“Abid Şərifov xidməti avtomobilini dövlətə qaytarmayıb” iddiasına reaksiyalar
25-07-2019, 08:30
Baş nazirin sabiq müavini susqunluq nümayiş etdirdi, ekspert isə deyir ki, “AA” seriyalı dövlət qeydiyyat nişanını istənilən hüquqi şəxs ala bilir
Son günlər baş nazirin keçmiş müavini Abid Şərifovun jurnalistlə məlum videosu ətrafında müzakirələr səngimir. Müzakirələrdə bir məqama da diqqət çəkilir: İddialar səslənir ki, Şərifov öz xidməti avtomobilini hələ də dövlətə qaytarmayıb. Belə ki, videodan görünür ki, Şərifov “10-AA-257" dövlət qeydiyyat nişanı olan avtomobildə gəzir. Bu əsas gətirilərək bildirilir ki, A. Şərifov hələ də dövlətin avtomobilini idarə edir.
“Yeni Müsavat” olaraq məsələni aydınlaşdırmaq üçün ilk olaraq Abid Şərifovun özü ilə əlaqə saxladıq. A. Şərifov bildirdi ki, o, suallara cavab vermək istəmir. Haşiyə çıxaraq onu da qeyd edək ki, A. Şərifov hələ baş nazirin müavini olduğu zaman da jurnalistlərin sorğularını cavablandırmaq həvəsində deyildi. Nümunə kimi Binəqədidə baş verən faciəvi yanğından sonra onun jurnalistə verdiyi cavabı xatırlada bilərik. Belə ki, A. Şərifov jurnalistin “Tikinti işlərinə hansı şirkət daxil olacaq” sualına eynilə aşağıdakı kimi cavab vermişdi: “Nə dəxli var sənə?! Nə üçün bilməlisən kimdi?! Alabala... Sonra?! Müəyyən olunur ki, filankəsdi, filankəsdi də. Bunu biz müəyyən edirik, bunun ”pressa"ya dəxli var, ay oğul? Sonra sualınız var...?! Allah sizi saxlasın..."
Mövzuya qayıdaraq bildirək ki, “AA” seriyalı dövlət qeydiyyat nişanı yalnız xidməti avtomobillərə verilmir. Bu cür nömrələri istənilən hüquqi şəxs ala bilər. Xidməti avtomobillərin istifadəsinə gəlincə isə bu barədə indiyədək xeyli müzakirələr aparılıb.
Məsələn, bu ilin yanvar ayında deputat Zahid Oruc modern.az saytına bildirmişdi bir müddət əvvəl dövlət qurumlarına daha çox yerli istehsal avtomobillərinin alınması tələbi qoyulmuşdu: “Sanki ictimai nəzarət və monitorinqlər zəiflədiyindən əvvəlki tendensiya davam edir və bir maşının o strukturda çalışan şəxslər üçün xidmət müddəti, onun amartizasiya xərcləri, digər tariflərin şəffaflığına heç kəs əmin ola bilmir. Bilirsiniz, cansız texnika dil açıb deyə bilmir ki, hansı şöbə müdiri, hansı nazir müavini özünün arsenalında nə qədər maşın saxlayıb, onun məsrəfləri nədən ibarət olub. Ona görə də bu məsələ ilə bağlı birdəfəlik çözüm tapılmalıdır. Hesab edirəm ki, parlament qarşıdakı dövrdə hökumətlə birgə nəqliyyat vasitələri ilə bağlı məsələyə tam olaraq aydınlıq gətirməlidir.
Ölkə rəhbərinin qərarı verilib. Qeyd olunan avtomobillərin bir hissəsi dövlət əmlakının idarəedilməsi üzrə müvafiq komitə tərəfindən hərraclara çıxarılaraq satılacaq. Əldə edilən vəsait büdcəyə yönəldiləcək. Məsələ onun miqdarında, ölçüsündə, çəkisində deyil. Ümumilikdə bu prosesi şəffaflaşdırmaq lazımdır.
Mənə görə yalnız məhdud sayda insanlar üçün xidməti maşın saxlamaq lazımdır. Hətta xidməti maşın ayrılacaq şəxsin özünə də sərt yanaşmalar tətbiq edilməlidir. Nəqliyyat vasitələri, onun xərcləri, yanacaqla təminatı büdcə vəsaiti hesabına ödənilir. Yəni bir çox hallarda xidməti maşının şəxsi maşın kimi istifadəsinin qarşısını almaq üçün maddi ekvivalent yaradılmalıdır. Siyahıya daxil olan vəzifələrdə sıra sayını qat-qat azaltmaq lazımdır. Həmçinin şəffaflıq üçün hesabatlar açıq olmalıdır".
“Yeni Müsavat”a danışan ekspert Elməddin Muradlı bildirib ki, hazırda məmurlar dövlət avtomobillərini vəzifədən azad olunduqları zaman geri qaytarırlar:
“Abid Şərifovla bağlı onu deyim ki, bildiyim qədərilə onun xidməti avtomobilinin dövlət qeydiyyat nişanı ”10-AA-204" olub. Vəzifədən çıxarıldıqdan sonra isə avtomobili dövlətə geri qaytarıb. Ümumiyyətlə, heç kəsə sirr deyil ki, bir çox məmurların əllərində bir neçə şirkətin idarəçiliyi var. Qanunvericiliyə görə də hüquqi şəxs “AA” seriyalı dövlət qeydiyyat nişanı ala bilir. Ona görə də işdən azad edilən məmurlar üçün bu cür nömrələri almaq problem deyil. Eləcə də keçmiş nəqliyyat naziri Ziya Məmmədovun də əlində xeyli sayda “AA” seriyası ilə nömrə var. Onlar vəzifədən azad olunduqları zaman təbii ki, avtomobillə birlikdə onun üzərindəki dövlət qeydiyyat nişanını da dövlətə qaytarırlar. Çünki onların faktiki olaraq bu cür nömrələrə ehtiyacı yoxdur. Həm zamanında, həm də indiki vaxt bu cür nömrə ala bilirlər. Məndə olan məlumata görə, indiyədək heç bir məmur vəzifədən azad olunduqdan sonra xidməti avtomobilini özündə saxlamayıb. Bu barədə mətbuatda da hansısa məlumat yer almayıb. Şərifovun da avtomobili özündə saxlaması məsələsi inandırıcı deyil".
Əli RAİS,
“Yeni Müsavat”