Evindəki məcburi köçkün çıxmır deyə, kirayə qalmağa məcburdur – Video
Bu gün, 12:32

Kirayədə yaşayan Bakı sakini evinin məcburi köçkün tərəfindən zəbt edildiyindən şikayətçidir.
Xəzər TV-yə danışan Vüqar Şıxıyev bildirib ki, sözügedən ailə onlara Bakıda mənzil verilmədiyi halda evdən çıxmayacağını deyir.
“Məhkəmə qətnaməm var. Dövlət tərəfindən onlara ev də verilir, amma getmirlər ki, biz Bakıda yaşamaq istəyirik. Mən indi kirayə evdə qalıram. Çıx, mənim kimi kirayə evdə qal, mən də öz evimə yerləşim”, – o bildirib.
V.Şıxıyevin iddiasına görə, Qaradağın Lökbatan qəsəbəsində yerləşən evinə 1993-cü ildən məcburi köçkünlər yerləşib. Həmin vaxt valideynləri rayonda olduğu üçün mənzil boş imiş. 3 il sonra isə həmin şəxslər evi indi orada qalan ailəyə verib:
“Ailəm gəldikdə görüb ki, orada qoca kişi ilə qadın var. Onlar deyiblər ki, biz çıxacayıq, sizə xəbər edəcəyik. Daha sonra məcburi köçkünlər öz aralarında alqı-satqı ediblər, evə başqaları yerləşib. Məhkəmə qətnaməsi mənim xeyrimədir, bildirilib ki, onlar evdən çıxmalıdır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi onlara ev təklif etdi, lakin ailə imtina etdi ki, biz Bakıda yaşamaq istəyirik”.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən bildirilib ki, Cəbrayıldan keçmiş məcburi köçkün Südabə Abbasquliyeva 6 nəfərdən ibarət ailə üzvləri ilə birgə Vüqar Şıxıyevə məxsus evdə müvəqqəti məskunlaşıb. Keçmiş məcburi köçkünün başqa vətəndaşa məxsus mənzili boşaltması haqqında məhkəmə qətnaməsi komitəyə təqdim edilib. Qətnamənin icrası ilə əlaqədar iyunun 17-də Südabə Abbasquliyevaya ailə tərkibinə uyğun olaraq dövlət komitəsinin Biləsuvarda yerləşən qəsəbədə boş mənzil fondundan fərdi yaşayış evi təklif edilib. Lakin ailə həmin mənzilə köçməkdən imtina edib.
Daha ətraflı videomaterialda: