BÖYÜK SƏLCUQ İMPERATORLUĞU

1-04-2016, 23:56           
BÖYÜK SƏLCUQ İMPERATORLUĞU
(I DƏRS)
XI yüzilliyin ortalarından başlayaraq, Yaxın və Orta Şərqin, eləcə də Azərbaycanın tarixində yüz ilə qədər davam etmiş yeni bir dövr–Səlcuqlu erası başlayır. Bu bölgənin ən qədim sakinləri olan türklər daima olduqları siyasi hakimiyyətin ən uca zirvəsinə yenidən çıxmaları ilə yanaşı, nəinki Türklüyü, həm də İslam dinini qorumaq məsuliyyətini öz çiyinlərinə götürmüş oldular. Sovet tarixşünasları bu dövrün araşdırılmasında qəsdən laqeydlik göstərir, erməni-yunan-gürcü tarixçiləri bu dövrü lənətləmək, «sapı özümüzdən olan baltalar» isə Azərbaycan tarixinin bu şanlı dövrünü «doğramaqla», aşağılamaqla məşğul idilər. «Rus-erməni bülövü ilə ovxarlanmış bu baltalar» Səlcuqluların Azərbaycanı və digər əzəli Türk yurdlarını guya «işğal» etdiklərini yazır, Azərbaycan əhalisinin Səlcuqluların gəlişindan sonra zorla türkləşdirildiyini iddia edirdilər. Lakin bu «tarixçilər» unudurdular ki, həmişə himayəyə götürdükləri xalqları ədalətlə idarə etməyə çalışan, onların mədəniyyətlərini inkişaf etdirməyə çalışmış Böyük Türk hökmdarları bu dəfə də dini çəkişmələrdən əziyyət çəkən ərəbləri, farsları qorumuş, onların dillərinin sarayda, yazışmalarda istifadə edilməsinə mane olmamışdılar. Məhz Səlcuqlular dövlətinin quruluşu ilə bir tərəfdən Fatimilər, digər tərəfdən Buveyhilər tərəfindən sıxışdırılan Abbasilər xilafəti yenidən öz rəsmi mövqelərini bərpa edə bildilər. Xaçlılara qoşularaq, Borçalıya (Tiflis və Dmanis əmirliklərinin ərazilərinə), eləcə də digər Azərbaycan torpaqlarına göz dikən erməni və gürcü feodallarının arzularının gözlərində qalmaları daSəlcuqların adı ilə bağlıdır. Bu məqaləmizdə Səlcuqlar dövlətinin qurulmasından, daha sonra isə onun məşhur hökmdarlarından bəhs edəcəyik.
Səlcuğun atası Tokak (qədim türk dilində «dəmir ox» deməkdir ) oğuzlar içərsində İslamı ilk qəbul edənlərdəndir. O, X yüzilliyin əvvəllərində Xəzər xaqanlığının ordusunda qulluq edirdi. «Bir dəfə Xəzər yabqusu müsəlmanlara qarşı yürüş təşkil edərkən, Tokak onu bu hərəkətdən çəkindirmək istədi. Mübahisə zamanı yabqu Tokakı qılıncla yaraladı, Tokak isə onu toppuzla vurub atdan saldı». Bu hadisə yabqunu müsəlmanlar üzərinə hücumdan çəkindirdi. «Kaftar kimi öz yuvasına çəkilən yabqu etdiyi hərəkətdən utanaraq, Tokakdan üzr istədi. Tokakın oğlu Səlcuq yetkinlik yaşına çatdıqda yabqu türklərə başçılığı ona tapşırdı». Yabqunun arvadı tez-tez ərinə Tokakoğlu Səlcuqdan çəkinməyi, ona möhkəmlənməyi qadağan etməyi təlqin edirdi. «Bu fikrini Səlcuqdan da gizlətməyən qadın onun yanında yenə ərinə dedi: «Mülk elə ənamdır ki, onu bölmək olmaz. Səlcuğu öldürməsən, ona ölüm piyaləsi içirtməsən, hakimiyyət bulağın təmizlənməyəcək, şəfəqi parlamayacaq. O, səni məhv edərək, paytaxtını əlindən alacaq». Bunu eşidən Səlcuq 935-ci ilin mayında «öz atını yəhərlədi və ordusu ilə İslam ölkəsinə gəldi». «İslamın hənəfilik təriqətini qəbul etməklə xoşbəxtliyə qovuşan Səlcuq bəy Cənd vilayətində yerləşərək, buradakı kafirləri qovdu». Bir gecə o öz yuxusunda gördü ki, tonqalından qopan qığılcımlar həm Şərqə, həm də Qərbə doğru uçur. O, səhərisi günü münəccimlərdən bu yuxusunu yozmağı xahiş edir. Münəccim deyir: «Sənin nəslindən olanlar çox uzaq ölkələrə hökmran olacaqlar». Səlcuq bəy 107 il yaşadı və Haqqın dərgahına qovuşarkən özündən sonra 5 oğul qoydu; İsrail Arslan, Mikayıl, Musa Yabqu, Yusif və Yunus. Səlcuğun böyük oğlu Mikayıl kafirlərlə döyüşdə öldürüldükdən sonra, qardaşı İsrail Səlcuqoğullarına başçı seçildi. Mənbələrə görə, Türk-İslam dünyasının görkəmli şəxsiyyətlərindən olan Sultan Mahmud Qəznəvi «Buxaraya gedərkən yolda Qınıq tayfasına rast gəldi. O, bu tayfanın başçısı İsrail ibn Səlcuğu yanına çağırtdırdı.Öz gücünə görə heç də Sultan Mahmuddan geri qalmayan İsrail Arslan demişdi: «Əgər sultanın filləri varsa, bizim də onları dəlmə-deşik edə biləcək oxlarımız var». 300 atlı ilə Səmərqəndə sultanın buyruğuna gələn Səlcuqoğlu İsrail, fars vəzirinin dedi-qodularına inanan Sultan Mahmud Qəznəvi tərəfindən 1025-ci ildə Multan vilayətində yerləşən Kalicar qalasına saldırıldı. Səlcuqoğullarının yeddi il həbsdə qalmış İsrail bəyi qaçırtmaq təşəbbüsləri boşa çıxdıqda, o öz soydaşlarına belə vəsiyyət etdi: «Daha mənə güvənməyin. Mənim qardaşlarıma əmrimi və vəsiyyətimi çatdırın. Qoy onlar sultanın bizə verdiyi Xorasanı fəth etmək üçün əllərindən gələni etsinlər. Lakin bu sultana (Mahmud Qəznəviyə) inanmayın. Çünki bu sultan qul oğludur və şanlı şəcərəyə malik deyildir. (Mahmud Qəznəvinin atası Subuktəkin Samanilərin qulamı olmuşdu) Türküstana tam yiyələnməyincə qılıncınızı qına qoymayın». Səlcuqoğlu Mikayıl qardaşının vəsiyyətinə əməl edərək, Xorasanda möhkəmləndi. Mikayılın ölümündən sonra türklər onun oğulları Toğrul bəy və Çağrı bəy (qədim türk dilində Şahin deməkdir) ətrafında birləşdilər. Səlcuqoğullarının artan nüfuzundan qorxuya düşən Sultan Məsud Qəznəvi onlara qarşı Bəydoğdunun başçılığı altında ordu göndərdi. 1035-ci ilin iyulunda Səlcuqoğlu Toğrul bu ordunu darmadağın etdi. Sultanın darmadağın edilmiş orduları Nişapur şəhərinə çəkildi. Avqust ayında isə Sultan Məsud Qəznəvi Qazı Əbu Nəsr əs-Sinini Toğrul bəyin yanına göndərərək sülh istədi; Nisə, Dəhistan və Fərav vilayətlərini Səlcuqoğullarına güzəştə getdi.
Kərəm Məmmədliшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.