Yağış-kanalizasiya infrastrukturu harada quraşdırılıb? - RƏSMİ

10-12-2019, 00:14           
Yağış-kanalizasiya infrastrukturu harada quraşdırılıb? - RƏSMİ
Güclü yağış nəticəsində paytaxt ərazisində yenə bəzi küçə və prospektləri su basıb.

Məsələn, Hövsanda İlqar Əhlimanov (“Ballı” marketin qarşısı), Oqtay Şabanov küçələrində, Maştağa-Zabrat ərazisində ana yolun bir neçə hissəsində, Xarici İşlər Nazirliyinin arxasındakı məhəllələrdə (“Avromart”ın qarşısı) böyük gölməçələr yaranıb. Bir neçə ildir ki, şiddətli yağış zamanı gölməçələrin yaranmasının qarşısını almaq üçün “Azərsu” ASC tərəfindən yağış-kanalizasiya xətləri quraşdırılır.

Maraqlıdır, yağış-kanalizasiya xətlərinin hansı ərazilərdə quraşdırılıb?

"Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı Cebhe.info-ya açıqlamasında bildirib ki, bu il 5 ünvanda yağış-kanalizasiya infrastrukturu qurulub:



“Yağış-kanalizasiya infrastrukturu Biləcərinin, Məhəmmədinin və Ramanının bir hissəsini, Zabrat, bir də Hövsana yaxın olan “Dədə Qorqud” qəsəbəsinin ərazisini əhatə elədi. Bunlar sırf yağış çox yağıdığı ərazidəki suları kənarlaşdırmaq üçün hesablanıb. 2017-ci ildə biz 16 ünvanda, son 4 ildə isə 60-dan çox ünvanda belə işlər görmüşük. Harada ki, subasma riski vardı, orada işlər görülüb. Hazırda bizim layihəmiz davam edir. Xətai rayonun Mirzə Davud küçəsində, Neft Emalı Zavodu yaxınlığında yağıntılar zamanı subasma halı baş verirdi. Oradan yeni xətt çəkirik ki, subasmanın qarşısı alınsın”.

Anar Cəbrayıllı dünən axşam və bu gün bütün kanalizasiya nasosu stansiyalarının işlək vəziyyətdə olduğunu və ciddi fəsadlarla üzləşmədiklərini qeyd edib:

“Dünən axşam və bu günə olan məlumatı da diqqətə çatdırım. Gecə bizim bütün qəza briqadalarımız, rayon su-kanal idarələrinin rəhbərliyi də işdə olub. Dənizə axan bütün yağış-su xətlərimiz açıq idi. Bizə ən çox müraciət Zabrat və Binəqədi tərəfdən olur. Vətəndaşlar bildirirlər ki, onların evlərini su basıb. Amma diqqətə çatdırmaq istəyirəm ki, həmin ərazilərdə nə kanalizasiya, nə də yağış infrastrukturu var. Bakı Dövlət Universitetinin qarşısı isə mərkəzi küçədir. Orada normal infrastruktur mövcuddur. Mən orada subasmaya rast gəlməmişəm, elə bir şikayət də olmayıb. Şəhərdə hansı ərazilərdə subasmanın olduğu ilə maraqlandım, həmin ərazi qeyd edilməyib. Ötən dəfə “Nizami” metrostansiyasının qarşısında problem yaranmışdı. Ola bilər ki, hansısa yerdə çökəklik olsun, su ona görə yığılsın. Yağışlar zamanı bizim əməkdaşlarımız monitorinq də aparırlar ki, yağışın hansı ərazidə daha çox oluğunu müəyyənləşdirsinlər. Harada nə iş görmək lazımdırsa, onun haqqında məlumat əldə edilir. Yağış-kanalizasiya xətləri ilə bağlı bundan əlavə hansı işlərin görüləcəyini isə növbəti il biləcəyik”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.