Karantin qaydalarını bu dəfə Vasif Talıbovun köməkçisi və nazir pozdu – FOTO

11-07-2020, 21:08           
Karantin qaydalarını bu dəfə Vasif Talıbovun köməkçisi və nazir pozdu – FOTO
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin köməkçisi Seymur Talıbov, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev karantin qaydalarını pozublar.

Pravda.az-ın xəbərinə görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə muxtar respublikada təhsil alan və dünyada yayılmış pandemiyaya görə ölkələrinə gedə bilməyən 94 əcnəbi tələbəyə maddi yardım verilməsi ilə bağlı tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin köməkçisi Seymur Talıbov çıxış edərək deyib ki, dünyada pandemiya elan olunan virusun Naxçıvan Muxtar Respublikasında yayılmasının qarşısının alınması üçün tədbirlər görülür. Bununla bağlı qabaqlayıcı tibbi profilaktik və dezinfeksiya işləri aparılır. Görülən məqsədyönlü işlərin nəticəsidir ki, muxtar respublikamızda virusun yayılması minimum səviyyədədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə ötən dövrdə muxtar respublikada təhsil alan və ölkələrinə gedə bilməyən tələbələrə ərzaq və Ramazan bayramı ilə əlaqədar iftar payları verilib. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı kimi əcnəbi tələbələrə maddi yardım da ayrılıb.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, muxtar respublikanın ali təhsil müəssisələri hər zaman Ali Məclis Sədrinin diqqət və qayğısı ilə əhatə olunub, dərslərin tədrisi, imtahanların keçirilməsi üçün əlverişli şərait yaradılıb. Görülən işlərin nəticəsidir ki, muxtar respublikada təhsil almaq istəyən əcnəbi tələbələrin sayı ilbəil artır. Bütün ali təhsil müəssisələrinin tədris korpuslarında və tələbə yataqxanalarında dezinfeksiya işlərinin aparılması, eləcə də əcnəbi tələbələrin qayğı ilə əhatə olunması onlara pandemiya dövründə ərzaq payları ayrılması, lazımi köməkliklər edilməsi göstərilən diqqətin daha bir ifadəsidir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev qeyd edib ki, muxtar respublikamızda gedən sürətli sosial-iqtisadi inkişaf əhalinin məşğulluğunun artırılması, yeni iş yerlərinin yaradılması, insanların rifah halının yüksəlməsi ilə nəticələnib. Naxçıvan Muxtar Respublikası Ali Məclisində dünyada yayılan pandemiya ilə bağlı keçirilən müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında da müvafiq vəzifələr qoyulub. Ali Məclisin Sədri tərəfindən verilən tapşırıqların icrası ilə əlaqədar 540 tənha ahıla göstərilən xidmətin miqyası genişləndirilib, 1600-dən artıq aztəminatlı ailəyə ərzaq sovqatı təqdim olunub, 9 mindən artıq sakinə birdəfəlik maddi yardımlar edilib.

Sonra muxtar respublikanın ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrə maddi yardımı almaq üçün elektron kartlar təqdim edilib.

Türkiyəli tələbə Şehriban Sarıhan, Banqladeşdən olan tələbələr Uddin Nasir, Kharus Zaman və cənubi koreyalı tələbə Lee Jin göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər. Məlumatı Nuhçıxan İnformasiya Agentliyi yayıb.

Fotolardan görünür ki, 50-dən çox şəxs bir yerə toplaşıb. Bəziləri, hətta tibbi maskadan da istifadə etməyiblər. Operativ Qərargahın 2 iyul qərarına əsasən, virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.