Türkiyəli hərbçi: "Həmsədlərin bəyanatı Ermənistanı daha da cəsarətləndirdi"

14-07-2020, 00:00           
Türkiyəli hərbçi: "Həmsədlərin bəyanatı Ermənistanı daha da cəsarətləndirdi"
“Ermənistanın növbəti təxribatı ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı uğurlu fəaliyyətinə xələl gətirməkdir”.

KONKRET.az-a Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi müşaviri, istefada olan general-mayor Yücel Karauz erməni silahlı qüvvələrinin Azərbaycanın Tovuz istiqamətində silahlı hücumlarına mövqeyini bildirərkən belə deyib.

Y.Karauz bildirib ki, Ermənistanın Dağlıq Qarabağ bölgəsinə deyil, cəbhə bölgəsindən kənarda olan Tovuz rayonuna hücum etməsi növbəti təxribatıdır: “Bu dəfə də Azərbaycanın hərbi mövqeləri ilə yanaşı, dinc insanlara da hücum edib və Azərbaycan bu haqsız hücumları layiqincə cavablandırıb, Ermənistan tərəf böyük itkilər verib. Ermənistanın bu addmında həm də iki ölkə arasında münaqişənin yalnız Qarabağla sərhəd olmayan bölgələrdə də baş verdiyi təəssüratını yaratmaq hiyləsi var”.

General-mayor deyib ki, Ermənistan Türkiyənin keçən həftə Ayasofya məbədi ilə bağlı prinsipial mövqeyinin beynəlxalq aləmdə yaratdığı reaksiyadan da sui-istifadə edib: “Qardaş Azərbaycana hücum etməklə Türkiyəyə də “mövqeyini” bildirmək istəyib. Ermənistan yenə də imperial güclərin maşasıdır”.

Y.Karauz BMT və ATƏT-in Minsk Qrupunun Ermənistanın Azərbaycana təcavüzünə yumşaq mövqeyini də qınayıb: “Ermənistan illərdir ki, etdiyi qanunsuz hərəkətlərini ört-basdır etmək üçün beynəlxalq ictimaiyyəti öz xeyrinə fəallaşdırmaq cəhdindədir, Azərbaycanı işğal etməsinə “qanuni” don geyindirməkdədir. Bu beynəlxalq təşkilatlar Dağlıq Qarabağdakı qanunsuz seçkilərin keçirilməsinə, işğal altında olan Azərbaycan torpaqlarında ermənilərin məskunlaşmasına laqeyd qalaraq, səs çıxarmırlar. ATƏT-in Minsk Qrupu həmsədlərinin “Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil” bəyanatı Ermənistanı daha da cəsarətləndirdi. Eyni zamanda Ermənistanın Dağlıq Qarabağı üçüncü dövlət olaraq tanıtmaq və bu münaqişədə danışıqlar masasına üçüncü dövlət kimi oturtmaq cəhdləri var”.

Hərbçi qeyd edib ki, bütün bunlara baxmayaraq, Ermənistan çirkin məqsədinə çatmayacaq, çünki Ermənistanda da xalq müharibə istəmir və dövlətin xalq arasında etimadı qalmayıb: “Beynəlxalq aləm keçən həftə İlham Əliyevin çıxışını dinləsəydi, bu hadisələr də baş verməzdi. Birləşmiş Millətlər Təşkilatının qərarlarında qeyd olunduğu kimi, Ermənistan Azərbaycan torpaqlarının qanunsuz və ədalətsiz işğalına son qoymalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır”.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.