İrandan riskli zərbə PLANI: Ciddi hadisələrə hazırlıq gedir

27-09-2019, 02:02           
İrandan riskli zərbə PLANI: Ciddi hadisələrə hazırlıq gedir
İran Səudiyyə Ərəbistanına yenə hücum etməyə hazırlaşır.

Bu haqda Yəmənli üsyançılar tərəfindən Amerika və Səudiyyə diplomatlarına məlumat çatdırılıb.

Yaxın zamanda hücumun baş verəcəyi bildirilir. Məlumata görə, Səudiyyə hakimiyyəti hadisədən əvvəl əsas infrastrukturun təhlükəsizlik səviyyəsini artırıb. Onlar ölkənin mülki hava limanlarına da yeni hücumların olunmasından qorxurlar.

Qeyd edək ki, sentyabrın 14-nə keçən gecə "Saudi Aramco”nun ən böyük iki emalı zavodu pilotsuz təyyarələrin hücumuna məruz qalıb. Hücumun məsuliyyətini Yəmənli üsyançılar öz üzərinə götürüb. Lakin ABŞ onların hücumuna şübhə edərək, İran hakimiyyətini günahlandırıb. Tehran isə bu ehtimalları rədd edir.

Yəməndə son illər Yəmənlə Səudiyyə Ərəbistanı arasında yaşanan münaqişəyə dair faktlar “Aramko” neft şirkətinin hücuma məruz qalması barəsində deyilənlərin heç də təsadüfi hal olmadığını göstərir. Yəni Səudiyyə Ərəbistanının neft obyektlərinin vurulması əvvəldən husi üsyançılarının planına daxil olub. 2015-ci ildə husi yaraqlılarının siyasi şurasının üzvü Deyfulla Şami “RİA Novosti” agentliyinə açıqlamasında Səudiyyə Ərəbistanına zərbələrin əsas variantlarından biri kimi Səudiyyə Ərəbistanının neft yataqlarına zərbə endiriləcəyini deyib: “Digər bir hədəf Səudiyyə Ərəbistanının neft yataqları ola bilər. Belə bir senari istər-istəməz neftin qiymətinin artmasına səbəb olacaq. Göründüyü kimi, Rusiya bunda birbaşa maraqlıdır. Ancaq Moskva, əksinə, heç bir halda Yəmənin müharibə meydanına çevrilməsinə, xüsusən də ərəblər və İran arasında böyük bir müharibənin başlamasına icazə verməməyə çağırıb”, -deyə adıçəkilən media qurumu bildirib.

Ona görə də “Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlu husilər tərəfindən növbəti dron və ya raket hücumunun baş verəcəyi barədə xəbərləri inandırıcı hesab edir.

Lakin ekspert bu məsələdə Rusiyadan daha çox İranın maraqlı olduğunu deyir:

“”Aramko” şirkətinə birinci hücum da məqsədyönlü şəkildə həyata keçirilmişdi. Həmin hadisələr Ankara Türkiyə, Rusiya, İran prezidentlərinin görüşərək mühüm mesajların verilməsi və qərarların qəbul edilməsi fonunda baş verdi. Üstəlik, Avropa ölkələri İran-Qərb münasibətlərinin normal məcraya yönəldilməsinə dair təkliflər səsləndirir. Eyni zamanda, Yaponiya vasitəçilik missiyasını təklif edir. Bütün bunların fonunda husilərin Səudiyyə Ərəbistanının neft sektoruna hücumu baş verir. İndi husilərin növbəti hücuma hazırlaşdığına dair məlumat Britaniya baş nazirinin iştirakı ilə Fransa İran prezidentlərinin görüşdüyü və bir vaxta təsadüf edir. Görünür, İranın öz daxilində bu proseslərin normal məcraya düşməsində maraqlı olmayan müəyyən qüvvələr var. Həmin qüvvələr radikal qruplaşmalara olan təsirlərindən istifadə etməklə vəziyyəti maksimum gərginləşdirməyə, hətta toqquşmalara qədər aparıb çıxartmağa çalışırlar. Neftin bahalaşmasında Rusiyanın iqtisadi maraqları ola bilər. Amma Rusiyanın husilərə təsir etmək gücü yoxdur. Bu, hadisələr İranın öz daxilində gedən proseslərdən qaynaqlanır. Rəsmi Tehranın dəstəklədiyi siyasi qruplaşmalar İranın siyasi elitasının müəyyən bir dairəsinin təsiri altındadır. Ona görə də həmin dairə prosesləri maraqları tələb edəndə fəallaşdırırlar. 2015-ci ildə belə bir bəyanat səslənsə də, bu hücumlar reallaşmadı. Çünki həmin dövrdə husilərlə bağlı konkret qərar yox idi. Amma indi çox güman ki, belə bir qərar var. Bütün bunlar isə İran üçün siyasi risklər yaradır. Bunlar isə yalnız xarici amillərlə deyil, həm də daxili faktorlarla bağlı məsələdir. Yəqin ki, İranda qarşıdan gələn seçkilərdə çox ciddi hadisələrin şahidi ola bilərik”. /Cebhe.info/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.