İranın gələcəyi müzakirədə: Güney nə qazanacaq? - GƏLİŞMƏ

30-09-2019, 09:27           
İranın gələcəyi müzakirədə: Güney nə qazanacaq? - GƏLİŞMƏ
Nyu Yorkda səfir Mark Valesin təşəbbüsü ilə “İranın gələcəyi” adlı forum başa çatıb.

Toplantıya İranda yaşayan milli azlıqların mühacir təşkilatları qatılıb. Forumda 1979-cu il İran İslam İnqilabı nəticəsində devrilən Pəhləvi xanədanının tərəfdarları da iştirak edib. Tədbirdən sonra isə müəyyən fikir ayrılıqları yaşanıb. Bəzi güneyli və quzeyli fəallar isə tədbirə dəvət olunmadıqlarına görə, narazı qalıb.

Maraqlıdır, bu toplantının Güney Azərbaycan üçün faydası nə olacaq?

“Onlar ideya ilə alver edənlərdir”

“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, narazılıq yaradanlar ideya üzərindən alver edənlərdir:

“Birincisi, orada hansısa fəalın iştirak etməməsi məsələsini boş vermək lazımdır. 30 milyon azərbaycanlının hamısı o tədbirə yığılmalı idi? Bəli, bəziləri, heç yerdə adı, sanı olmayan adamlar həmin tədbirə özlərini sırımağa çalışırlar. İstəyiblər ki, hansısa formada həmin tədbirdə iştirak etsin, fikirlərini səsləndirsin. Bu adamlar həmişəki kimi artıqdırlar, Azərbaycan Milli Hərəkatına aid deyillər. Onlar ideya ilə, azərbaycançılıqla alver edənlərdir. Amma ümumilikdə tədbiri Xalq Mücahidləri Təşkilatının liderliyi ilə Milli Müqavimət Hərəkatı təşkil edib. Bu təşkilatın qayəsi, illər uzunu irəli sürdüyü ideyalar bəllidir. Bu təşkilat indiki İran rejimindən yalnız şəxsiyyətləri ilə fərqlənir. Bunların ideoloji yapıları eynidir. Xalq Mücahidləri Təşkilatı və Milli Müqavimət Hərəkatı bir qədər qabağa gedərək İrandakı kürdlərə muxtariyyət veriləcəyini vəd edir. Məsələ ondan ibarətdir ki, İranın gələcəyi ilə bağlı alternativ axtarırlar. İraqda, Suriyada, Əfqanıstanda baş verən hadisələrdən sonra alternativlər axtarıldı, tapıldı və bunlar özünü doğrultmadı. İran isə Suriya, İraq və Əfqanıstandan fərqli olaraq başqa bir dövlətdir. Burada çoxlu ziddiyyətli məqamlar var. İran bölgənin oyunçu ölkəsidir. Bunun gələcəyi necə ola bilər və Azərbaycan türklərinin taleyi perspektivdə necə həll olunmalıdır? İzlədiyimiz çıxışlardan bəlli oldu ki, milli fəallar həmin tədbirdə İranın ərazi bütövlüyü və digər məsələlərin Azərbaycan türklərinin hədəfini bəlli etmədiyini bildiriblər. Başqa sözlə bu məsələdə Xalq Mücahidləri Təşkilatları önə çıxaraq özlərini İranda alternativ siyasi qüvvə kimi göstərməyə çalışıb. Amma onların bu istəyi fiaskoya uğrayıb. O ki qaldı, tədbirdə Azərbaycan Milli Hərəkatını təmsil edən şəxslərin çıxışlarına, onlar açıq şəkildə hərəkatın istəklərini ABŞ-ın rəsmi və qeyri-rəsmi təşkilatının diqqətinə çatdırıb”.

Bəs bu toplantının Azərbaycan Milli Hərəkatına hansı faydası olacaq? Sədrəddin Soltan vurğulayıb ki, sözügedən tədbirdə bir sıra uğurlar əldə olunub:

“Məsələ ondan ibarətdir ki, dünya Azərbaycan türkünün istəyini, hədəfini bildi. Güney perspektivdə İranda başlayacaq istənilən islahat və digər adda oyuncaq proseslərdə iştirak etməyəcəyini bəyan etdi. İran mərkəzli fars düşüncəli oyunlarının Azərbaycan türkünün maraqlarına uyğun olmayacaq. Bu məsələnin başqa önəmli tərəfi isə Güney Azərbaycan və dünya azərbaycanlılarının İrandakı kökü məsələsi ortaya çıxdı. Dünyaya bəlli oldu ki, İranda Güney Azərbaycan deyilən ərazi var və türklərin milli maraqlarının təmin olunması istiqamətində fəaliyyət göstərən çoxlu sayda hərəkat və təşkilat mövcuddur. Bu tədbirdə uğur bundan ibarətdir. Sübut edildi ki, Xalq Mücahidləri Təşkilatının, şahçıların və digərlərinin özünü alternativ göstərməsi Azərbaycan türklərinin milli hərəkatı üçün maraqlı deyil. Azərbaycan Milli Hərəkatı bütövlükdə nə Xalq Mücahidlərini Təşkilatını və onun rəhbərlik etdiyi Milli Şuranın hədəflərini, nə də ki şahçıların perspektivdə yenidən İrana ağalıq edəcəyi ideyasını qəbul etdi. Azərbaycan türklərinin və onu təmsil edən təşkilatların hədəfi Güneyin milli maraqlarının, haqlarının təmin edilməsidir. Bu məsələ də həmin toplantıda iştirak edənlərin diqqətinə çatdırıldı”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.