“Diqlas”ın yeri boş qalıb: Satıcılar yeni piştaxtalar qurublar - FOTOLAR

25-09-2019, 21:02           
“Diqlas”ın yeri boş qalıb: Satıcılar yeni piştaxtalar qurublar - FOTOLAR
Bu il martın 26-da Nizami rayonunda yerləşən 5 mərtəbəli “Diqlas” ticarət mərkəzinin binası artıq bir aya yaxındır ki, tamamilə sökülüb. Lakin hələ də ərazidə hər hansı bir tikinti aparılmır, yeraltı piyada keçidləri açılmayıb.

Ticarət mərkəzinin yerləşdiyi ərazi ilə bərabər, onun ətrafında fəaliyyət göstərən piştaxtaların da yeri boş qalıb. Boş qalan ərazi hasara alınıb. Ticarət mərkəzinin yerində nəyin inşa olunacağı isə bilinmir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən ticarət mərkəzinin binası söküldükdən sonra tikinti qalıqlarından təmizlənmiş ərazi avqustun 30-u aidiyyəti orqanlara təhvil verilib.

Ərazidə olduğumuz zaman müşahidə etdik ki, vaxtilə “Diqlas”ın ətrafında piştaxtalar qurub, ucuz geyim satanlar hazırda 8-ci kilometr bazarına gedən yolda, ticarət mərkəzinin yerləşdiyi ərazinin alındığı hasarın ətrafında piştaxta qurublar.

Söhbət etdiyimiz satıcılar bildirdilər ki, “Diqlas”ın satıcılarına dövlət tərəfindən yarım edilsə də, onlara heç bir maddi yardım edilməyib: “Bizim fəaliyyətimizin “Diqlas”a aidiyyəti yoxdur. Sadəcə olaraq yanğın baş verdiyi zaman od bizim də malların üstünə düşmüşdü. Piştaxtalarda əsasən Çindən gətirilən ayaqqabılar, geyimlər satılırdı. Od düşən kimi bütün piştaxtalar yanmışdı. Uzun müddət işsiz qalıb, evimizə çörək apara bilmədik. Yalnız ötən aydan etibarən borc-xərc tapıb, ərazidə balaca piştaxta qurub, ailəmizi dolandırmağa çalışırıq. Öyrəndik ki, ətraf ərazidə vaxtilə “Diqlas”da mağazası olan şəxslər də ticarətlə məşğuldurlar. Onlar hazırda geyim, ayaqqabı satırlar. Söylədilər ki, ticarət mərkəzinin yerində nəyin inşa olunacağı onlara da tam məlum deyil. Ancaq ümumi şayiə gəzir ki, ərazidə yenidən ticarət mərkəzi inşa olunacaq və işçilər geri çağırılacaq”.

Məlumat üçün qeyd edək ki, Yanğın nəticəsində zərər görən sahibkarlara İqtisadiyyat Nazirliyi tərəfindən müxtəlif yerlərdə, aylıq icarə haqqı ödəmədən obyektlərdə ticarətlə məşğul olma imkanı yaradılmışdı. İstəyən sahibkar bu imkandan yararlana bilirdi.

Zərər görən sahibkarlara dövlət tərəfindən maddi yardım edilib. Belə ki, mağaza, anbar icarəyə götürmüş və zərər çəkmiş sahibkara - 10000 manat, piştaxta və digər sahə icarəyə götürmüş və zərər çəkmiş sahibkara - 2000 manat vəsait ödənilib./musavat.com/















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.