Füzulidə məhkəmə sədrinin özünəməxsus kadr siyasəti: İki köməkçisinin diplomu saxtadır – İDDİA

23-11-2019, 02:56           
Füzulidə məhkəmə sədrinin özünəməxsus kadr siyasəti: İki köməkçisinin diplomu saxtadır – İDDİA
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün – 22 noyabr xalqımızın ümummilli lideri Heydər Əliyevin imzaladığı 11 noyabr 2000-ci il tarixli sərəncamla ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir. Ölkəmizdə aparılan hüquqi islahatların tərkib hissəsi kimi, Ədliyyə Nazirliyində də son illərdə köklü islahatlar aparılmış, nazirliyin fəaliyyətinin daha da təkmilləşdirilməsi, səmərəliliyinin artırılması, icra və əmək intizamının möhkəmləndirilməsi sahəsində əsaslı tədbirlər görülmüşdür.

Ədliyyə sistemində aparılan islahatlar təbii ki, məhkəmələri də əhatə etmişdir. Eyni zamanda, hakim korpusunun mənəvi cəhətdən saf, yüksək peşə hazırlıqlı hüquqşünaslar hesabına komplektləşdirilməsi, hakimlərin seçimində korrupsiya və digər neqativ halların qarşısının alınması məqsədilə nüfuzlu Avropa strukturları tərəfindən örnək kimi qiymətləndirilən yeni təcrübə – çoxmərhələli seçim proseduru yaradılmışdır ki, bu təcrübənin tətbiqi nəticəsində hakim korpusu 60 faiz təzələnmişdir. Ölkə rəhbərinin “…dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır” kimi yüksək tələbləri nazirliyin kadr siyasətinin əsasını təşkil edir. Bununla əlaqədar ədliyyə sistemində kadr seçiminə böyük tələbkarlıqla yanaşılaraq, dövlətçiliyə sadiq, mənəvi cəhətdən saf, müasir idarəetmənin incəliklərinə bələd olan hazırlıqlı kadrların açıq müsabiqə yolu ilə işə qəbulu aparılır, bu zaman qabaqcıl İKT-lər geniş tətbiq olunur, o cümlədən test imtahanları internetdə canlı yayımlanır. Ümumiyyətlə, gənclərin işlə təminatı daim diqqət mərkəzində saxlanılaraq dövlət gənclər siyasətinə uyğun olaraq son illərdə ədliyyə orqanlarına açıq müsabiqələrlə işə götürülmüş işçilərin təxminən hər ikisindən birini gənclər təşkil edir.

Lakin, Füzuli rayon məhkəməsinin sədri Məhəmməd Bağırov özünəməxsus kadr siyasəti aparır. Məhkəmənin necə deyərlər, dəhlizindən RealMedia.az-ın redaksiyasına verilmiş, etibarlılığına şübhə etmədiyimiz mənbənin məlumatına görə, Məhəmməd Bağırov Füzuli rayon məhkəməsində monarxiya yaradıb, boş iş yerləri üçün işaxtaranların əlinin çata biləcəyi informasiya resurslarına vakansiya elanı vermir, gizlədir, seçimi şəxsən özü edir, özünün tətbiq etdiyi “qaydalar” əsasında şəxsləri müqavilə ilə işə qəbul edir. Mənbənin verdiyi məlumata görə, Məhəmməd Bağırovun işə götürdüyü hakim köməkçilərinin ikisinin diplomunun etibarlılığı aşkar şübhə doğurur. Hələlik adlarını çəkmədiyimiz həmin iki nəfərin biri Gürcüstanda “ali təhsil” alsa da, məhz hansı universiteti bitirdiyini gizlədir. Bu barədə ona verilən suallara cavablandırmaqdan da hər vəchlə yayınmağa çalışır. İkinci köməkçi isə özünün dediyinə görə bağlanmış “Təfəkkür” Universitetinin Salyan filialının məzunudur.

Təhsil Nazirliyinin internet resurslarında həmin şəxslərlə bağlı apardığımız axtarış üzrə heç bir nəticə hasil olmadı. Bu isə onu deməyə əsas verir ki, köməkçilərdən birincisinin diplomu nostrifikasia olunmayıb, digərininki də tanınmayıb. O da bildirilir ki, sədrin birinci köməkçisi daha əvvəl işlədiyi hərbi məhkəmədə daşıdığı eyni vəzifədən məhz statusu yetmədiyinə görə uzaqlaşdırılıb. Amma yəqin, Məhəmməd Bağırova gərəkli müstəsna yetənəklərə sahib olduğu üçün Füzuli rayon məhkəmsində işə götürülüb. Hakim köməkçisi vəzifəsini daşıyan şəxs ixtisasca mütləq hüquqşünas olmalı, ali savadını təsdiqləyən sənədi olmalıdır.

Yəqin, Məhəmməd Bağırov Füzuli rayon məhkəməsinin inzibati binasında əsas qapıdan əlavə üçünü də o səbəbə açdırıb ki, LAZIM gələndə qanunsuz işə götürdüyü şəxsləri xəlvət aradan çıxara bilsin.

İddialarla bağlı qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.