“Ələmutdan Quma – İranın 1000 illik dəyişilməyən terror strategiyası” – II yazı

19-12-2019, 10:41           
“Ələmutdan Quma – İranın 1000 illik dəyişilməyən terror strategiyası” – II yazı
(Əvvəli: https://ovqat.com/manset/35082-lmutdan-quma-rann-1000-illik-dyiilmyn-terror-strategiyas.html)

Ərəb Xilafəti dövründə vergilər – Xaşxaşiliyi şərtləndirən əsas səbəb

“Ələmutdan Quma – İranın 1000 illik dəyişilməyən terror strategiyası” sərlövhəli yazımızın ilk bölümündə İranın tarixən terror vətəni olmasından bəhs edərkən, bunun obyektiv səbəbi olduğu vurğulamış və bildirmişdik ki, İslam xilafəti adı altında bu coğrafiyada yürüdülən müstəmləkə siyasəti sosial narazılığı artırmış, nəticədə nizami ərəb ordularına qarşı asimmetrik mübarizənin əsası qoyulmuş. Əməvi hakimiyyəti illərində İran əsilli döyüşçülərin birbaşa iştirakı ilə devrilən xilafətin yerində qurulmuş Abbasilər də eyni siyasəti davam etdirincə, yerli xalqlar yaxşı xəlifə axtarışlarının mənasız olduğunu anlamış və çarəni Xürrəmilər qiyamı kimi milli azadlıq hərəkatında görmüşlər.

Tarixi sənədlər Xürrəmilər hərəkatının hələ 755-ci ildə Sunbad üsyanı ilə başladığını bildirirlər ki, bu da Abbasilərin ilk quruluş illərinə təsadüf edir. Ən ciddi dirənişlər isə Sunbad üsyanından 23 il sonra baş vermişdir. Beləcə 778-ci ildən 838-ci ilə qədər müxtəlif aralıqlarla davam edən Xürrəmi dirənişi qanla basdırılmış və xilafət donuna girən ərəb istilalarına qarşı mübarizə yeni mərhələyə qədəm qoymuşdur. Bu mərhələ isə yerli və xarici güclərə qarşı sui-qəsdlər, indiki terminlə desək, terror mərhələsi idi.



13-cü əsr salnaməçisi Həmdullah Qəzvini kimi bəzi tarixçilərin iddialarına görə, İsmaililik təriqətinin dirəniş qalası olan Ələmut qalası 840-cı ildə, başqa salnaməçilərin bildirdiyinə görə isə 859-cu ildə qurulmuşdur. Hər iki tarix Babək üsyanlarının qanla yatırıldığı illərə təsadüf etsə də, Ələmut qalasının ciddi dirəniş mərkəzinə çevrilməsi Nizari İsmaililərinin ilk hökmdarı Həsən ibn əs-Sabbahın hakimiyyəti dövrünə düşür (1090-1124). 11-ci əsrin sonunda əsl terror yuvası kimi ortaya çıxan Nizari dövləti Abbasilər xilafətini, istərsə də Sulcuqlular dövlətini zəiflətsə də, İran coğrafiyasında ifrat istismarın qarşısını ala bilməmişdi. 1256-cı ildə Cingiz xanın nəvəsi Hülaki xanın qarşısında duruş gətirə bilməyən Xaşxaşi terrorizmi uzun əsrlər boyu öz dərin qatlarına çəkilmişdi. Bu dərin qata çəkilmənin başlıca səbəblərindən biri də İrana hakim olan türk xaqanlıqlarının müasir terminlərlə desək, multikultural yanaşmaları olmuşdur. Nə yazıq ki, türklərin fars mədəniyyətinə bu alicənab münasibəti neo-sasaniçilər tərəfindən sui-istifadə edilmiş və bu xüsusilə islam donuna bürünmüş indiki rejimin yürütdüyü siyasətdə özünü göstərməkdədir. Mövzumuzdan kənarlaşmamaq xətrinə bu barədə mülahizələrimizi başqa yazılarımıza buraxaraq, indi sadəcə İran Xaşxaşilərini meydana çıxaran istismar sisteminə nəzər salmağı məsləhət bilirik.

Ötən yazımızda da qeyd etdiyimiz kimi, İran coğrafiyasında ərəb istilaçılığına qarşı asimmetrik mübarizəni körükləyən başlıca səbəblərdən biri 2-ci islam xəlifəsi Ömər bin Xəttab tərəfindən əsası qoyulan vergi siyasəti idi. Azərbaycan Vergilər Nazirliyinin Tədris Mərkəzinin hazırladığı “Ərəb xilafəti dövründə vergilər” sərlövhəli məqalə, zənnimizcə, bu iddialarımıza kifayət qədər işıq tutur. Məqaləni olduğu kimi diqqətinizə çatdırmamışdan əvvəl onu qeyd etmək istərdik ki, yazıda sadəcə Azərbaycandan söhbət getsə də, haqqında bəhs edilən tarixdə bizim yaşadığımız coğrafiya da Sasanilər imperiyasının tərkibində idi. Deməli, məqalədə söhbət həm də İrandan gedir.

İndisə Xaşxaşiliyi doğuran ərəb xilafətinin vergi sistemi barədə Azərbaycan Vergilər Nazirliyinin hazırladığı rəsmi məqalə ilə tanış olun:



http://tedris.taxes.gov.az/assets/upload/files/Vergi%20Muzeyi/qedim%20ve%20orta%20esrler/arab%20xilafati.htm

VII əsrin birinci yarısında Ərəbistan yarımadasında güclü bir feodal dövləti – Xilafət meydana gəldi. 633-651-ci illərdə Azərbaycan Xilafətə birləşdirildi.

Yerli feodal cəmiyyəti üzərində hakim mövqe tutan Xilafət üsul-idarəsi VIII əsrdə ərəblərin işğalı dairəsinə düşmüş bütün becərilən torpaqları müsəlman icmasının mülkiyyəti elan etdi. Bu torpaqlar, əsasən, öz rəiyyətlərinə qarşı münasibətdə bütün hüquq və imtiyazlarını qorumuş əvvəlki sahiblərinin ixtiyarında saxlanılır, ərəblər isə bu sahibkarların müsəlman icması xəzinəsinə (beytülmala) boyun olduqları vergilərlə kifayətlənirdilər. Əsasən, silah gücünə ələ keçirilmiş şimallı-cənublu Azərbaycanın tabe edilmiş əhalisi ilə qarşılıqlı münasibətlər işğalçılarla yerli əhali arasında bağlanmış müqavilələrlə tənzimlənirdi. Hər bir belə müqavilə, başqa şərtlərlə yanaşı, birdəfəlik və illik vergilərin ödənilməsi təəhhüdü haqqında maddəni də nəzərdə tutur, yerli əhaliyə məxsus torpaqları onun ixtiyarında saxlayırdı.

Zimmi, yəni başqa dinə mənsub yerli adam statusunu qazanmış bu sahibkarlar müsəlman icmasının himayəsində qalır, torpaq vergisi – xəracla yanaşı, qeyri-müsəlmanların verdiyi can vergisi – cizyəni də ödəyirdilər. Müsəlman qanunvericiliyinə – şəriətə görə, cizyə hər il ancaq kişilərdən, özü də onların sənət və ya ticarətdən əldə etdikləri qazancdan asılı olaraq alınırdı. Varlılar 48, ortabablar 24, yoxsullar isə 12 dirhəm ödəyirdilər. Əgər can vergisi – cizyə ancaq qeyri-müsəlmanlardan alınırdısa, torpaq vergisi – xərac həm müsəlmanlardan, həm də başqa dinlərə etiqad edənlərdən alınırdı, ancaq qeyrimüsəlmanlar bu vergini ikiqat həcmdə ödəyirdilər.

Xəlifə Hişam dövründə (724-743) ərəblərin Azərbaycan və Arrandakı vergi siyasəti köklü dəyişikliyə məruz qaldı: buradakı Əməvi hakimləri cizyəni xəzinəyə böyük gəlir gətirən vergilərdən biri kimi fərqləndirməyə başladılar. 725-726-cı ildə Hişamın sərəncamına görə, Azərbaycanda əhali, torpaq, mal-qara və hər cür başqa əmlakın yeni siyahıyaalınması keçirildi. Bu məqsədlə o, öz sərkərdəsi Haris İbn Əmri Arrana göndərdi.

Moisey Kalankatlının (alban tarixçi – Ovqat.com) məlumatına görə, ağır vergi qoyulmasına səbəb olan bu yeni siyahıyaalma əhalinin vəziyyətini daha da ağırlaşdırdı. Bu siyahıyaalmadan sonra tətbiq edilən yeni vergi sistemi vergi verən əhali ilə yanaşı, rahiblərdən də vergi alınmasını nəzərdə tuturdu. Əhalinin üzərinə sənətkarlığa, kəbinə görə yeni əlavə vergilər qoyuldu. Ölkənin cənubunda xəlifə II Ömər zamanı ləğv edilmiş əvvəlki Sasani vergiləri - “Novruz və Mihrican hədiyyələri” bərpa edildi. Belə vergi sistemi təkcə yoxsulları deyil, hətta bir çox əyan və varlıları da səfalətə düçar etdi. Əgər Əməvilər dövründə natura ilə ödənc vergilərin mühüm hissəsini təşkil edirdisə, Abbasilər dövründə vergilərin ancaq bir hissəsi natura ilə ödənilirdi.



Özü də bu natura içərisində zinət əşyaları və ərəblərdə az tapılan mallar üstünlük təşkil edirdi. Bu sistem II Abbasi xəlifəsi əl-Mənsurun dövründə (754-775) xüsusən geniş tətbiq edilməyə başlanmışdı. Onun dövründə misahə adlanan xərac, əkilib-əkilməməsindən asılı olmayaraq, torpaq sahəsinə görə pulla, yəni hələ Ömər ibn əl-Xəttabın qoyduğu qaydalar üzrə alınırdı.

Əl-Mənsurun varisi xəlifə əl-Mehdinin dövründə (775-785) onun sərəncamına görə xəracalma sistemi dəyişildi. Misahə xəracı – torpağın sahəsinə görə alınan vergi əvəzinə müqasəmə xəracı – məhsula görə alınan vergi qoyuldu; özü də suvarılan torpaqlardan məhsulun yarısı, dəliyə və kirbə ilə suvarılan torpaqlardan məhsulun 1/3-i, duləblə- suvarılan torpaqlardan məhsulun 1/4-i alınırdı. Lakin əl-Mehdinin dövründə meyvə ağaclarına, zeytun və üzüm bağlarına xərac qoyuldu.

Torpaq vergisi və can vergisindən əlavə aşağıdakı vergilər alınırdı: xüms – mülkiyyətdən və əmlakdan alınan, gəlirin 1/5-i bərabər olan vergi; zəkat – yoxsulların xeyrinə varlı müsəlmanların əmlakından tutulan vergi; zəkat əl-fitr – orucluğun başa çatması münasibətilə verilən pay – fitrə; sədəqə – yoxsullara verilən ianə; uşr – məhsulun 1/10-nə bərabər vergi.

Xüms – pul və ya natura şəklində dinc yolla ələ keçirilmiş əmlakdan, əməkhaqqından, mədən və dəfinələrdən, kafir və ya zimminin müsəlmandan satın aldığı torpaqdan, əsirlər də daxil olmaqla hərbi qənimətlərdən alınırdı. Dəyəri ailənin illik xərcindən artıq olan əmlak satın alındıqda və ya müxtəlif peşə sahiblərinin gəlirləri illik məxaricdən çox olanda xüms ödənilməli idi.



Zəkat – ildə bir dəfə alınırdı; bu vergi dənli bitkilər (düyü və lobyadan başqa), giləmeyvələr, daş-qaş və ev heyvanları üzərinə qoyulurdu. Buğda və arpadan zəkat məhsul yetişəndən sonra alınır, üzüm üçün isə qora dövründə müəyyənləşdirilirdi.

Zəkat əlfitrə – ildə bir dəfə, orucluq ayının başa çatması münasibətilə varlı müsəlman ailəsinin yetkinlik yaşına çatmış hər bir üzvünə görə ödənilirdi. Fitrə məhsul və ya pulla ödənilə bilərdi. Onun qədəri 3 kq buğdaya, arpaya və ya çəltiyə, xurmaya, kişmişə, qarğıdalıya və başqa məhsullara bərabər idi.

Uşr – hər il əkinçilik, heyvandarlıq, balıqçılıq məhsullarından satış üçün nəzərdə tutulan və qiyməti 200 dirhəmdən artıq olan başqa məhsullardan natura ilə alınan onda bir vergisi idi.

Şirvanda (Bakıda) bunlardan başqa, neft və duz mənbələri üzərinə də vergi qoyulmuşdu. Bütün bunlar isə xilafətə qarşı mübarizə meyillərinin güclənməsinə səbəb olurdu. Belə bir şəraitdə Azərbaycanda Sacilər (889-942-ci illər) dövləti meydana gəldi. Bu dövlət 912-ci ilə qədər hər il xilafətin xəzinəsinə 120 min dinar xərac verirdi. 912-ci ildə Saci hökmdarı Yusif xilafətə xərac verməkdən imtina etdi və Azərbaycanın vilayətlərindən toplanan vergilər Sacilərin xəzinəsinə daxil olmağa başladı. Ümumilikdə Azərbaycandan toplanan xəracın məbləği o dövr üçün 500 min dinar təşkil edirdi (1 dinar = 15 dirhəm).”

Vergilər Nazirliyinin bu məqaləsindən də göründüyü kimi, ərəb xilafətinin İran coğrafiyasına gətirdiyi vergilər sistemi o qədər ağır idi ki, sosial narazlıqlara yol açmaya bilməzdi. Sosial narazılıqlar isə yadelli zülmə qarşı mübarizəni tətikləyirdi. Xüsusilə itirməyə heç nəyi qalmamış yoxsulların ərəb zülmünə qarşı dirənişdən başqa yolu qalmamışdı. Yeri feodallar da getdikcə yoxsullaşdığından həmin təşəbbüsləri gizli şəkildə dəstəkləyir və bütün bunlar ümumxalq mübarizəsinə çevrilirdi.

İran xalqının Həzrət Əli tərəfdarına çevrilməsinin də kökündə yatan başlıca səbəb 2-ci xəlifə Ömər bin Xəttabın gətirdiyi vergilər sisteminə və silkləşməyə nifrətdən doğurdu. Yeri gəlmişkən, qeyd edək ki, xəlifə Ömər bin Xəttabın silklərə bölmə siyasəti təkcə İran kimi qeyri-ərəb ölkələrinə tətbiq olunmurdu. İslamiyyətin ilk illərində müsəlmanlığı qəbul edən səhabələr belə, iki silkə bölünmüşdü – mühacirlər və ənsarlar. Məkkəli olan mühacirlər ən ali silk, mədinəli olan ənsarlar isə ikinci dərəcəli müsəlmanlar idi. Ərəbistan coğrafiyasından kənarda qalan ərəblərin yaşadıqları yer məhz bu səbəbdən İraq adlandırılmış və 3-cü növ müsəlman sayılırdılar. Ərəb dünyasından kənarda qalanlar isə əcəmlərdi. Əcəmlərin islamı qəbul edilməsi belə nəzərə alınmır, onlardan zimmət vergisi alınırdı. Ömər bin Xəttab da məhz bu səbəbdən bir əcəm tərəfindən qətlə yetirilmişdi.



Ömər bin Xəttabın dövründə hətta müsəlman hesab olunan ərəblərdən də silklərə görə fərqli vergi alınır və onlara eyni xidmət qarşılığında fərqli maaşlar ödənirdi. Təbii ki, bu qiymətləndirmədə mühacirlər ən şanslı müsəlmanlar hesab olunurdular.

Əcəmlər və iraqlılar tərəfindən Həzrət Əlinin sevilməsinə gəlincə, onun xəlifəliyi dövründə bu ədalətsiz silkləşməyə son verilmiş, sahəyə görə vergidən məhsula görə vergiyə (müqasəmə) keçilmişdi. Bu da Həzrət Əlinin əcəm ölkəsində ədalətli xəlifə, imam kimi sevilməsinə yol açmış və sonradan onların şiələşməsini şərtləndirmişdi.

Heydər Oğuz

Ovqat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.