“AZƏRBAYCAN ERMƏNİSTANA 10 GÜN VAXT VERMƏLİDİR” – “Kəskin dönüş zamanıdır”

27-09-2022, 00:17           
“AZƏRBAYCAN ERMƏNİSTANA 10 GÜN VAXT VERMƏLİDİR” –
“Azərbaycan Qarabağ siyasətində kəskin dönüş etməsə Xankəndi probleminin uzun müddətə dondurulacağı və ötən illərdə olduğu kimi nəticəsiz danışıqlar, müzakirələr mövzusuna çevriləcəyi real görünür”.

“AzPolitika.info” xəbər verir ki, bu sözləri təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı hazırkı vəziyyəti dəyərləndirərkən bildirib.

Onun sözlərinə görə, müharibənin bitdiyi iki il ərzində əldə olunan razılığa əsasən, yalnız Laçın rayon mərkəzinin və Zabux, Sus kəndlərinin nəzarətimizə keçməsindən başqa məlum ərazilərimizə tam nəzarət etmək prosesində ciddi hadisə baş verməyib. Ekspert vurğulayıb ki, 13-14 sentyabr hadisələrindən sonra isə Azərbaycanla sülh müqaviləsini bağlamamaq üçün Ermənistan bütün diplomatik təxribatlarını işə salıb və Birləşmiş Ştatlar başda olmaqla üzdə özünü neytral göstərən digər dövlətləri də Azərbaycana qarşı qızışdırmağa nail ola bilib.

Noyabrda Brüsseldə keçirilməsi nəzərdə tutulan ikitərəfli komissiyanın və iki ölkənin liderlərinin görüşlərinin də əvvəlki görüşlər kimi nəticəsiz qalacağı indidən hiss olunur. Yaranmış situasiyaya əsaslansaq, bu görüşlərin baş tutmaması da mümkün variantlardandır”, – İ.İsmayıl əlavə edib.

Təhlükəsizlik eksperti qeyd edir ki, bizim daha çox fokuslandığımız Zəngəzur dəhlizi məsələsi birmənalı olaraq Ermənistan tərəfindən qəbul olunmur və olunmayacağı da real görünür:“Delimitasiya və demarkasiya müzakirələri nəticəsiz yekunlaşır və sərhəd müəyyənləşməsi ilə sülh müqaviləsinin bağlanacağı da illüziya təəssüratı yaradır. BMT-nin son sessiyası zamanı Paşinyan və Mirzoyanın müxtəlif ölkələrin rəsmiləri ilə keçirdikləri görüşlərdə sülhdən bir kəlmə danışılmadı, əksinə həmişəki kimi özlərindən əzabkeş obrazı yaradıb “aqressiyaya” məruz qaldıqlarını şikayət etdilər”.

İlham İsmayıl vurğulayır ki, indiyədək aparılan sülh danışıqlarının mərhələli forması – delimitasiya və demarkasiya işləri, kommunikasiyaların açılması, sülh müqaviləsinin mətn layihəsinin hazırlanması və bu məqsədlə Rusiyada və Brüsseldə dəfələrlə keçirilən görüşlərin reallaşmaması Azərbaycanın ultimativ diplomatiyaya keçməsini zəruri edir.

“Kəskin dönüş” özünü hansı istiqamətlərdə göstərə bilər” sualına cababında ekspert bildirib ki, Ermənistanın bu siyasətini əsas tutub ultimativ addımlar atmağın zamanıdır: “Birincisi, Ermənistanın 30 ildir Azərbaycanın Qazax rayonunun 7 kəndini hələ də işğalda saxladığı və suveren torpaqlarımızdan çıxmadıqlarını əsas gətirərək Ermənistanla bütün danışıqları dayandırır və qeyd edilən Azərbaycan torpaqlarından çıxmaları üçün 10 gün vaxt verildiyi elan edilir. 13 sentyabr hadisələrindən sonra bizi əraziyə keçməkdə ittiham edən Ermənistanın ən doğru cavabı budur. Verilən müddətin tamamında Ermənistan silahlı qüvvələri Azərbaycanın eksklav kəndlərini tərk etmədikdə hərbi yolla suveren ərazilərimizin azad edilməsinə başlanacağı qarşı tərəfə ultimativ şəkildə çatdırılmalı, eyni zamanda bütün dünyaya, əsasən də ABŞ və Rusiyaya, Avropa İttifaqına bildirilməlidir.

İkincisi, 10 noyabr 2020-ci il bəyanatına əsasən Azərbaycan ərazisində yerləşən erməni silahlı qüvvələrin son hərbçisinə və arsenalınadək çıxarılması üçün konkret olaraq 10 gün vaxt verildiyi qarşı tərəfə ultimatium olaraq elan edilməli və yenə də Rusiya, ABŞ, Avropa İttifaqının da nəzərinə çatdırılmalıdır.

Üçüncüsü, Zəngəzur dəhlizi birmənalı olaraq Ermənistan tərəfindən imtina edildiyi üçün Laçın yolunun sonunda, Azərbaycan-Ermənistan dövlət sərhədində Rusiya hərbi kontingenti ilə birlikdə sərhəd-nəzarət məntəqəsinin də 10 gün müddətinin sonunda yaradılacağı və beynəlxalq normalara uyğun gediş-gəliş tətbiq olunacağı da ilk növbədə Rusiya Federasiyasına və Ermənistana bildirilməli, əməli fəaliyyətə keçilməlidir.

Dördüncüsü, 10 noyabr 2020-ci il üçtərəfli razılaşmasına əsasən bu gün Azərbaycan ərazisində müvəqqəti yerləşmiş Rusiya hərbi kontingentinin nəzarət etdiyi ərazilərdən 30 ildən çox qaçqın düşmüş azərbaycanlıların doğma yurdlarına qayıdışının gələn ilin yazından başlanacağı və bunun üçün quruculuq işlərin planı və müddəti Rusiya komandanlığına çatdırılmalı və paralel olaraq yuxarıda qeyd olunan ünvanlara da bildirilməlidir. Bu məqsədlə Rusiya hərbiçilərinin nəzarət etdiyi ərazilərdəki nəqliyyat-kommunikasiya xətlərinin də açılması şərt olaraq irəli sürülməlidir”.

İ.İsmayılın sözlərinə görə, kompleks ultimativ xəbərdarlıqların yaranmasının zəruriliyi Ermənistanın müharibədən sonra apardığı destruktiv siyasətin nəticəsi olduğu faktlarla tərəflərin nəzərinə çatdırılmalıdır: “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması nə Rusiyanın, nə də ABŞ-ın apardığı siyasətlə mümkün olmayacaq. Rusiya münaqişənin uzanmasını, ABŞ isə sülh imzalanarsa ermənilərin maraqlarının nəzərə alınması şərti ilə danışır. Nensi Pelosinin gəlişi, Baydenin “dağlıq Qarabağ xalqı” ifadəsini işlətməsi, Blinkenin “Ermənistan ərazisinə Azərbaycanın atəş açması” kimi ifadələri heç bir halda sülhə xidmət etmir və Azərbaycanın maraqlarını əks etdirmir. Bu ərəfədə Rusiya Zatulin kimi ikinci dərəcəli adamları İrəvana göndərib “Qarabağın statusu” ifadəsini səsləndirməklə münaqişənin uzanmasına çalışır. Ermənistan 1896, 1905, 1915, 1918, 1920, nəhayət, 2020-ci illərdə çirkin ideologiyalarının qurbanı olmaqlarına, böyük fəlakətlərlə üzləşmələrinə baxmayaraq, Azərbaycana və Türkiyəyə düşmənçiliyini davam etdirir və bu yolda ilk növbədə Rusiya, sonra Qərb ona dəstək verdiyindən iddialarından əl çəkmirlər. Son məğlubiyyətdən sonra da vəziyyət dəyişməyib. Biz bunu mütləq diqqətə alıb sərt addımlar atmasaq, Xankəndi problemi uzun müddət qlobal güclərin maraqlarının hədəfində olacaq və hər fürsətdə əleyhimizə işləyəcək”.

İ.İsmayıl vurğulayıb ki, 2022-ci il sona çatır və Azərbaycan strateji hədəflərin təməlini də bu son üç ayda elə qoymalıdır ki, gələn il nə Ermənistanın, nə də havadarlarının süni şəkildə zaman uzatmasına bəhanələri qalmasın.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.