HEYDƏROVLARIN BANKI “BÜDRƏDİ” – “Gilan”dan ayrılan kimi…

23-04-2019, 19:29           
HEYDƏROVLARIN BANKI “BÜDRƏDİ” – “Gilan”dan ayrılan kimi…
Mətbuatda fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bankı kimi tanınan “AFB Bank”ın ilin 1-ci rübünə aid maliyyə göstəriciləri ciddi narahatlığa əsas verir. Belə ki, bankın mənfəətində və aktivlərində kəskin azalma müşahidə olunur.
Rəqəmlərə keçməzdən öncə qeyd edək ki, təxminən 2 ay bundan öncə “AFB Bank” ASC-nin səhmlərinin 99,64%-nə nəzarət edən “Gilan” MMC payını Hikmət Abuzər oğlu İsmayılova satıb.
“Gilan” MMC isə Kəmaləddin Heydərovun ailə şirkəti kimi tanınır. Bu səbəbdən “AFB Bank” ASC-nin əsas səhmdarının dəyişməsi müxtəlif söz-söhbətlərə səbəb oldu. Hətta bankın K.Heydərovun əlindən alındığını iddia edənlər də olub.
Lakin qeyd edək ki, bankın yeni səhmdarı heç də Heydərovlara yad birisi deyil. Mətbuatda dərc edilən məlumatlara görə, Hikmət İsmayılov K.Heydərovun həm bacanağı, həm də biznes şəbəkəsinin əsas fiqurlarından biridir. Ona görə də, bankın Heydərovların nəzarətindən çıxarılması iddiaları o qədər də inandırıcı görünmür.
Onu da qeyd edək ki, Hikmət İsmayılov bank-maliyyə sektorunda bir sıra iri şirkətlərin səhmlərinə sahibdir. Bu şirkətlərin çoxu ya “Gilan Holding”in törəmə şirkətləridir, ya da təsir dairəsindədir. Məsələn, Hikmət İsmayılov “AzSigorta” ASC-nin 100%-lik təsisçisi və sahibidir. Bu şirkət “Gilan Holding” qrupunun strukturu hesab edilir. O, həmçinin “Bank of Baku”nun da səhmlərinin 31 faizinə sahibdir. Bankın digər səhmdarı olan “Nab Holding” (35%) də Hikmət İsmayılovun və Heydərovların iş ortağı sayılır.
Mənfəət 46 dəfə (!), aktivləri isə 20 faiz azalıb

Rəsmən “Gilan Holdinq”in satdığı “AFB Bank”ın bu ilin 1-ci rübünün yekunlarını əks etdirən maliyyə göstəriciləri bankın ciddi problemlərinin yarandığını düşünməyə əsas verir. Belə ki, bank bu hesabat dövrünü cəmi 111 min manatmənfəətlə başa vurub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 46,8 dəfə (!)azdır. Hansı ki, bankın ötən ilin yekunlarına dair göstəriciləri olduqca yüksək idi. Təkcə onu qeyd etmək kifayətdir ki, “AFB Bank” ötən ili 21 milyon 654 min manat xalis mənfəətlə başa vurmuşdu.
Bu ilin ilk üç ayında “AFB Bank”ın gəlirləri 7,582 milyon manat, o cümlədən faiz gəlirləri 5,252 milyon manat, qeyri-faiz gəlirləri 2,33 milyon manat, xərcləri 5,443 milyon manat, o cümlədən faiz xərcləri 561 min manat, qeyri-faiz xərcləri 4,882 milyon manat, xüsusi ehtiyatlara ayırmaları isə 2,028 milyon manat təşkil edib. Bank mənfəət vergisi ödəməyib. Bununla yanaşı, il ərzində “AFB Bank”ın balans kapitalı 22,4% artaraq 88,05 milyon manata çatıb.
“AFB Bank”ın aktivləri isə 373,531 milyon manat olub. Bu da ötən ilin analoji göstəricisindən 20 faiz azdır. Qeyd edək ki, bankın kredit portfeli də ötən illə müqayisədə 5 faizədək kiçilib.
Ancaq bankın göstəricilərindəki ciddi geriləmələr bununla da bitmir. Belə ki, “AFB Bank”ın müştərilərinin depozit hesablarında da böyük azalma var. Bankın öhdəlikləri 27,6% azalaraq 285,48 milyon manata düşüb. Bunun 161,069 milyon manatımüştərilərdən alınmış depozitlərdir. Bununla da bankın depozit portfeli 35,4% kiçilib. Bu isə müştərilərin banka münasibəti baxımından kifayət qədər ciddi göstərici sayıla bilər.
Onu da xüsusi qeyd etməyə ehtiyac var ki, bütün bu göstəricilərin və problemlərin məhz bankın “əl dəyişməsindən” sonra meydana çıxması kifayət qədər düşündürücüdür.
Cəlal MƏMMƏDOV
AzPolitika.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.