İndoneziyadaki səfirimizə Xocalı ittihamı - Keçmiş komandandan

15-07-2015, 23:30           

Bir neçə gün bundan öncə Daxili Qoşunların sabiq komandanı Fəhmin Hacıyev facebookda hal-hazırda yaşadığı Ukraynanın paytaxtı Kiyev şəhərində keçmiş döyüşçülərdən biri ilə görüşməsi barədə status paylaşıb.

Sabiq komandan yazdığı statusda keçmiş daxili işlər naziri Tahir Əliyev və Ali Sovetin keçmiş sədr müavini hazırda Azərbaycanın İndoneziyadakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayev və o dövrdə Azərbaycana rəhbərlik edən eks prezident Ayaz Mütəllibov haqqında ilginc iddialara yer verib:

“Dünən Kiyevdə Qarabağ qazilərindən biri və 1992-ci ildə Xocalı faciəsindən öncə Ağdama gələrək Xocalıya kömək etmək ücün canından kecməyə hazır olan ölümün üzərinə gedən bir tanışımla görüşdüm. Xocalı faciəsindən əvvəl Ağdamdakı vəziyyətdən xeyli söhbət elədi. Xocalının xilası üçün etdiyim cəhdlərin qarşısının necə və kimlər tərəfindən alındığını və hətta mənə edilən sui-qəstləri təfərrüatı ilə bilirmiş. Tahir Əliyevin vahid komandanlığı buraxıb Qubadlıya necə qaçdığını, Tamerlan Qarayevin telefonla Xocalılara necə yalan vədlər verdiyini və əldə olunmuş birliyi, Fred Asifi istehkam taboruna, Ağdam polis döyüşçü bölməsini Uzundərə silah anbarını mühafizəsinə, OMON-çuları tək başına düşünülməmiş döyüşə göndərməsindən, OMON-çuları tora salandan sonra Bakıya geri göndərməsindən və. s. danışdı.

Bundan Başqa Xudu Xuduyevin 24 fevralda taborunu mövqelərdən çıxarıb Bakıya getməsindən, Dadaş Rzayevin Goranboydan gətirdiyi döyüşçüləri geri göndərməsindən, Karyer Qasının təxribatlarından, Qatır Məmmədin döyüşlərdən imtina etməsindən, Heydər Əliyevin adamlarının etdiyi təxribatlardan danışdı. Sora əlavə etdi ki, Xocalıya ürəkdən kömək etməyə çalışanlar Şirin Mirzəyev, Allahverdi Bağırov və qradların komandiri Nəsimi Quluyevdən başa heç kim deyildi.

Keçmiş komandan statusunda həmçinin Xocalı əhalisinin niyə çıxarılmamasına da toxunub:


“Xocalı əhalisi niyə çıxarılmadı? Müdafiə Nazirliyi niyə əməliyyat keçirmədi. Mən də olduğu kimi cavab verdim. Ayaz Mutəllibov icazə vermədi. Hazırlanmış əməliyyat planının təsdiq etmədiyini Şahin Musayevin dediyini dedim".

Qeyd olunan məsələyə aydınlıq gətirmək məqsədi ilə Daxili Qoşunların keçmiş komandanı Fəhmin Hacıyevə müraciət etdik. Sabiq komandan Etatist.com-a açıqlamasında yazdığı statusunda Tamerlan Qarayevin hansı məsələdə yalan danışması ilə bağlı bildirdi ki, Milli azadlıq hərəkatı açıq müstəviyə keçdiyi ilk gündən hərəkatın iştirakçısı olaraq, əsasən ərazilərimizin təcavüzdən müdafiəsi ilə məşğul olub:


“AXC-də ilk dəfə Milli Ordunun qurulması məqsədi ilə yaradılmış Əsgəri komissiyanın sədri olmuşam. Bu, işdə məni AXC sədri Ə. Elçibəy, idarə heyətinin üzvlərindən E. Məmmədov, R. Qazıyev və P. Hüseynov dəstəkləyirdilər.

Azərbacanın təcavüzə məruz qalan elə bir rayonu yoxdur ki, mən orada olmayım və bacardığım köməkliyi etməyə çalışmayım. Aktiv fəaliyyətimə görə bir neçə dəfə sui-qəsdə məruz qalmışam. Şuşada çıxış edərək hamını silahlanmağa çağırdıqdan sonra Arkadi Volskini əmri ilə öldürülməli idim. Bunu Şuşa AXC üzvlərindən sağ qalanlar və Arif Paşayev təsdiq edə bilərlər. Ağdamda gecə ərazi müdafiə təlimləri keçirdiyimə görə də hələ 1999-cu ilə sui-qəsdə məruz qalmışdım. Belə hadisələrin çox olmasına baxmayaraq ictimailəşdirilməsinin tərəfdarı olmamışam. Çünki, siyasi xal toplamaq kimi bir xəstəliyim yox idi. Sadəcə olaraq çoxları kimi, mən də millətimə xidmət edirdim və ölümün üstünə gedirdim.

1992-ci ilin fevral ayında Müdafiə Nazirliyində heç bir hərbi və mülki vəzifədə olmamışam. 10 fevral 1992-ci il tarixində prezidentin döyüş bölgələrində vahid komandanlıq yaratmaq məsədi ilə fərmanı olub və bu fərmana əsasən Tahir Əliyev qərərgahı Ağdamda olmaq şərti ilə vahid komandan təyin olunmuşdu. Bu fərmana görə ərazı özünümüdafiə taborları, Milli Ordu hissələri, MTN-nin və DİN-nin yerlərdə olan əməkdaşları T. Əliyevə tabe edilmişdi. Baş Qərərgah rəisi və müdafiə naziri əvəzi Şahin Musayev isə ümumi koordinasiyanı həyata keçirməli idi. Bu, fərmanda sonra mən öz təşəbbüsümlə Ş. Musayevin qəbuluna gedib nə kimi kömək edə biləcəyimi soruşmuşdum. Onun mənə verdiyi tapşırıqla bölgədəki özünümüdafiə taborlarının komandirlərini, xüsusi ilə AXC-dən olan komandirləri tanıdığım üçün mülkü şəxs olaraq Ş. Müsayevin səlahiyyətli nümayəndəsi kimi Ağdama gedim.

Orada könüllü batalyonların T. Əliyevin tabeçiliyinə keçmələri üçün görüşlər keçirməli və T. Əliyevin tapşırıqları əsasında ona kömək etməli idim. Mənim əmr vermək, əməliyyat planı hazırlamaq və digər hərbi səlahiyyətlərim yox idi. Əməliyyat planı hazırlamaq üçün Müdafiə Nazirliyindən polkovnik-leytenant Telman Mehdiyev, mayor İntiqam Abdullayev və adını unutduğun daha iki zabit Ağdama göndərilmişdi. Ş. Musayev mənə onlara da təhcizat köməkliyi etməyi tapşırmışdı".

"Tamerlan Qarayevin ilk işi məni və hərbçiləri qərargahdan qovmaq oldu"

F.Hacıyev bildirib ki, o fevral ayının 15-də Ağdama gedib və T.Əliyevin onun üçün ayrılmış qərargahda olmadığını görüb:


"Mən, Ağdama 15 fevralda gəldim. T. Əliyev ona ayrılmış qərərgahda yox idi. Onu qonaq evində tapdım və özümü təqdim etdim. Mənə dedi ki, get qərərgaha batalyon komandirlərini iclasa çağır, bir saata gəlirəm. T. Əliyev iclasa gəlmədi və sonra məlum oldu ki, Ağdamdan qaçıb. Bir neçə gün T. Əliyevi heç kim tapa bilmədi. Vəziyyət ağır olduğundan birliyin yaradılması və əməliyyat planının hazırlanması işini dayandırmaq olmazdı. Ş. Musayevə yaranmış vəziyyət barədə məlumat verildi. O, da dedi ki, T. Əliyevi tapana kimi hərbçilərə iclaslar keçirib əməliyyat planını hazırlayın, Bakıya təsdiqə göndərsinlər, sən də hərbçilərə kömək et.

19 fevralda (tarixdə bir gün səhv ola bilər) Ali Sovetin sədr müavini T.Qarayev Ağdama gəldi. İlk işi Prezidendə zəng edib mənim Ağdamdan geri göndərilməyimi tələb etmək, hərbçiləri və məni qərərgahdan qovmaq oldu.

Hərbçilər və mən Ş. Mirzəyevin komandir olduğu alaya getdik. Ancaq bir gündən sonra T. Qarayev də qərargahdan çıxdı. Bunu səbəbi mənə bəlli deyil. T. Qarayev ilk gəldiyində bizi qərərgahdan qovduğu zaman Xocalının icra başçısı Elman Məmmədovla danışırdı. E. Məmmədov ona, “bizə kömək etmək imkanınız yoxdursa, əhalini çıxaraq” dedikdə, T. Qarayev “əhalini çıxarmayın bir və ya iki günə səhər yeməyini Xocalıda birlikdə yeyəcəyik” cavabı vermişdi. Bunu E. Məmmədov məhkəmədə də təsdiq etdi.

T. Qarayevin təkidli tələblərindən sonra Ş. Musayev məni geri çağırdı. Mən isə Ş. Mirzəyevin yanına getdim. Bunu da, o zaman o polkda xidmət etmiş hər kəs təsdiq edə bilər”.

Yazıda adı keçən hər kəsin mövqeyini yayımlamağa hazırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.