Zalım ipoteka kreditləri

6-05-2019, 07:05           
Zalım ipoteka kreditləri
Etibar Əliyev
Bazar gününün facebook qeydləri

Basabas olacaq

Akademik Nizami Cəfərovun 60 yaşının tamam olmasına 4 ay 16 gün qalır. İndidən təbriklər başlayıb. Məsələn, akademik Vasim Məmmədəliyev yubiley ərəfəsində basabas olacağını nəzərə alıb və təbrikini indidən yazıb: “Nizami Cəfərov gənclərin dostu, müəllimidir. Gənclik onu, o da gəncliyi çox sevir. Bütün bu yüksək keyfiyyətlər onun fenomen səviyyəsinə ucalmasına zəmin yaratmışdır. Nizami Cəfərov həm də mahir pedaqoq, səriştəli müəllim, maraqlı həmsöhbətdir. Onun şirin söhbətlərindən, duzlu-məzəli zarafatlarından doymaq olmur. Nizami müəllimi altmış illiyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq” (525-ci qəzet). Basabas olacağını nəzərə alıb, mən də Nizami müəllimi indidən təbrik edirəm.

Allah eləsin ki, qaytarsın

Tağı Əhmədov Eldar Mahmudovdan ondan aldıqları 3.000.000 (1 dollar =0,78 manat olanda) manatını istəyir. Bu məbləğ Azərbaycan Milli Elmlər Akademiyasında böyük elmi işçi vəzifəsini tutan 1000 nəfər əməkdaşın 1 illik əməkhaqqına bərabərdir. Tağı müəllim pulu alsa yaman olar. Akif müəllimlə danışıb AMEA-ya köçürsə lap yaman olar. Biz 1000 nəfər isə 1 il dincələrik.

P.S. Bir dostum messengerə yazır ki, bizim Cinayət Məcəlləmizdə yazılır ki, rüşvət verən də alan kimi məsuliyyətə cəlb olunur. Mən də yazdım ki, həmin məcəllənin Tağı müəllimə heç bir aidiyyatı yoxdur.

Nəğmə ənənəsi

Salam dostlar: vaxtınız olarsa Dahi Kantın “Pedaqogika haqqında” traktatından bu parçanı oxuyun:
“İnsan qulluğa və təhsilə ehtiyac duyur. Təhsil nizam-intizam və təlimi ehtiva edir. Məlum olduğu kimi, heç bir heyvan təlimə ehtiyac hiss etmir. Oxuyan quşlardan başqa heç bir heyvan yaşlılardan bir şey öyrənmir. Belə quşlar oxumağı yaşlılardan öyrənirlər və sanki məktəbdə qoca quşun var qüvvəsi ilə quşçuğazların qarşısında oxumağını və quşçuğazların da öz xırda boğazları ilə həmin səsləri təkrar etmək cəhdlərini seyr etmək adamı riqqətə gətirir. Quşların instinktlə oxumadıqlarına və onların həqiqətən bunu öyrəndiklərinə əmin olmaq üçün təcrübə keçirmək lazımdır: məsələn, sarı bülbülün yumurtalarının yarısını sərçə yumurtaları ilə və yaxud onların quşçuğazları ilə əvəz edək. Əgər onları küçədən sərçə səsləri eşitmədikləri bir otaqda yerləşdirsək, onlar sarı bülbüllərdən oxumağı öyrənərlər və biz oxuyan sərçələr əldə etmiş olarıq. Maraqlıdır ki, əslində hər bir quş cinsi hər nəsildən bir əsas məlum nəğməni qoruyub saxlayır; çox güman ki, nəğmə ənənəsi dünyada ən dəqiq ənənədir”.

P.S. Maraqlıdır ki, böyük filosof nizam-intizamı təlimdən önə çəkib.

Lev Tolstoy Nobel mükafatından niyə imtin etmişdi?

1906-cı ildə Peterburq Elmlər Akademiyasının tanınmış alimləri Stokholma məktub göndərərək Tostoyun Nobelə namizədliyini irəli sürürlər. Həmin ilin sentyabr ayında Yasnaya Polyanaya Tolstoyun dostu və bioqrafı Pavel Biryukov gəlir. O, yazıçıya əminliklə deyir ki, aldığı məlumata görə, Nobel mükafatı ona veriləcək. Tolstoy bunun müqabilində nə edir? Bir gün sonra o, fin yazıçısı, onun əsərlərini həmin dilə tərcümə edən Arvid Yarnfeltə belə bir məktub yazır: «Sevimli Arvid, rica edirəm ki, mənim Sizə yazdığımı heç kim bilməsin. Biryukov mənə dedi ki, ola bilsin, Nobel mükafatını mənə versinlər. Əgər bu baş verərsə, mənim imtina etməyim həddindən artıq xoşagəlməz ola bilər. Ona görə də Sizdən hədsiz dərəcədə xahiş edirəm: İsveçlə əlaqələriniz varsa, çalışın ki, mükafatı mənə verməsinlər. Əlbəttə ki, mən ünvanı öyrənib ora məktub yaza bilərəm. Ancaq mənə yaraşmaz ki, onları qabaqlayım, bəlkə onlar mənim namizədliyimi heç fikirləşməyiblər».

P.S. İsveç Akademiyası Lev Tolstoya Nobel mükafatını verməyə biməzdi. Onun əsərləri ilə namizədliyini irəli sürmüş Peterburq Elmlər Akademiyasının dövrün çox böyük nüfuza malik olan elm məbədi olması üst-üstə düşürdü.

Zalım ipoteka kreditləri

Bu zalım ipoteka kreditləri ilə necə yola gedək? İpoteka sözü qədim yunan sözüdür: “Girov”, “xəbərdarlıq” mənalarını verir. Bizdə bu mənaların ikisi də işləyir. Bir dostum deyir ki, 48.000 manat ipoteka krediti almışam, 25 ildə 118.000 manat pul ödəməliyəm. Biçarə gecə-gündüz manatın inflyasiyasını düşünür. Dostuma dedim ki, manatın inflyasiyasının proqnozunu heç Hacı İbrahim də verə bilmir. Yaman dilxor oldu.
http://azpolitika.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.