Fuad Qəhrəmanlı olayı böyüyür - yeni gəlişmələr

2-10-2019, 09:05           
Fuad Qəhrəmanlı olayı böyüyür - yeni gəlişmələr
Arzuman Abdulkərimov: “AXCP-nin qadın məsələləri üzrə konsepsiyasını Fuad Qəhrəmanlı yazıb, ona görə də mən onu ictimai qınağa gətirmişəm”
AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlı həbs təhlükəsi ilə üz-üzədir. Jurnalistlərə açıqlamasında Baş Prokuror Zakir Qaralov deyib ki, AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlı barəsində qeyri-hökumət təşkilatlarının Baş Prokurorluğa müraciəti baxılma ərəfəsindədir. Baş Prokurorun sözlərinə görə, qadın və uşaq hüquqlarını müdafiə edən qeyri-hökumət təşkilatları Baş prokurorluğa Fuad Qəhrəmanlının öz ailə üzvlərinə qarşı törətdiyi iztirablar, işgəncələr, ağır xəsarətlər yetirməsi ilə bağlı onun cinayət məsuliyyətinə cəlb edilməsinə dair müraciət ediblər: “Həmin müraciət hazırda Baş Prokurorluqda baxılma ərəfəsindədir. Sözsüz ki, ilk növbədə zərərçəkənlərin rəsmi mövqeyini öyrənməliyik. Həm həyat yoldaşının, həm də azyaşlı qızının rəsmi mövqeyini öyrənəndən sonra qanun çərçivəsində qərar qəbul olunacaq”.

Z.Qaralov qeyd edib ki, bu gün özünü müxalifət adlandıran, vətəndaşların hüquqlarının müdafiəsi üzrə özlərini daim cəmiyyətə təqdim edənlər öz ailələrində bu cür qanunsuz və vəhşi hərəkətlər etdiklərinə görə cəza almalıdırlar: “Bizdə olan məlumata görə, həmin partiyanın rəhbərinin də bundan xəbəri olub. Təəssüflər olsun ki, onlar da vaxtında tədbir görməyiblər və heç bir məlumat verməyiblər”.

Məlumat üçün bildirək ki, ötən günlərdə Azərbaycanda fəaliyyət göstərən bir neçə qadın, uşaq və ailə təşkilatı da AXCP Fuad Qəhrəmanlı və övladı Selcanla bağlı bəyanat yaydılar. Bəyanatın sonunda aşağıdakılar qeyd olunmuşdu:

“Biz ailə, qadın və uşaq problemləri üzrə qeyri-hökumət təşkilatları kimi öz vətəndaş mövqeyimizi çəkinmədən bildirərək, aidiyyəti dövlət qurumundan bu məsələni nəzarətə götürməklə ailəyə müvafiq hüquqi yardım göstərilməsini, eləcə də hüquq-mühafizə orqanlarından isə aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan Selcan Yağmuru və anası Zümrüd Yağmuru mütəmadi olaraq fiziki və psixi iztirablara məruz qoymaqla onlara əzab vermiş Fuad Qəhrəmanlı adlı şəxsə qarşı ən ciddi cəza tədbirlərinin görülməsini tələb edirik!”

“Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov da Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmura və qızı Selcan Yağmura qarşı tətbiq etdiyi fiziki zorakılıq faktı ilə bağlı ombudsmana, baş prokurora və daxili işlər nazirinə müraciət ünvanlayıb. Müraciətdə bildirilir ki, AXCP-nin sabiq sədr müavini, partiyanın Rəyasət Heyətinin və Ali Məclisinin üzvü Fuad Qəhrəmanlı qızı və ailə üzvlərini davamlı olaraq məişət zorakılığına məruz qoyub.

Təşkilat sədri müraciətində qeyd edib ki, Fuad Qəhrəmanlının qızı Selcan Qəhrəmanlı (Yağmur) öz açıqlamasında atası tərəfindən ona və anası - Zümrüd Yağmura qarşı fiziki və psixoloji zorakılığın uzun illər boyu davam etməsini və bundan hətta partiya sədri Əli Kərimlinin məlumatlı olmasını da qeyd edib.

Bütün bunların fonunda F.Qəhrəmanlı oktyabrın 1-də sosial şəbəkədə status yazıb.

F.Qəhrəmanlı onu guya zorakılığa görə cəzalandırmaq istədiklərini bildirib: “Media və dostlar məndən təkidlə açıqlama istəyirlər. Bunu nəzərə alaraq, qısaca bildirirəm ki, indiyə qədər məni ittiham edən tərəflə bağlı keçmişi nəzərə alıb, heç bir mənfi fikir deməmişəm və bundan sonra da deməyəcəyəm. Xahiş edirəm, kimsə də deməsin. Ancaq zorakılıqla bağlı deyilənlər əsassızdır və detallara varmağı özümə sığışdırmıram. İndi aydın oldu ki, bu hadisədən istifadə edib, üstümə gəlib, istefamı tələb edənlərə komanda haradan verilibmiş. Cəmiyyətin mənə dəstəyini görüb, məyus oldular və son çarə kimi indi də bu yolla işlərini başa çatdırmağa çalışırlar. Kütləvi psixoza düşüb, oyuna gətirilənlər indi anladılarmı ki, mənim istefam kimə lazımıymış?”

Bəs dövlət qurumlarına müraciət edənlər öz şikayətlərini geri götürəcəklər?

“Yeni Müsavat”a danışan Arzuman Abdulkərimov bildirib: “Xahiş etmişəm ki, güc nazirləri və insan haqları üzrə vəkillər bu məsələni araşdırsınlar. Ona görə ki, Fuad Qəhrəmanlı ictimai şəxsdir və Azərbaycanda hakimiyyətə iddialı olan partiyanın sədr müavini idi. Oranın idarə heyətinin və Ali Məclisinin üzvüdür. Hələlik mənə güc nazirliklərindən heç bir müraciət olmayıb ki, belə bir şikayət etmisiniz. Ona görə də bu günlərdə hər hansı bir fikir bildirə bilmərəm. Gözləyirdim ki, güc nazirlikləri məni çağırıb, şifahi fikrimi də alacaqlar. Ancaq hələ ki, onlar bu məsələyə nə rəsmi, nə də qeyri-rəsmi münasibət bildirməyiblər. Rəsmi cavablarımı alıb, ondan sonra hansı addımı atacağımı düşünürəm. Onu da deyim ki, mən heç kimin həbs olunmağını istəmirəm və bu istiqamətdə heç də hansısa cəhdləri etmirəm. Bu məsələni ona görə qaldırmışam ki, Fuad Qəhrəmanlı ictimai şəxsdir və eyni zamanda həmişə ailə dəyərlərini, qadın haqlarını cəmiyyətin önündə müdafiə edən adamdır. Bildiyim qədər AXCP-nin də qadın məsələləri üzrə konsepsiyasını Fuad Qəhrəmanlı yazıb. Ona görə də mən onu ictimai qınağa gətirmişəm”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.