Ermənistanın Azərbaycana 800 milyard dollar borcu var
18-11-2015, 21:16
Dağlıq Qarabağın işğalı nəticəsində Ermənistanın Azərbaycana vurduğu maddi zərər 800 milyard dolları ötüb.
Publika.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Elman Paşayev deyib.
Onun sözlərinə görə, Ermənistanın işğalı nəticəsində Azərbaycana dəyən zərərin qiymətləndirilməsi ölkəmizin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda mövqeyini xeyli gücləndirir: “Ermənistanın işğalı nəticəsində Azərbaycana dəyən ümumi maddi zərərin məbləği 818,88 milyard ABŞ dolları təşkil edir”.
Lakin maraqlı məsələ Ermənistanın bu zərəri ödəməsidir.
Milli Məclisin deputatı Asim Mollazadə Publika.az-a açıqlamasında deyib ki, zərərin ödənilməsi işi digər məsələlərlə paralel istiqamətdə aparılmalıdır: “Ermənistan hərbi cinayətlər və mülki əhalinin qətlə yetirilməsinə görə cavab verməlidir. Xüsusilə Xocalı soyqırımı beynəlxalq tribunalda həll olunmalıdır”.
Onun sözlərinə görə, terror cəzasız qalırsa, bunu törədənlər eyni əməlləri təkrar edirlər: “Biz ədalət tələb edirik. Bu məsələlərə görə beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın cavab verməsi təmin olunsa, o zaman zərərin də ödənməsi reallaşa bilər”.
Dövlətlərarası münasibətlərin hüquqi nizama salınması mərkəzinin direktoru, Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) “ad hoc” hakimi Dmitri Matveyev isə hesab edir ki, Azərbaycan dəymiş zərərin ödənilməsi məsələsini beynəlxalq məhkəmədə qaldıra bilər: “Bu və digər meyarlar üzrə hansısa oxşar işi xatırlamıram. Lakin yeganə yol beynəlxalq məhkəməyə müraciət etməkdən keçir. Müsbət qərarın olub-olmayacağı isə sonrakı prosedurdur”.