İnternetin kəsilməsinə görə məsuliyyəti kim daşıyır? - PROBLEM

11-11-2015, 22:21           
İnternetin kəsilməsinə görə məsuliyyəti kim daşıyır? - PROBLEM

Provayderlər ATS-ləri, sonuncular isə «Azərişıq» ASC-ni ittihamlayır


Son illərdə Azərbaycanda rabitə və informasiya texnologiyalarının yüksəksürətli inkişaf tempinə baxmayaraq, sözügedən sahədə həll olunması vacib sayılan çoxsaylı problemlər də var. Həmin problemlərdən biri də internetlə bağlıdır. Söhbət obyektiv və subyektiv səbəblər ucbatından vətəndaşların internetdən daha sərbəst istifadəsinin məhdudlaşdırılmasından, yüksək sürət və keyfiyyətli internetlə bağlı çətinliklərin yaranmasından gedir. Xüsusilə də payız-qış mövsümündə elektrik enerjisi ilə təchizatda problemlərin yaranması internet-servis provayderlərinin fəaliyyətinə mənfi təsirini göstərir. İstifadəçilərin internetlə təminatında qısa və uzunmüddətli fasilələr yaranır. Bu cür fasilələr internetdən istifadə edən abonentlərin ciddi narahatlığına və narazılığına səbəb olur. Elektrik təchizatının verilməsində yaşanan problemlərə görə internetdən istifadənin mümkünsüzləşməsi məsələsində isə provayderlər ATS-ləri, ATS-lər isə «Azərişıq» ASC-ni ittiham edir. Bəs problemin yaranmasının əsas səbəbkarı kimdir? ATS-lər strateji obyektlər sayıldığı halda, onların elektriklə təchizatında problemlər niyə yaşanır? Bu sualların cavablarını tapmağa çalışdıq.
İlk olaraq konkret faktlardan söz açaq. Bir müddət əvvəl Badamdar qəsəbəsindəki abonentlər redaksiyamıza şikayət edərək, internetdən istifadədə ciddi problemlər yaşadıqlarını söylədilər. Qeyd edək ki, problemlə üzləşən abonentlərin əksəriyyəti «UniNet» provayder şirkətinin xidmətlərindən istifadə edir. Şikayətçilər bildirir ki, provayder ATS-də işıqların sönməsini əsas gətirir. Qəsəbənin “Dəlidağ” deyilən ərazisindəki ATS-də işığın sönməsinə görə isə məsuliyyəti «Azərişıq» ASC-nin daşıdığını deyirlər.

Sorğularımızı cavablandıran Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktor müavini Xankişi Kişiyev əvvəlcə bildirdi ki, adıçəkilən qurumun nəzdində Xətai, Sabunçu, Yasamal, Xəzər, Nizami və Qaradağ Telefon qovşaqları, Bakı Avtomat Telefon Qovşağı, Bakı Kabel Qovşağı, ratibə qurğularının tikintisi və təmiri idarəsi, «Azərrabitəlayihə» Layihə-Axtarış Kontoru və «Az-Yevrotel» fəaliyyət göstərir. Onun dediyinə görə, haqqında danışılan 6 telefon qovşağının balansında olan ATS-lərin hər biri generatorla və alternativ enerji mənbələri ilə təmin olunub: «Ona görə də texniki qəzanın baş verməsi, elektrik sistemində əsaslı, yaxud cari təmir işlərinin aparılması və digər səbəblər ucbatından, elektrik enerjisi ilə təchizat dayandırılarsa, bu, ATS-lərimiz üçün hər hansı bir problem yaratmır. Çünki generatorlar və alternativ enerji qurğuları avtomatik işə düşür və elektrik enerjisi ilə təminat bərpa olunur. Ona görə də internetlə təchizatda çətinliyimiz olmur».

İnternet-serviz provayderlərinin problemlərinə də mövqeyini bildirən Xankişi Kişiyev vurğulayır ki, istifadəçilər tərəfindən həm Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, həm də BTRİB-ə ünvanlanan çoxsaylı müraciət və şikayətlər arasında internet məsələsi ilə bağlı olanları da var: «Biz bu sahədə araşdırma aparmışıq. Ümumiyyətlə, ATS-lərimizdə elektrik enerjisi ilə təchizatda problem yoxdur. Ancaq provayderlərin, eləcə də «UniNet» internet şirkətinin ATS-lərdə avadanlıqları və stansiyaları var. Biz onlara yalnız tezlik ayırırıq. Elektrik enerjisi ilə təchizatın dayandırılması ucbatından, interneti verə bilməməsi isə sözügedən provayderlərin günahıdır. Ona görə də vətəndaşlara məsləhət görərdim ki, daha etibarlı provayderlərə etibar etsinlər».

«UniNet» şirkətindən isə deyirlər ki, adıçəkilən provayderin Bakı şəhərində və Abşeron yarımadasında xeyli sayda fəaliyyət nöqtəsi var. Onların ATS-lərlə bağlanmış müqavilələrinə əsasən, bu şirkətlər özlərinin xüsusi avadanlıqlarını ATS-lərdə yerləşdiriblər. Müəyyən səbəblərdən elektrik enerjisi ilə təchizat dayandırılarkən ATS-lərdəki avadanlıqların fəaliyyəti avtomatik dayanır və internet itir. ATS-lərdəki generatorların işə düşməsi belə qurğuların iş prinsipini bərpa etmək üçün yetərli deyil. «UniNet»in avadanlıqlarının daimi elektrik enerjisi ilə təchizatı üçün «Azərişıq» ASC ilə müqavilənin olub-olmaması ilə bağlı sualımıza cavabında şirkət əməkdaşları bildirdilər ki, belə bir müqavilə bağlanmayıb və buna ehtiyac da duymurlar. Çünki elektrik sistemində müxtəlif işlərin aparılması, istənilən anda texniki qəzaların baş verməsi mümkündür. Bu səbəbdən də belə bir müqavilənin bağlanmasının əhəmiyyəti yoxdur. İstifadəçilərə dəyən maddi və mənəvi zərərin ödənilməsi məsələsinə gəlincə, belə bir prosesin reallaşdırılmayacağı da vurğulandı. Şirkət əməkdaşları dedilər ki, abonentlərlə bağlanmış müqavilədə göstərilir ki, müstəsna hallarda «UniNet» MMC-dən asılı olmayan səbəblərə görə, internetlə təminat dayandırıla bilər. Həmin səbəblərdən biri də məhz elektrik enerjisi ilə təchizatın dayandırılmasıdır. Ona görə də istifadəçilərə kompensasiya ödənilə bilməz.
Hafta.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.