, gecikən müdaxilə isə daha baha başa gələcək. Hökumət isə yenə gözləyir və deyir ki, qoy problem yaransın, sonra məsələyə baxacaqlar. Hər işləri belədir, problemlərin dərinliyini ölçə, önləyici tədbirlər ala bilmirlər! Oktyabr-noyabrda ayılacaqlar ki, problemli, toksik kreditlərin həcmi kəskin artıb, banklar stressli vəziyyətə düşüb, nə vətəndaş, nə biznes kreditlərin faizlərini ödəyə bilmir, o zamn əl-ayağa düşəcəklər, gec olacaq, həm bankalar, həm əhaliyə, həm biznesə böyük ziyan dəyəcək, bankların qurtarılması paketi isə çox baha qiymətə başa gələcək. A balam, gərək kimsə yıxıla-ölə ki, nəsə etməyə başlayasız?! Deyirik də, indidən 6 aylıq bütün kredit faizlərinə tətil elan edin, Banklara dəyən ziyanın əvəzinə isə onları 1 illik vergidən azad edin, paralel olaraq da, 1 illik Mərkəzi Bankdan 0 faizlə kredit xətti açın. Alti ay faizləri güzəşt edən banklar həm vergi tətilinə, həm də 1 illik 0 faizlə aldıqları vəsaiti payızdan başlayaraq həm istehlak, həm də biznes kreditlərinə 10-12%-lə yönətsələr 6 aylıq bütün itkilərini geri qaytaracaqlar, sonra da Mərkəzi Bankdan aldıqları vəsaiti, ana borcu qaytarmağa başlayacaqlar, beləliklə də nə bürcəyə, nə MB-ın ehtiyatlarına, nə vətəndaşa, nə də biznesə ziyan dəyməyəcək! Nə dildə danışaq ki, anlamağa başlayasınız?!












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.