"Anastas Mikoyan: Bolşevik erməninin etirafları" + ŞOK FAKTLAR...

28-07-2019, 09:30           
"Anastas Mikoyan: Bolşevik erməninin etirafları" + ŞOK FAKTLAR...
"Gəncliyində türk ordusuna qarşı döyüşmək üçün Andranikin dəstəsinə qoşulmuş olsa da, o, bolşevik Mikoyan kimi "Böyük Ermənistan" ideyasını əsassız hesab edirdi"


Teref.az bu gündən etibarən ermənişünas alim, Türkiyənin Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlının erməni kommunist, hiyləgər siyasətçi Anastas Mikoyan haqqında Türkiyə türkcəsində qələmə aldığı "Anastas Mikoyan: Bolşevik erməninin etirafları" kitabının Azərbaycan dilinə tərcüməsini hissə-hissə yayımlayacaq. Qısaca qeyd edək ki, kitabdan əldə edəcəkləriniz bu günədək heç bir yerdə getməmiş qatı açılmamış ilginc faktlardan ibarətdir və erməni yalanlarını ifşa etmək üçün məhz həmin millətin ən məşhur nümayəndəsinin etiraflarıdır.

Qeyd edək ki, kitaba tanınmış türkiyəli alim, professor Kemal Çiçek ön söz yazıb. Ön sözdə kitabın yaranma səbəbi və Anastas Mikoyanın kimliyi barədə, qısa da olsa, məlumat verilib. Əhəmiyyətini və vacibliyini nəzərə alaraq əvvəlcə ön sözü təqdim edirik.

Ön söz

Əziz dostum Qafar Çaxmaqlı keçən il Avrasiya Araşdırmaları Mərkəzində (AVİM) konfrans vermişdi. Həmin konfransda Anastas Mikoyan haqqında bir neçə mühüm fakt açıqlamışdı. Konfransın sonunda ona Mikoyanın çox əhəmiyyətli bir erməni əsilli Sovet dövlət xadimi olduğunu, ancaq Türkiyədə heç tanınmadığını dedim. Dəyərli alim Dr. Mehmet Perinçekin kiçik bir məqaləsindən başqa, Türkiyədə Mikoyan haqqında çox az məlumat olduğunu bildirdim. Mikoyanın erməni problemi haqqında Türk tezisini dəstəkləyən çox sayda müsahibələri olduğunu və ermənilərin onu xəyanətdə ittiham etdiklərini vurğuladım. Mikoyanla müqayisədə, Ohannes Kaçaznuninin ölkəmizdə haqsız bir şöhrətə malik olduğunu da əlavə etdim. AVİM-in dəyərli sədri səfir Alev Kılıç bəy bu təsbitimdən sonra Mikoyan haqqında dərin bir araşdırmanın vacib olduğunu, bunu dostum Qafar Çaxmaqlı ilə həyata keçirməyimizin lazım olduğunu söylədi. Əlinizdəki bu mühüm əsər bu tövsiyə əsasında qələmə alınıb.

Həqiqətən də Ohannes Kaçaznuninin erməni problemi haqqında Türk tezisi ilə bağlı işlətdiyi bir neçə cümlə sayəsində Türkiyədə çox yaxşı tanınmasına baxmayaraq, bolşevik və daşnak müxalifətçi olan Mikoyan Türkiyədə, demək olar ki, heç tanınmır. Halbuki Mikoyanın ermənilərin qondarma müstəqillik müharibəsi haqqındakı tənqidləri çox önəmlidir. Mikoyan həm erməni inqilabı əsnasında, həm də sovet hökuməti dövründə Rusiyada məsul vəzifələrdə çalışmış çox önəmli şəxsdir. Ermənilərin müstəqillik mübarizəsi, türk-rus-daşnak-erməni əlaqələri, sovet ittifaqı zamanı erməni siyasəti haqqında çox zidd fikirlərə malikdir. Buna baxmayaraq, Türkiyədə bir neçə istisnadan başqa, ermənilərin tarixinin yazılmasında kənarda qalması təəccüblüdür. Onun erməni davası haqqındakı zidd fikirləri kənara qalsın, Türkiyənin Müstəqillik Savaşı haqqında qeydləri də çox əhəmiyyətlidir. Bu səbəbdən əsərin əhəmiyyətini də göstərmək məqsədilə Mikoyan haqqında bəzi qeydlərimi oxucularla bölüşmək istəyirəm.

Əvvəlcə qeyd edim ki, SSRİ-də 40 ildən çox mühüm vəzifələrdə çalışmış bir dövlət adamı olan Mikoyan orta təbəqədən olan mühafizəkar bir ailənin övladı olub. Atası buna görə onu dini təhsil alması üçün Tiflisə göndərib. Ancaq o, sonra Eçmiyadzinə gedib və orada təhsilini davam etdirib. Ancaq gözlənilənin əksi baş verib, Mikoyan Müqəddəs Eçmiyadzin Kilsəsindəki təhsilini başa vurandan sonra ateist olub. Aldığı liberalizm və sosializm dərsləri onun xarakterinin formalaşmasında daha çox rol oynayıb. O, rus inqilab hərəkatına qoşulub. Hələ 20 yaşında ikən 1915-ci ildə Eçmiyadzin Sovet İşçi Şurasını yaradıb. 1917-ci ilin oktyabr ayında bolşevik inqilabı baş verəndə də Qafqazın çox mühüm siyasi fiqurlarından biri kimi ortaya çıxıb. Bakıya mühacirət edib və burada əvvəlcə erməni dilində "Sosial-Demokrat" jurnalını, daha sonra da rus dilində "İzvestia Bakinskoqo soveta" qəzetini çıxarmağa başlayıb. Mikoyan bu karyerası əsnasında artıq gənclik illərindəki kimi bir millətçi erməni olaraq deyil, idealist bolşevik kimi hərəkət etməyə başlayıb. Bu tərcihinə görə o illərdə həm azərbaycanlıların, həm də ermənilərin nifrətini qazanıb. Çünki o, musavatçı olaraq anılan azərbaycanlı türk millətçilərinin üsyanının yatırılmasında rol oynayıb. 1918-ci ildə Bakıda baş verən vətəndaş müharibəsi zamanı Qızıl ordunun 26 Bakı komissarından biri olub. Bu vəzifə əsnasında fəaliyyətləri bu əsərdə daha geniş şəkildə əks etdirildiyi üçün mən təfərrüatlara girməyəcəyəm. Ancaq Britaniya əsgərlərinin Bakıya girməsindən sonra Mikoyanın Həştərxana qaçması ilə sirlərlə dolu siyasi həyatının başladığını qeyd etmək istəyirəm. Belə ki, bolşeviklərin müharibə vəziyyətində olduğu menşeviklər fərari komissarları tutub edam edəndə təkcə Mikoyan xilas olmuşdu. Onun necə qurtulması isə həyatı boyu sirr olaraq qalıb.

1921-ci ildə Bakının təkrar bolşeviklərin nəzarətinə keçməsindən sonra Mikoyan yenidən şəhərə qayıdıb və silahdaşları ilə birlikdə sirlərini ortaq bir məzarda dəfn edib. Bu davranışına görə ermənilər tərəfindən xəyanətkar kimi qəbul edilib. 1921-ci ildə Rusiya Kommunist Partiyasının Mərkəzi Komitəsinə seçilməsi və Lenin ilə dostluğundan sonra artıq o, bir ermənidən çox kommunist idi. Stalin tərəfindən Kommunist Partiyasının Şimali Qafqaz Bürosunun sədri olaraq Rostova göndərilməsi onun bu xüsusiyyətini daha da qüvvətləndirib. Öz irqindən olan insanlara deyil, sovet ideallarına olan sədaqəti onu Siyasi Büronun üzvlüyünü də gətirib. Türk-erməni mübarizəsi haqqındakı bəzi fikirlərini yekunlaşdırsaq, demək istədiyimiz daha yaxşı başa düşüləcək.

Gəncliyində türk ordusuna qarşı döyüşmək üçün Andranikin dəstəsinə qoşulmuş olsa da, o, bolşevik Mikoyan kimi "Böyük Ermənistan" ideyasını əsassız hesab edirdi. 1919-cu ildə etdiyi çıxış və yazılarında ermənilərin hərəkətini sərt ifadələrlə tənqid etmişdi. Yeni tanış olduğu Leninə göndərdiyi raportunda millətçilik duyğularından uzaq, ağıllı kommunist obrazı yaratmaq potensialını nümayiş etdirmişdi. O, erməni milli hərəkatının azadlıq hərəkatı olmaqdan çıxıb, mürtəce, işğalçı ("imperialist") bir hərəkətə çevrildiyini yazırdı. Bu üzdən "Böyük, vahid və müstəqil Ermənistan" ideasını zərərli, cinayətkarcasına və mürtəce hesab etdiyini, bu idealist düşüncəyə qarşı Kommunist Partiyasının mübarizə aparmalı olduğunu bildirirdi. Mikoyan imperialistlərlə mübarizə aparan Türkiyənin SSRİ-nin dostu olduğunu və imperialistlərin maşası Daşnaksütyun ilə də savaşaraq erməni millətinin nicatını dəstəkləyəcəyini irəli sürürdü. Türkiyə əvvəlki Türkiyə deyildi və Ermənistana qarşı təcavüzkar bir niyyəti ola bilməzdi. O halda erməni millətçilərini dəstəkləmək çox yanlış idi. Ermənistanın Türkiyə üzərində mümkün qələbəsi Yaxın Şərqdə imperializmin gücləndirilməsinə səbəb olardı. Məhz bu üzdən Mikoyana görə, erməni kommunist bolşevikləri Ermənistanın məğlubiyyətini sürətləndirməli və Ermənistanın sovetləşməsini təmin etməli idilər.
Mikoyanın daşnakların başını çəkdiyi erməni davası ilə bağlı tənqidləri bunlarla da məhdudlaşmır. Məsələn, Qara dənizdən Aralıq dənizinə qədər yeddi vilayəti əhatə edən Böyük Ermənistan yaratmaq fikri Mikoyana görə, xam bir xəyal idi. Bölgə "Böyük Ermənistan" əhalisinin əksəriyyətinin iradəsinə söykənərək qurulmayacaqdı və ancaq imperialist silahların gücü ilə yeridiləcəkdi. Türkiyənin imperialistlərlə döyüşdüyü bir şəraitdə Türkiyə ilə ermənilər qarşı-qarşıya gəlməməliydi.
Mikoyanın I Dünya müharibəsi və erməni deportasiyası haqqındakı fikirləri də erməni tezislərini müdafiə edənləri məyus edəcək səviyyədədir. Mikoyan Türkiyə ermənilərinin "daşnakların uzağı görməyən və macəraçı siyasəti nəticəsində 300-500 min arasında qurban verdiyini" iddia edirdi.
Mikoyan azərbaycanlı-erməni toqquşmasının da doğru olmadığını ifadə edir, iki ölkəni müharibə həddinə gətirən Qarabağ problemi haqqında fikirlərini ifadə edərkən, Zəngəzur və Qarabağ kimi ərazilərin Azərbaycanın tərkibində olmasının vacibliyini dilə gətirirdi. Mikoyana görə, Qarabağ Azərbaycan olmadan ayaq üsdə dura bilməz və bu səbəbdən Azərbaycana bağlanmalıdır.
Göründüyü kimi, Mikoyan erməni problemi haqqında çox mühüm fikirlər söyləyib və erməninin yazılmış tarixini alt-üst edəcək dərəcədə etiraflar edib. Bu üzdən bu günə qədər Türkiyədə tanınmaması böyük bir nöqsandır. Qafar Çaxmaqlının Mikoyanın həyatı və fikirlərini, tamamilə rus və erməni mənbələrinə əsaslanaraq gün üzünə çıxarması erməni araşdırmaları ədəbiyyatına çox böyük töhfə verəcək.
Moderator.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.