DNT analizi, yoxsa türklüyü müəyyən edən “genetik xəritə”?

24-06-2019, 09:07           
DNT analizi, yoxsa türklüyü müəyyən edən “genetik xəritə”?
Adil Qeybulla: “İnsanların əksəriyyəti qarışıq millətlərin genini daşıyır...”
“Avroviziya-2011" yarışmasının qalibi Nigar Camal yarışmanın apardığı DNT analizinin cavabını alıb. Nəticələrdən N.Camalın 91,7 faiz qərbi asiyalı genetikasına sahib olduğu ortaya çıxıb.

“91,7 faiz türk genetikası, 5,5 faiz hun (Çingiz Xanın işləridir - İpək Yolunda bizi tək qoymadı və ”Sovetski"dən keçdi) və 2,8 faiz yəqin ki, ərəb genetikası", - deyə Nigar sosial şəbəkədə qeyd edib.

Qeyd edək ki, müğənni hələ 4 həftə bundan əvvəl yarışma tərəfindən aparılan DNT analizinə müraciət etmişdi. Ondan əvvəl isə “Avroviziya-2011" yarışmasının digər qalibi Eldar Qasımov da DNT analizi ilə bağlı yarışmaya müraciət etmişdi. Müğənni aldığı nəticədən şoka düşdüyünü qeyd etmişdi: ”Şokdayam... Bir müddət öncə “Avroviziya”nın rəsmi tərəfdaşından layihədə iştirak etmək dəvətini məmnuniyyətlə qəbul etdim. DNT analizinin əsasında köklərimi öyrəndilər və test nəticələri gəldi. Genim 78,4 faiz Qərbi Asiya, 11,6 faiz Skandinaviya, 7,1 faiz Mərkəzi Asiya, 2,1 faiz Baltikyanı ölkələr, 0,8 faiz İtaliya əsillidir".

Maraqlıdır, DNT analizi ilə genetikanı necə araşdırmaq olar? Kimin əslində ərəb, slavyan və yaxud türk olduğunu müəyyən etmək mümkündürmü?

Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a danışdı. A.Qeybulla qeyd etdi ki, DNT analizi ilə şəxsin milliyyətini dəqiq analiz etmək olur: “Bəli, bu gün qədim insanların sümükləri, qalıqları ilə DNT genetik analizləri aparılır və şəxslərin hansı millətə məxsus olduqları müəyyən edilə bilir. Məsələn, arxeoloji qazıntılar zamanı tapılan sümüklərin qalıqları nəticəsində mühakimə yürüdülür ki, həmin ərazidə vaxtı ilə hansı xalqlar olub və sairə. Bu sosial məsələdir, nəinki genetik. Ona görə də genetika üzrə araşdırma aparmaq doğru deyil. Ümumiyyətlə, demək olar ki, insanların böyük əksəriyyəti qarışıq millətlərin genini daşıyır. Çünki uzun müddət müharibələr, miqrasiyalar olub. Məsələn, deyilənə görə, Azərbaycanda olan əsl türklərin rəngi sarışın, gözləri yaşıl olub. Amma ərəb, monqol istilası qara rəngin dominant olmasına gətirib çıxardıb. Burada genetika deyiləndə daha çox hansı millətin üstünlük təşkil etməsindən söhbət gedir. 50 faiz hansı gendirsə, şəxs genetik və bioloji olaraq həmin millətə məxsusdur. Bundan başqa insanın böyüdüyü mühit məsələsi var. Yəni insan başqa irqdən ola bilər, amma mədəniyyət baxımından doğulduğu, yaşadığı mühitə bağlıdır. Bunun üçün də bu məsələlərin heç bir önəmi yoxdur. Əlbəttə ki, hər birimizi yoxlasalar, genimizdə qarışıqlar olması ehtimalı çıxar. Amma hesab edirəm ki, insanlar daha çox danışdığı dilə, mədəniyyətə uyğun olaraq həmin xalqa məxsusdurlar”.

Qeyd edək ki, 2005-ci ildən “National Geographic” tərəfindən “Genom” layihəsi başladılıb. Layihə ortaya çıxdığı anda çox məşhurlaşdı və sürətlə irəli getməyə başladı. Bununla da 2007-ci ildə insanın “genetik xəritəsi” ərsəyə gətirildi. Bu xəritə ilə artıq millətlərin qohumluq əlaqələrini təyin etmək olur. Bunun üçün Y-DNT Haplogrup anlayışından istifadə edilir.

Bəs Y-DNT Haplogrup nədir?

Məlumata görə, Y-DNT haplogrupu (ata tərəfindən), on minlərlə il əvvəl yaşamış atanının nəsil şəcərəsini bildirir. Y-DNT haplogrupları, atadan oğula köçürülən y-xromosomunun minlərlə il ərzində uğradığı mutasiyalarla meydana gəlmişdir. Haplogruplar hərflərlə ifadə edilir. Bir zamanlar irqlərin mövcudluğu elmdə təsdiq edilsə də, bunun yanılma olduğu hazırkı elm adamları tərəfindən təsdiqlənib. İnsanların bir irqi mövcuddur.

Y-xromosomu yalnız kişilərdə var, ana tərəfindən soyağacınızı təyin etmək istəsəniz mitoxondrial- DNT testi etdirməniz də lazımdır. Y xromosomunun vəzifəsi cinsiyyətin təyin olunmasıdır. Bütün haplogrupların atası, A0-T olaraq adlandırılmaqdadır və 235.500 il bundan əvvələ aid olduğu müəyyən edilib. 66.000 il əvvəl də A və B haplogruplarına əlavə olaraq C, D, E və F ata haplogrupları meydana gəlib. Günümüzdəki haplogruplar bu ata qruplarından törədib.

Mütəxəssislər qeyd edir ki, azərbaycanlılar və türk xalqları üçün əsas qrup J2 haploqrupdur. Çünki burada əsas dominant Haplogrup J2-dir. Bu qrup 32.000 illik bir keçmişə malikdir və əsasən ümumi olaraq Orta Asiyadan, Qərbi Asiyaya doğru sıxlıq göstərməyə başlayır.

Məsələn, Rusiya, Ukrayna, Polşa kimi Slavyan ölkələrində R1a qrupunun sıx olduğu bildirilir. Slavyanlar ataları R1A haplogrupundandır, ancaq 25 min il əvvəl ortaya çıxan bu qrup 19-27% nisbətində Norveç və İsveçdə də görülür. Bununla da demək olar ki, R1A həm Slavyan həm də Skandinaviya millətlərinin ortaq atasıdır. Türkiyədəki insanlarda da 16 % R1a genlərinə rast gəlinməsi, onların Slavyan və Skandinavlara da yaxın olduğunu göstərir.

Xalidə GƏRAY,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.