"Vaqif müəllimin yanından indi çıxmışam, iclasda idik"

19-11-2019, 19:02           
"Vaqif müəllimin yanından indi çıxmışam, iclasda idik"
Aparıcı Elçin Əlibəyli “Space”dən uzaqlaşdırılması barədə yayılan xəbərlərə aydınlıq gətirib.
Musavat.com-a açıqlama verən teleaparıcı hazırda telekanalda olduğunu deyib: “Vaqif müəllimin yanından indi çıxmışam, iclasda idik. Bu gün texniki problem olub, veriliş efirə getməyib. Vaqif müəllim mənim dostumdur. Mən onun istəyi ilə telekanalda qalıb, işimə davam etdim. Yalan məlumatlara inanmasınlar”.
E.Əlibəyli “Üç badam, bir qozun vətəninə çevrilmişik” sözlərinin müzakirə edilməsinə münasibət bildirib: “Biz hər veriliş üçün sosial problemləri əks etdirən fikirlər yazırıq və mən sonda oxuyuram. Emosional adamam, hisslərə qapılıb, bəzi sözlər dedim. Sonra redaktor həmin görüntülərin efirə getməsini məsləhət bilmədi, montaj oldu. Mən efirə getməyən hissəni paylaşdım. Teleaparıcı səhv edə bilər, sonda redaktor həmin səhvləri düzəltmək üçündür. Mənim fikirlərim efirə getməyib. Mən ölkəmizin Suriyaya çevrilməməsi üçün çağırış etmək niyyətində idim, səhv başa düşüldü. Mən dövlətçiliyimizi və “Space”in yayım siyasətini dəstəkləyirəm”.
Qeyd edək ki, iki gün öncə Elçin Əlibəylinin sosial şəbəkədə "El bizim, sirr bizim” verilişindən paylaşdığı görüntü müzakirələrə səbəb olub. E.Əlibəyli "Xəbəriniz var kimin vətəninə çevrilmişik? Üç badam, bir qozun vətəninə çevrilmişik. İstəməzdim, belə olsun. Bu, mənim sizinlə sonuncu görüşümdür. Mən də öz sənətimə, peşəmə dəyər verdiyim üçün "Sənətin, peşənin aşağılandığı yerdə olmaram” şüarını irəli sürürəm. Burada sizinlə, televiziya ilə vidalaşıram”, - deyə bildirib.
“Space” TV-nin rəsmisi Kamil Şahverdi E.Əlibəylinin bu sözlərinin efirə getmədiyini, montaj olunan hissənin sosial şəbəkədə yayılma səbəbini araşdırdıqlarını bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.